Müəyyən edilmişdir ki, yonca Orta Asiya və Cənubi Qafqaz respublikalarında bizim eradan 5 min il əvvəl becərilmiş və heyvandarlıqda yem kimi istifadə olunmuşdur. İribuynuzlu mal-qara üçün yem olaraq istifadə olunan yonca qədim Midiya ordusunun işğal etdiyi ərazilərdən dünyaya yayılıb. Genetiklər onun 50-yə qədər növünü əldə ediblər. Göy bənövşəyi çiçəkləri dekorativ məqsədlərlə də istifadə olunur. Yazdan payıza qədər çiçəkləyən yonca nektarla olduqca zəngindir.
Tibbi mənbələrə istinadla xəbər verir ki, yoncanın iltihabəleyhinə, spazmolitik, diuretik, antimikrob və antioksidant təsirləri var. Tərkibində bol miqdarda B6 vitamini olduğuna görə orqanizmə zülalların sorulmasını sürətləndirir və ona görə də idmançılar ondan daha çox istifadə edirlər. Zəngin zülal, vitamin və mineral tərkibi sayəsində yonca dərini qidalandırır, möhkəmləndirir, yaşlanmanın qarşısını alır, günəşin zərərli şüalarına qarşı dəri müqavimətini artırır. Ondan kosmetologiyada da geniş istifadə olunur. Yoncanın heç bir toksik təsiri aşkar edilməyib. Lakin vərəm və autoimmun xəstəlikləri kəskinləşdirdiyindən həmin xəstəliklər və hamiləlik zamanı ondan istifadə etmək məsləhət görülmür
Ölkədə heyvandarlığın, quşçuluğun və arıçılığın inkişaf etdirilməsi, mal-qara, quş və arıçılıq məhsullarının artırılması, məhsulun keyfiyyətinin yaxşılaşdırılması və onun maya dəyərinin aşağı salınmasında əsas məsələlərdən biri qiymətli yem bazasının yaradılması ilə yanaşı arıların dəyərli nektarlarla təmin edilməsidir. Arıların qiymətli yem və dərman bitkiləri ilə qidalanması, yüksək keyfiyyətli bal və arıcılıq məhsullarının alınması deməkdir.
Respublikanın şəxsi və fermer təsərrüfatlarında heyvanlar üçün yem bazasının əsasını yabanı yemlər (quru ot, küləş) və qüvvəli yemlər təşkil edir. Yem paylarının tərkibində yabanı yemlərin xüsusi çəkisi 80-85%-dir, qalan 15-20%-i qüvvəli yemlər təşkil edir. Yabanı yem bitkilərinin əsasını isə paxlalılar təşkil edir. Muxtar respublikada Paxlalıkimilər-Fabaceae Lindl. fəsiləsinin təssərrüfatda geniş istifadə olunan nümayəndələri isə Trifolium L.-Yonca cinsinə aid olan növlərdir. Trifolium L.-Yonca qədimdən becərilən çoxillik paxlalı yem bitkisidir. O həm tibbdə istifadə olunan dərman bitkisi, həm də yüksək keyfiyyətli bal bitkisidir.
Müəyyən edilmişdir ki, yonca Orta Asiya və Cənubi Qafqaz respublikalarında bizim eradan 5 min il əvvəl becərilmiş və heyvandarlıqda yem kimi istifadə olunmuşdur.
Trifolium L.-Yonca cinsinə aid növlər bir və ya çoxillik bitkilər olub, yarpaqları üçlü, yarpaqaltlıqlı və saplaqlıdır. Kasacıq zəng və ya boruşəkilli, 5 dişcikli və çox damarlıdır. Tac adətən solarkən qalan, az-çox dərəcədə dırnaqcıqda birləşən 4 aşağı ləçəklidir. Çiçək qrupu əsasən başcıq olub, ayaqcıqlıdır. Yumurtalıq oturaq və ya ayaqcıqlıdır. Paxlası oval və ya uzunsov-xətti, 1-4 toxumludur. Qiymətli yem və balverən bitkilərdir. Cinsin Azərbaycanda 23 növü, Naxçıvan MR-də isə 9 növü yayılıbdır.
Arılar daha çox Trifolium arvense L.- Qumlaq yoncası, Trifolium pratense L.-Çəmən yoncası və Trifolium trichocephalum Bieb.-Başıtüklü yonca növlərinin nektarından qida məqsədi üçün istifadə edirlər.
