Pandemiya şəraitinə uyğun turizm bizi gözləyir ÖZƏL - AÇIQLAMA
"İndiki vəziyyət onu göstərir ki, turizm sektorunun əvvəlki kimi, yəni, pandemiya dövrünə kimi fəaliyyət göstərməsi uzunmüddət mümkün olmayacaq, ya da heç bir zaman mümkün olmayacaq. Bu haqda ekspertlər tərəfindən də fikirlər səsləndirilir". Bu sözləri DİASPOR.İNFO-ya açıqlamasında İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Ruslan Atakişiyev növbəti dövrlərdə turizm sektorunda fəaliyyətin bərpası ilə bağlı danışarkən deyib.
Onun sözlərinə görə, dünyada "post-pandemiya" termini əvvəl işlədilirdisə, söhbət aprel və mart aylarından gedir, indi bu termin səsləndirilmir: "Dünyada "post-pandemiya dövrü" adlandırılan bir termin səsləndirilirdi. İndi isə sadəcə "pandemiya dövrü" səslənir. Yəni, post-pandemiyanın nə vaxt gələcəyi bu gün heç kəsə bəlli deyil. İkinci məsələ isə ondan ibarətdir ki, artıq turizm sektoru fəaliyyəti ilə bağlı planlar hazırlanır. Belə ki, turizm sektorunun və turizm fəaliyyətinin pandemiya dövründə bərpası planından söhbət gedir. Burada əsas məsələ ara məsafənin qorunub saxlanılmasından, kütləvi toplaşmanın qarşısının alınmasından, qoruyucu vasitələrdən istifadədən, tibbi vasitələrdən istifadədən və dezinfeksiyaedici tədbirlərin həyata keçirilməsindən ibarət olacaq".
İqtisadçı bildirib ki, bu gün inkişaf etmiş ölkələrdə ABŞ-da, İngiltərədə, Almaniyada və s.artıq hər bir sektor üzrə ayrı-ayrılıqda pandemiya şəraitə uyğun olaraq biznes tədbirlərinin görülməsi ilə bağlı təlimatlar hazırlanıb:
"Ona görə də hesab edirəm ki, Azərbaycan üçün son dövrlərdə supermarketlərin işləməsi ilə bağlı, o cümlədən, restoran və kafelərin fəaliyyəti ilə bağlı təlimatlar hazırlandığı kimi ona uyğun turizm sektorunda da bu kimi təlimatlar hazırlana bilər. Məsələn, 200 kvadrat metr sahəsi olan restoranda 50 nəfər yerləşdirilə bilər. Bu kimi qaydaların və standartların turizm sektorunun müxtəlif sahələri üçün də hazırlanmasına ehtiyac olacaq. Bundan sonra artıq karantin rejiminin yumşaldılması ilə bağlı olaraq həmin sahələr müəyyən qaydada fəaliyyət göstərə bilər. Eləcə də bu standartlar hazırlanıb təqdim olunandan sonra və təsdiq olunduğu halda şəraitə uyğun şəkildə sektorların fəaliyyəti təmin oluna bilər. İndiki vəziyyət onu göstərir ki, turizm sektorunun əvvəlki kimi, yəni, pandemiya dövrünə kimi fəaliyyət göstərməsi uzunmüddət mümkün olmayacaq, ya da heç bir zaman mümkün olmayacaq. Bu haqda ekspertlər tərəfindən də fikirlər səsləndirilir".
Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatına əsasən dünyada pandemiyanın vüsət aldığı dövrdə yanvar-fevral aylarında ölkəyə gəlmə turist sayı - 377 893 kimi qeydə alınıb. Mart ayının statistikası isə verilməyib. Bu da Azərbaycanda elan olunan karantin rejimi ilə əlaqədardır.
Ən çox turist isə Rusiya Federasiyasından - 109 913 nəfər, Gürcüstandan - 99 113 nəfər, Türkiyədən - 43 326 nəfər, İrandan - 24 440 nəfər, Hindistandan - 10 696 nəfər və Səudiyyə Ərəbistanından - 10 619 nəfər kimi qeydə alınıb.
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin statistikasına görə 2019-cu ilin yanvar-oktyabr ayları ərzində ölkəyə 2,9 milyon turist gəlib ki, bu öz növbəsində ötən ilə nisbətən 11,1 faiz artımı təşkil edib.
Belə ki, ümumi ilin təhlilinə nəzər salsaq ölkəyə Rusiya, Gürcüstan və Yaxın Şərqən daxil olanların sayının daha çox olduğunu görürük. 2018-ci ilin həmin dövrü ilə müqayisədə keçə ilə nisbətən artım qeydə alınmışdır. Belə ki, ötən ilin eyni dövründə ölkəyə 2,6 milyon gəlmə sayı qeydə alınıb.
Ötən illə müqayisədə yalnız Yaxın Şərqdən gələnlərin sayında 3,9 faiz azalma müşahidə olunub.
Müəllif: Nigar Məmmədova