"Qarabağ" azlıqda qalan "Qəbələ" ilə heç-heçə etdi
Futbol üzrə Azərbaycan Premyer Liqasında XII tura start verilib. DİASPOR.İNFO-nun verdiyi məlumata görə, günün ilk matçında "Qəbələ" "Qarabağ"ı qəbul edib. Qəbələ şəhər stadionundakı qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Qonaqların heyətində Uroş Matiç 16-cı dəqiqədə penaltidən yararlana bilməyib. 30 yaşlı serbiyalı yarımmüdafiəçinin zərbəsini qapıçı Anar Nəzirov dəf edib. İlk hissə qolsuz bərabərliklə yekunlaşıb. İkinci yarının əvvəllərində "Qarabağ" istəyinə çatıb. Filip Ozobiç 51-ci dəqiqədə fərqlənib. "Qəbələ" 70-ci dəqiqədə azlıqda qalıb. Rövlan Muradov ikinci sarı vərəqəni alaraq meydandan qovulub. 83-cü dəqiqədə isə meydan sahibləri bərabərlik qolunu vurub. Braziliyalı hücumçu Rafael Utriq "Qarabağ"ı mərkəzə dəvət edib. Bu nəticədən sonra xallarının sayını 20-yə çatdıran və ən yaxın izləyicilərindən bir oyun az keçirən Ağdam klubu liderdir. "Qəbələ" isə 12 xalla hələ ki, 6-cı sıradadır. Qeyd edək ki, hazırda "Zirə" - "Sumqayıt" və "Keşlə" - "Səbail" matçları davam edir. Tura saat 17:15-də başlayacaq "Sabah" - "Neftçi" oyunu ilə yekun vurulacaq.