İNQİLAB VƏLİYEV VƏTƏNİNƏ TƏMƏNNASIZ XİDMƏT EDƏNLƏRDƏNDİR.
İLK DƏFƏ DAXİL OLDUĞUN ŞƏHƏRDƏ “VƏLİYEVİN ÇÖRƏYİ” ADINA
RAST GƏLƏRKƏN SOYDAŞLARINLA QÜRUR DUYURSAN.
ƏLMANİZ ƏLƏKBƏRLİ.
(Diaspor Təşkilatlarının Monitorinq Mərkəzinin sədri)
Mən işimi yalnız yüksək keyfiyyətli məhsul istehsalı üzərində qururam.
İnqilab Vəliyev.
Diaspor info saytının Ukrayna bürosu maraqlı soydaşlarımızla oxucularımızı tanış etməkdə davam edir. Bu dəfəki qonağımız Ukraynanın Dnepropetrovski vilayəti Novomoskovski şəhərində yaşayan və istehsalla məşğul olan iş adamı İnqilab Vəliyevdir.
Ümumiyyətlə Novomoskovski şəhərində “Valiyevskiy Xleb” çox məşhurdur.
İnqilab Vəliyev Vətəninə təmənnasız xidmət edənlərdəndir. Baxmayaraq ki, müsahibələrdən qaçır və etdiyi hər bir xidməti gizlədir, bizim də jurnalist kimi borcumuz odur ki, bax belə adlı-sanlı soydaşlarımızı Azərbaycan ictimaiyyətinə də, tanıdaq. Onun diaspor fəaliyyətində də, aktiv olması isə daha da təqdirəlayiqdir.
Heç kimə sirr deyil ki, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi yarandıqdan və onun sədri Rövşən Tağıyev seçildikdən sonra bu sahədə aktivlik hiss olunmağa başlandı. Rövşən müəllim Ukrayna ictimaiyyətində xüsusi siyasi çəkisi olan Azərbaycanlıdır. Rövşən Tağıyev Ukraynada yaşayan soydaşlarımız arasında bəzi anlaşılmazlığa son qoymaq üçün BUAK-ın təməlini qoyaraq hamını bu təşkilata birləşməyə dəvət etdi. Təqdirəlayiq haldır ki, nəticədə bir çox regionlar, şəhərlərdəki təşkilatlar onun ətrafında birləşərək birgə diaspor fəaliyyətinə başladılar.
Bu gün Ukraynada Azərbaycan diaspor təşkilatları sırasında BUAK Dnepropetrovskiy və Novomoskovskiy şəhər təşkilatlarının özünəməxsus yeri vardır. Bu yaxınlarda Novomoskovskiy şəhərində olarkən bunun bir daha şahidi olduq. BUAK Novomoskovskiy şəhər təşkilatının sədri Şikar Şirinovla görüşüb onun gördüyü işlərlə tanış olarkən o bizi fəal konqres üzvləri ilə də tanış etdi. İnqilab Vəliyev də Novomoskovskiy şəhərində yaşayan fəal konqres üzvlərindəndir. İnqilab müəllim də Şikar Şirinovun ətrafında birləşərək, millətinə, vətəninə layiqincə, həm də təmənnasız xidmət edir.
Əslən Gürcüstanın Borçalı mahalından olan İ.Vəliyevi hamı çörəkçi kimi tanıyır. Belə ki, o, çörək istehsalı ilə məşğuldur. Novomoskovskiy şəhərində yerli millət özləri, onun bişirdiyi çörəyə ad veriblər, “Valiyevskiy Xleb” .