Yetişməkdə olan yonca çiçəklənmə dövrü, yetişdiyi bölgənin iqlim şəraitinə görə fərqlili xüsusiyyətlərə malik olur. Mülayim iqlimin hökm sürdüyü bölgələrdə aprel ayından sentyabr ayına qədər çiçəklənmə dövrü hesab olunur. Çiçəkləmə müddəti uzun olduğu ücün arılar ondan uzun müddət istifadə edirlər. Bu bitki eyni zamanda arılar üçün əhəmiyyətli bir nektar mənbəyidir. Pətəkdən yeni alınan bal cox zaman rəngsiz və ya çox açıq sarı rəngdə olur. Pətəkdən alındıqdan bir müddət sonra isə kristallaşır və tünd krem rəngi alır. Yonca balının qeyri- adi dadı və olduqca gözəl ozunəməxsus iyi var. Bir hektar yonca əkilmiş tarladan 300 kq bal almaq olar.
Azərbaycanın bütün bölgələri üzrə 386 min hektar sahədə yonca bitkisi becərilir. Kənd təsərrüfatı bitkiləri üçün ən yaxşı sələf sayılan yonca aqrotexnika qaydaları əsasında becərildikdə yüksək keyfiyyətli yaşıl kütlə və quru ot məhsulu alınır, heyvandarlığın, quşçuluğun və arıçılığın inkişafında yem bazası möhkəmlənir, torpağın münbitlik səviyyəsi daha da yaxşılaşır. Yoncanın yaşıl kütləsi, senajı, quru otu və ot unu mal-qara və quşlarin qidalanmasında istifadə olunur. Yoncanın yaşıl kütləsi heyvanların və quşların orqanizmləri üçün amin turşuları ilə normallaşdırılmış proteinlə, müxtəlif mikro və makroelementlərlə, vitaminlərlə, mineral duzlarla zəngindir. Yoncanın 1 kq yaşıl kütləsində 0,2-0,3 qr, quru otunda 0,6-0,7 qr, yem vahidi 130-180 qr, həzm olunan protein 9,0-16 qr, kalsium 1,5-2,5 qr, fosfor 15-30 mq karotin vardır. Müasir texnologiya ilə hazırlanmış 1 kq ot ununun tərkibində 150-200 qr protein və 200-300 mq karotin vardır. Yem keyfiyyəti çok yüksəkdir.
Yonca respublikamızda əkin sahəsinə görə yem bitkiləri içərisində birinci yer tutur. Yüksək aqrotexnika tətbiq edilən suvarma şəraitində ildə 4-5 çalında hər hektardan 70-100 ton yaşıl kütlə və ya 15-20 ton quru ot məhsulu verir. Yoncanın əkin sahələri əsasən aran və dağ ətəyi bölgələrdə geniş yayılmışdır. Yonca quru ot halında, yaşıl halda, ot unu halında heyvandarlıqda geniş istifadə olunur. Yoncanın quru otunda çoxlu zülal, fosfor, kalsium və əvəzsiz amin turşuları (valin, leysin, izoleysin, lizin, metionin, trionin, triptofan, fenilalanin, arginin, histidin, pereonin və s.) olduğundan yüksək yemlilik dəyərinə görə fərqlənir. Quru otun hər kq-da 0,75 enerji yem vahidi vardır. Yoncanın yaşıl kütləsi, quru otu, senajı və ondan hazırlanmış ot unu yüksək qidalılığa malikdir. Yonca bitkisi güclü kök sistemi əmələ gətirərək yaxşı məhsul verməklə yanaşı, torpağı azot və üzvi maddələrlə zənginləşdirir. Yoncanın kökləri üzərindəki kök yumrucuğu bakteriyaları hesabına bir hektar torpaq sahəsində 100-150 kq azot toplanır, bu da fiziki çəkidə 400-500 kq ammonium-şorasına və ya 30-40 ton peyinə bərabərdir. Yonca bitkisi torpağın strukturunu da yaxşılaşdırır. Ona görə də yonca əvəzolunmaz sələf bitkisidir. Yoncadan sonra becərilən bitkilərin məhsuldarlığı 15-30 %-ə qədər yüksək olur. Yonca bitkisi şorlaşma və eroziya proseslərinin də qarşısını alır. Güclü kollanma qabiliyyətinə malik olduğundan tarlaların alaq otlarından təmizlənməsində də bu bitkinin rolu böyükdür. Hazırda dünya əkinçiliyində becərilən bütün mədəni yonca formalarının 6 qrupu, 56 növü məlumdur. Ən çox yayılan və geniş becərilən Adi yoncasıdır (Medicago sativa). Yonca tarlada 10-25 il qala bilir. Lakin ilk 2-7-ci illərdə daha çox məhsul verir. Qışda yerüstü hissəsi məhv olur. Kök və onun kollanma zonası qışlayıb yazda fəaliyyətini gücləndirir. Yonca toxumları 5-60C temperaturda cücərir. Optimal cücərmə temperaturu isə 18-20oC-dir. Qışlayan bitkilər havanın temperaturu 7-9oC-yə çatdıqda oyanıb böyüməyə başlayırlar. Yonca bitkisinin yeraltı hissəsi əgər torpaq səthində qar örtüyü olsa 40oC şaxtaya tab gətirib məhv olmur. Yonca quraqlığa davamlı olsa da suya tələbkar bitkidir. Bitki suya qönçələnmə fazasında və çiçəkləmənin başlanğıcında daha çox tələbkar olur. Yonca müxtəlif torpaqlarda becərilə bilən bitkidir. Lakin nisbətən yüngül mexaniki tərkibli, münbit, neytral və ya qələvi mühitli torpaqlarda daha yaxşı inkişaf edir. Torpaq turşuluğuna həssasdır. Yalnız əhəngləmədən sonra turş torpaqlarda becərilə bilər.
