Olimpiya oyunlarını niyə izləyə bilmirik? TƏRS BAXIŞ+AKTUAL
Yaxud, İdman TV-nin problemi nədədir?
Sirr deyil ki, fərqli saat qurşağı səbəbindən Tokioda keçirilən Olimpiya oyunları Azərbaycanın idmansevər auditoriyası üçün narahat vaxtlara təsadüf edir. Belə ki, milli atletlərimizin çıxışlarını izləmək üçün erkən saatlarda - 04:30-06:00 radələrində yuxudan oyanmaq ehtiyacı yaranır. Necə deyərlər, təki idmançılarımız qalib olsunlar, bir müddət yuxuya “haram” da qatmaq olar. Amma...
Amma məsələ ondadır ki, həvəslə, pərəstiş ruhu ilə göstərilən saatlarda yuxudan oyanarkən, həmin ruhumuzu dərhal “öldürən” arzuolunmaz amillər meydana çıxır. İdman TV – Olimpiadanı yayımlamaq hüququ olan yeganə kanalımız azərbaycanlı idmançıların yarışlarını nədənsə efirə vermir (?!). Təəssüf ki, bu gün də eyni halla rastlaşdıq...
Azərbaycanlı idman pərəstişkarları sosial şəbəkələrdəki təəssüratlarını bölüşərkən, həm də Rusiyanın “Matç!” və Türkiyənin TRT Spor kanallarına minnətdarlıqlarını bildirirlər, İdman TV-yə isə...
Əvvəlcə yerli idman kanalı Azərbaycanın qılıncoynatma təmsilçisi Anna Baştanın amerikalı Enn-Elizabet Stoun üzərində qazandığı 15:9 hesablı füsunkar qələbəsini göstərmədi. Ardınca isə yuxularına “haram” qatan idman pərəstişkarlarımız taekvandoçu Fəridə Əzizovanın, daha sonra isə dzüdo yarışı üzrə əsas ümidimiz olan Rüstəm Orucovun rəqabətini nümayiş etdirmədi. Hansı ki, o da Rusiyalı dzüdoçu Musa Moquşkova qalib gəldi.
Halbuki, sözügedən hər üç yarış həm Rusiya, həm də Türkiyə TV-lərində yayımlanırdı. Nəticədə, azərbaycanlı idman pərəstişkarları sosial şəbəkələrdəki təəssüratlarını bölüşərkən, həm də Rusiyanın “Matç!” və Türkiyənin TRT Spor kanallarına minnətdarlıqlarını bildirirlər. Eyni zamanda, həmin minnətdarlıqları ilə yanaşı, İdman TV-ni hədəfə alaraq, həm də haqlı olaraq (!) sərt iradlarını, tənqidlərini qeyd edirlər. Misal üçün, artıq belə bir sual yaranır: İdman TV qəsdənmi Azərbaycanın medal ümidlərini doğrultmağa gedən idmançılarının yarışlarını nümayiş etdirmir? İdman TV-nin milli olimpiyaçılarımızın rəqabətlərini yayımlamamasında marağı nədir?
İdman TV məğlubiyyətləri göstərir, qalibiyyətlərdən isə yan keçir (?!)
Əslində, bu da ilk hal deyil. Göstərilənlərə misal olaraq digər faktları da irəli sürə bilərik. Məsələn, Tokio Olimpiadasının ilk start günü İdman TV iki boks yarışını göstərdi – Tayfur Əliyev və Lorenso Stomayor məğlub oldular. Ancaq bu məğlubiyyətlərin ardınca Məhəmməd Abdullayevin qalibiyyətlə başa çatan döyüşünü İdman TV nümayiş etdirmədi (?!). Yenə də eyni sual: bu məsələdə kimlərin, necə və nə üçün maraqları var? Yaxud, buna təsadüf demək nə qədər doğru olardı?
Məlumdur ki, Tokio Olimpiadasında bu dəfə az sayda azərbaycanlı idmançılar çıxış edirlər – cəmi 44 nəfər. Bu baxımdan, olimpiaçılarımızın çıxışlarının hər birini yayımlamaq İdman TV üçün, ümumiyyətlə, problem yaratmamalıdır. O cümlədən, Azərbaycan televiziyasının bu məsələdə kifayət qədər səriştəsi var – hazırkı dövrə qədər keçirilən çoxsaylı Dünya və Avropa çempionatları, Avropa Oyunları, Formula 1 yarışları, digər nəhəng xarakterli idman tədbirləri və s.
Bu gün isə təəssüf ki, həmin peşəkarlıqdan əsər-əlamət belə görünmür. Yəni belə bir həssas idman təbliğatı üçün peşəkar yanaşma lazımdır, etinasızlıq deyil!
Çünki azərbaycanlı idmansevərlərin olimpiyaçılarımıza azarkeşlik etmələrinin qarşısını bu kimi yollarla almağın özü heç bir çərçivəyə sığmayan məsələdir. Bu baxımdan, İdman TV-nin mövcud vəziyyətdəki yayım reallığını, gördüyü işini, yəni milli olimpiyaçılarımızın yarışlarını nümayiş etdirməməsi faktını uğursuzluq kimi qiymətləndirmək tam yerinə düşərdi!
Rövşən RƏSULOV