Bu gün Novomoskovskiy şəhərində “Valiyevskiy Xleb” çox məşhurdur. İnqilab müəllim deyir ki, mənimlə rəqabət aparmaq çox çətindir, çünki mən təkcə işimi mükəmməl bilmirəm, həm də onu çox sevirəm: "İndi xüsusi mülkiyyətçilikdir. İstehsal etmək asandır, ancaq alıcı tapmaq, iri zavodlarla rəqabət aparmaq çox çətindir. Bəzən elə iri zavodlarla qarşı-qarşıya gəlirik ki, mübarizə aparmaq çox çətin olur. Onlar kefiyyətlə deyil, qiymətlə bizi üstələmək istəyirlər. Lakin qısa müddət keçmir görürlər ki, yenə də mənə uduzublar. Çünki mən işimi yalnız yüksək keyfiyyətli məhsul istehsalı üzərində qururam. Alıcılar dükanlara gələrkən "mənə Valiyevskiy çörək verin" ifadəsini təsadüfən demirlər. Mən də alıcıların bu sözündən sonra çörəyimizə “Valiyevskiy Xleb” adı verdim. Bir iş adamı olaraq, öz şəxsi dükanlarımda da, istehsal etdiyimiz çörək və çörək məmulatlarının satışını təşkil edirik. Bu gün yerli insanlar şəkərbura, paxlava, kətə və s. Azərbaycan şirniyyatlarını çox sevməyə başlayıblar. Gücümüz nə qədər çatırsa bir o qədər də işləyərək, öz millətimizi, Azərbaycanımızı layiqincə təmsil etməyə çalışırıq. O ki, qaldı diaspor fəaliyyətinə, bu hər bir Azərbaycanlının borcudur. Qübətdə yaşayan hər bir Azərbaycanlı bilməlidir ki, o öz millətini yaşadığı yerdə təmsil edir.
Odur ki, elə etməliyik ki, millətimizin adını həmişə ucaltmalıyıq. Mənim yerli millətin nümayəndələrindən ibarət xeyli işçilərim var. Çalışıram ki, həm bir rəhbər kimi, həm də Azərbaycanlı olaraq, millətimə məxsus yaxşı keyfiyyətləri göstərə bilim. Novomoskovskiy şəhərində keçirilən bütün tədbirlərdə iştirak edirik. Mən uzun illərdir bu şəhərdə yaşayıram. Tələbə olan vaxtı Xarkov şəhərində oxuyarkən də, diaspor fəaliyyəti ilə məşğul olurduq. Sonra mən ailə quraraq Novomoskovskiy şəhərinə gəldim. Bu gün övladlarım bu şəhərdə böyüyür, yerli millətə inteqrasiya edirik. İki qızım bir oğlum var, övladlarımın biri artıq ali təhsilini başa vurub, digəri isə davam etdirir.
Biz harada yaşamağımızdan asılı olmayaraq ürəyimiz həmişə Vətənlə döyünür. Qürbətdə yaşayan hər bir Azərbaycanlı Vətənin bir parçasıdır.“
Daha sonra “Diaspor Təşkilatlarının Monitorinq Mərkəzinin “ sədri Əlmaniz Ələkbərli ilə görüşüb ondan da, İnqilab Vəliyev haqqında soruşduq: Ukraynada iki nəfər çörəkçi tanıyıram ki, Vətəninə Təmənnasız xidmət edirlər. Fərrux Poladov Nikalayevdə, İnqilab Vəliyev isə Novomoskovski şəhərində. İnqilab Vəliyev o qədər sadə bir insandır ki,ilk baxışdan heç kim onun adlı-sanlı bir iş adamı olduğuna inanmaz. O, həqiqətən qazandığı nüfuzu öz zəhməti bahasına edib. Və hər bir addımında Azərbaycan adını hər şeydən yüksək tutur. Bax bu keyfiyyət xüsusi olaraq qeyd edilməlidir.
İnqilab Vəliyev Vətəninə Təmənnasız Xidmət Edən Soydaşlarımızdandır.”
Bəli, Novomoskovskiy şəhərini gəzdikcə, sanki özünü Azərbaycanın hansısa bir bölgəsində hiss edirsən. Ağdamın adını daşıyan iri Ticarət mərkəzi, vəyaxud da, maqazinlərin üzərində yazılmış Şəkərbura, Kətə və s. Azərbaycanı xatırladacaq adları görərkən istər-istəməz qürur duyursan.
Diaspor info
Ukrayna bürosu.
835