Yonca üçün yaxşı sələflər – dənli taxıl bitkiləri, qara herik, qarğıdalı, bostan bitkiləridir. Şəkər çuğunduru yonca üçün pis sələfdir, ona görə ki, torpağın dərin qatını güclü qurudur. Suvarılan torpaqlarda yoncanı praktiki olaraq hər hansı bir sələflə növbələndirmək olar. Bundan başqa onu dənli taxıl bitkilərinin örtüyünə də səpmək olar. Dənli taxıl bitkilərindən sonra (yonca əkinləri üçün), sələf bitkisinin məhsulu yığılan kimi kövşənlik 4-6 sm dərinlikdə üzlənir. Alaq otu toxumlarının cücərməsini sürətləndirmək üçün üzləmədən sonra sahənin suvarılması və torpağın səthi quruduqda malalanması tövsiyə olunur. Təxminən 2-3 həftədən sonra, alaq otu toxumları cücərdikdə ön kotancıqlı kotanla 28-30 sm dərinlikdə əsas şum aparılır. Pambıq əkini altından çıxmış tarlalarda üzləmə pambıq gövdələrinin çıxarılması ilə əvəz olunur və şumdan qabaq suvarma tövsiyə olunmur. Çünki, pambıq yığıldıqdan sonra torpaq dondurma şumu etmək uçun kifayət qədər rütubətli olur. Əsas şumun müddəti torpağın yetişməsindən ötrü böyük əhəmiyyətə malikdir. Aran rayonlarında yoncanın payız səpinindən ötrü əsas yay şumunun müddəti iyulun axırı – avqustun əvvəli hesab oluna bilər. Bu zaman şum ilə yoncanın səpilməsi arasında 30-40 günə qədər fasilə olur və bu müddət ərzində torpaq normal yetişir. Yaz səpinində isə dənli bitkilərdən sonra optimal dondurma şumu müddəti sentyabr–oktyabr aylarıdır. Dekabr–yanvar aylarında suvarılması tövsiyə edilir.
Yoncanı payız səpini üçün sentyabrın əvvəlində səpinqabağı kultivasiya və sonradan malalama keçirilir. Kultivasiyaya 3- 4 gün qalmış su ehtiyatı yaradan suvarma (arat) yaxşı nəticə verir. Yaz səpini üçün erkən yazda səpin qabağı iki dəfə kultivasiya və onların ardınca malalama aparılır. Torpaq tamamilə narın vəziyyətə gətirilməlidir. Sahə dəqiqliklə hamarlanmalıdır. Yonca inkişafının əvvəllərində zəif böyüyür. Ona görə də yonca bitkisini alaqlar tez basıb kölgələndirir. Bunu nəzərə alaraq yonca səpini üçün nisbətən alaq otları ilə az zibillənmiş torpaq sahələri ayrılır. Yonca səpiləcək torpağın becərilmə sistemi sələflərdən asılı olaraq dəyişir. Əgər sələf payızlıq taxıllar olarsa məhsul yığımından sonra kövşənlik dərhal 6-8 sm dərinliyində üzlənir. Əgər torpaq quruyubsa sahə əvvəlcə suvarılır, alaq otları cücərdikdən sonra təkrar üzləmə keçirilir. Hər hektara 100 kq fosfor, 30 kq azot, 30 kq kalium (təsiredici maddə hesabı ilə) verib 28-30 sm dərinliyində şum aparılır. Ağır torpaqlarda səpindən qabaq arat keçirilir ki, cücərtilər qaysaq tərəfindən zədələnməsin.
