Diaspor.info-nun AZƏRTAC-a istinadən verdiyi məlumata görə, Naxçıvan Dövlət Universitetində intellektual oyun keçirilib.
Naxçıvan Dövlət Universitetində təhsil alan əcnəbi tələbələr arasında keçirilən “Azərbaycanı tanıyaq” adlı intellektual oyun maraqla qarşılanıb.
Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, əvvəlcə ali təhsil ocağının ümumi işlər üzrə prorektoru Xəyal Camalov çıxış edərək, intellektual oyunun əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, yarışın keçirilməsində məqsəd Azərbaycan dilini, tarixini, mədəniyyətini, coğrafiyasını, tarixi abidələrini əcnəbi tələbələrə tanıtmaq, həmçinin bu sahədə onların biliklərini sınamaqdır.
Sonra qaydalar haqqında məlumat verilib. Yarışlar 3 mərhələ üzrə keçirilib. Birinci mərhələdə hazırlıq kursunun tələbələrindən ibarət 15 komanda seçim turunda iştirak edib. “Qarabağ” komandası final mərhələsinə keçmə haqqı qazanıb. Oyunların ikinci mərhələsində universitetin Memarlıq, İncəsənət, Tibb, Beynəlxalq fakültələrinin əcnəbi tələbələri arasında seçim turu keçirilib. 5 komandanın mübarizə apardığı final mərhələsində hazırlıq kursunun tələbələrindən ibarət “Qarabağ” komandası I, Tibb fakültəsinin “Xəzər” komandası II, İncəsənət fakültəsinin “Koroğlu” komandası isə III yerə layiq görülüb.
Sonda qalib komandalara diplomlar təqdim olunub.