Azərbaycanda karantin rejimi niyə sərtləşdi? - ŞƏRH
Məlum olduğu kimi, sentyabrın 27-də saat 06:00 radələrində quduzlaşmış Ermənistanın Azərbaycana qarşı təxribatı 44 gün sonra ölkəmizin Tarixi Qələbəsi ilə başa çatdı. Çünki Azərbaycan haqqın, ədalətin bərpası uğrunda vuruşurdu. Bu, “QƏLƏBƏ ZƏFƏRİ 44 gün davam edən və 30 illik həsrətə son” deyən - Ali Baş Komandandanımızın zəfər müjdəsidir! Belə bir məqamda dünyanı ağuşuna alan “COVID-19”-a qarşı mübarizədə də bu qələbəyə nail olacağımız gün də gələcək. Ancaq bu "gözəgörünməz müharibədə" göstərilən qanunlara əməl olunarsa. Bu mübarizədə vətəndaşların karantin qaydalarına əməl etmələri pandemiya ilə müharibəyə qalib gəlməyin əsas yoludur və bu şərtləri ilə yaşamağa məcburdur. Reallıq odur ki, ani bir diqqətsizlik insanların həyatını sual altında qoya bilər. Çünki gözəgörünməz bəla çox təhlükəli, aqressivdir və hansısa səhv ağır nəticələr verə bilər.
Dövlət başçımız dünyanı ağuşuna alan koronavirus pandeminasının ilk günlərindən Prezident İlham Əliyevin uzaqgörənliyinin nəticəsi olaraq vaxtında qəbul edilən düşünülmüş düzgün qərarlar itkiləri minimuma endirməyə imkan yaradıb və məhz zamanında görülən tədbirlər nəticəsində Azərbaycanın adı nümunəvi ölkələr sırasında çəkilir. Prezident İlham Əliyev dəfələrlə çıxışlarında bildirib ki, Azərbaycan vətəndaşları yaxşı görürlər ki, qanun hər kəs üçündür. Bir sözlə, dövlət başçısı koronavirusla mübarizə ilə bağlı atılan ardıcıl addımlarda əsas məqsədin Azərbaycan xalqının sağlamlığının qorunması olduğunu bildirib: "Ümumdünya Səhiyyə Təşkilatı bizim gördüyümüz işlərə yüksək qiymət verərək Azərbaycanı koronavirusla mübarizə sahəsində nümunəvi ölkə adlandırıbdır. Bütün bunlar deməyə əsas verir ki, biz bu bəlanı da dəf edəcəyik, bu mübarizədə qalib gələcəyik. Biz xalq olaraq artıq birlik, həmrəylik nümayiş etdirmişik, indi daha çox məsuliyyət və nizam-intizam nümayiş etdirməliyik. Belə olan halda biz bu ağır vəziyyətdən az itkilərlə və şərəflə çıxacağıq”.
Hikmət Hacıyev: “Gündəlik yoluxma hallarının artması ciddi narahatlıq yaradır”
Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə bildirilib ki, hər bir kəs karantin rejiminin qaydalarına bir mənalı şəkildə əməl etməlidir. Brifinqdə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva çıxış edib. “Son dövrlər brifinqlər Vətən müharibəsinə həsr olunurdu. Hər birimiz də Ali Baş Komandanın rəhbərliyi ilə görülən işlərdən sevinc hissi keçiririk”.
Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib. Onun sözlərinə görə, son dövrlər ərizndə dünyada koronavirusa yoluxma halları artıb: “Hətta çox artım tendensiyası da müşahidə olunur. Bu, ölkəmizi də ciddi sürətdə narahat edir. Azərbaycanda gündəlik yoluxma hallarının artması ciddi narahatlıq yaradır”. Hikmət Hacıyev bildirib ki, hazırda dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yüksək yoluxma dinamikası müşahidə olunmaqdadır. Bu səbəbdən virusun geniş yayılmasının qarşısının alınması üzrə müvafiq tədbirlər həyata keçirilir, bir çox ölkələr sərt karantin qaydaları tətbiq edir: “Son dövrlər dünya miqyasında koronavirusa yoluxma hallarında artım müşahidə olunur. Qonşu ölkələrdən Gürcüstan, İran İslam Respublikası, rkiyə və Rusiyada virusa yoluxma hallarında artım tendensiyası baş verir. Həmçinin ölkəmizdə də gündəlik 2000-dən yuxarı yoluxma halları özünü göstərir. Eyni zamanda ölüm hallarının da artması ciddi narahatlıq doğurur. Ölkəmizin Vətən müharibəsində olduğu, tibb sisteminin diqqətinin bu xüsusa yönəlməsi virusla mübarizədə daha diqqətli olmalı olduğumuzu bildirir. Xəstəxanalarda yer sayının azalması narahatedicidir. Bu səbəblə də 28 dekabr 2020-ci ilədək ölkə üzrə xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı qərar qəbul edilib”.