Yoncanın bioloji xüsusiyyətləri onun toxumlarının payız və yazda səpilməsinə imkan verir. Azərbaycanın suvarılan aran zonalarında yoncanın payız səpini 20 avqustdan 20 sentyabradək başa çatdırılmalıdır. Yoncanın yaz səpini aran rayonlarında fevral ayının 20-dən martın 20-dək aparıldıqda yaxşı nəticələr alınır. Dağətəyi ərazilərdə martın 1-dən 20-dək, dağlıq ərazilərdə isə martın 20-dən aprelin 10-dək səpin aparıla bilər. Yonca ot almaq məqsədilə becərilməsi nəzərdə tutulursa başdan-başa üsulla səpilməsi məsləhətdir. Yemlik yonca üçün toxumun səpin norması hektara 10-15 kq götürülür. Səpin üçün taxıl otlarını səpən SUT-47, SZTN-47, SZT-3,6 markalı aqreqatlardan istifadə olunur. Yonca toxumları 2-3 sm dərinliyə basdırılır.
Yonca bitkisinin suvarma müddətləri və norması düzgün aparılsa, suvarma şəraitində həyatının birinci ilindən yüksək ot və toxum məhsulu verir. Bunun üçün yonca əkinləri alaqlardan təmiz saxlanmalı, suvarma vaxtları və onların sayı düzgün müəyyən edilməlidir. Suvarılan bölgələrdə qrunt suyunun səviyyəsindən, torpağın mexaniki tərkibi və relyefindən, torpaqda olan ehtiyat nəmlikdən və suvarma üsulundan asılı olaraq suvarmalar aparılır. Payızda səpin apardıqdan bir ay sonra yonca əkinləri birinci dəfə suvarılmalıdır. Bu müddət torpaq-iqlim şəraitindən asılı olaraq dəyişə bilər. Payız səpinindən sonra yonca şaxtalar düşənə qədər 2 dəfə suvarılmalıdır. Yonca sahəsində növbəti suvarma mart ayında aparılır. Bununla da yoncanın birinci biçinədək suvarılmasına ehtiyac qalmır. Yaz səpinindən sonra yonca sahəsinin 2 dəfə suvarılması birinci biçininin optimal vaxtda aparılmasını təmin edilir. Yoncanın ən intensiv su sərfi birinci çalımdan sonra, hər çalım müddəti daxilində isə yoncanın intensiv böyüməsi dövründə, yəni qönçə bağlamadan çiçəkləmənin əvvəlinə qədər olan dövrdə müşahidə olunur. Buna müvafiq olaraq həmin dövrdə yonca əkinləri tez-tez suvarılmalıdır. Ümumiyyətlə, yonca sahələri hər biçindən sonra 2 dəfə suvarıldıqda 4-5 dəfə biçin aparılması mümkün olur. Hər biçindən 5-6 gün əvvəl suvarma aparılır. Biçindən sonra tarladakı quru ot çıxarıldıqdan sonra iki iz malalama aparılır. Yoncanın suvarmalarının arası 15-25 gün intervalında tərəddüd edir. Yonca sahələrinin biçinlər arası vaxtlı-vaxtında suvarılması və suvarma qabağı yemləmə gübrələrindən (superfosfat) istifadə edilməsi bol məhsul istehsal etməklə yanaşı bitkilərin fizioloji inkişafını təmin edir. Suvarma normaları torpağın mexaniki tərkibindən, qrunt sularının səviyyəsindən və s. şərtlərdən asılıdır və orta hesabla 600-800m3 /hektar qəbul edilir. Azərbaycan Elmi Tədqiqat Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitutunun təcrübələri göstərmişdir ki, həyatının ikinci ilində may ayının ortalarında birinci məhsulu ot üçün biçildikdən sonra yoncanın disklənməsi torpağın su tutumunu artırır. Bitkilərin zərərvericilərini qismən məhv edir və bitkilərin inkişafını sürətləndirir.
Tam qiymətli məhsul toplamaqdan ötrü çalınma hündürlüyünün böyük əhəmiyyəti vardır. Otların biçilməsində bitkilərin çoxlu miqdarda plastik maddələr ehtiyatı toplanan gövdələrinin alt hissəsinin saxlanması zərurətini nəzərə alaraq yoncanı yerdən 7-8 sm yüksəklikdə biçmək məsləhətdir. Çünki, bu bitkilərin pöhrə vermə qabiliyyətini yüksəldir axırıncı çalımdan sonra isə yaxşı qışlamasına yardım edir.
Yoncanın yem bitkisi kimi heyvandarlıqda, dərman bitkisi kimi tibbdə və balverən bitki kimi arıçılıqda rolu nəzərə alınaraq əkilməsi və becərilməsi məqsədəuyğundur.