Prezidentin köməkçisi: “Orduda kütləvi yoluxma halları yoxdur”
“Koronavirusun Azərbaycanın Silahlı Qüvvələrində yayılmasının qarşısı alınıb. Silahlı Qüvvələrimizin tərkibində yoluxma halları kütləvi şəkildə özünü biruzə verməyib”. Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin sözlərinə görə, çağırışçılar da ordumuzun tərkibinə qoşulan zaman onlardan test götürülür: “Bizim yaralı əsgərlərimiz var. Onların da yoluxmaması bizim qarşımıza duran əsas vəzifədir. Biz Vətən müharibəsində qalib olduq, bunda da qalib olmalıyıq”. Azərbaycanda xüsusi karantin rejiminin uzadıldığı 2020-ci il 28 dekabr tarixinədək fəaliyyətinə icazə verilən sahələr açıqlanıb. B barədə Nazirlər Kabinetinin qərarında bildirilir.
Qərara əsasən, fəaliyyətinə icazə verilən sahələr aşağıdakılardır:
1. hüquq mühafizə, məhkəmə orqanlarının, hərbi xidmət nəzərdə tutulmuş orqanların və vəkillərin fəaliyyəti;
2. fasiləsiz fəaliyyət göstərən digər dövlət orqanlarının (qurumlarının) fəaliyyəti;
3. səhiyyə və sosial xidmət müəssisələrinin fəaliyyəti, dezinfeksiya xidmətləri;
4. kommunal xidmətlər (su, elektrik enerjisi, qaz, istilik, rabitə və telekommunikasiya, məişət tullantıları), meliorasiya və su təsərrüfatı fəaliyyəti;
5. fasiləsiz fəaliyyət göstərən müəssisələrin, həmçinin qida məhsullarının istehsalı, tədarükü, təchizatı, saxlanması və topdan satışı müəssisələrinin fəaliyyəti;
6. apteklərin, ərzaq mağazalarının (bazarlar və yarmarkalar istisna olmaqla), yanacaqdoldurma məntəqələrinin fəaliyyəti;
7. kütləvi informasiya vasitələrinin fəaliyyəti;
8. mühafizə xidmətləri.
Bununla belə, son günlərdə “COVID-19” virusuna yüksək yoluxma dinamikası qeydə alındığından, aşağıdakı qadağaların tətbiq edilməsinə qərar verilib. Sərt karantin rejimi tətbiq edilən Şəki, Lənkəran şəhərləri, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarında bu tədbirlərin müddəti 2020-ci il 7 dekabr saat 06:00-dək uzadılır; Bakı Metropolitenində sərnişindaşımanın fəaliyyətinə tətbiq olunan məhdudiyyət 2020-ci il 28 dekabr saat 06:00-dək uzadılır;
2020-ci il 21 noyabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır; 2020-ci il 21 noyabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək şənbə və bazar günləri həyati əhəmiyyət kəsb edən fəaliyyət növləri, o cümlədən aptek və ərzaq mağazaları istisna olmaqla digər bütün sahələr üzrə yerində xidmətlər dayandırılır; 2020-ci il 21 noyabr tarixindən etibarən xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburi hesab olunur. Maskalardan istifadə qaydalarına nəzarət rejimi daha da sərtləşdirilir.
Xatırladaq ki, müvafiq yerlərdə tibbi maskadan istifadə olunmaması və ya tələb olunan normalara uyğun taxılmaması qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır.
Dünyadakı, o cümlədən Azərbaycandakı mövcud sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq yüksək risk qrupuna daxil olan yaşı 65-dən yuxarı şəxslərin zərurət yaranmadan yaşayış yerlərini tərk etməmələri tövsiyə olunur.
Həmçinin özəl sektorda və digər sahələrdə fəaliyyət göstərən qurum və təşkilatlara da işçilərin say həddinin 30 faizədək azaldılması və digər əməkdaşların məsafədən iş rejiminə keçirilməsi tövsiyə edilir.
Bir daha bütün şəxsləri “COVID-19” virusu ilə mübarizədə mövcud karantin tələblərinə ciddi riayət etməyə, zərurət olmadıqda kənar şəxslərlə təmaslardan yayınmağa, qapalı və açıq məkanlarda sosial məsafəyə əməl etməyə çağırırıq.
R.HÜSEYNOVA