Diaspor info-nun Naxçıvan MR bürosunun verdiyi məlumata görə, Mayın 7-də Naxçıvan şəhərində Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar sağlamlıq imkanları məhdudlaşmış 2 nəfərə, hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar sağlamlıq imkanları məhdudlaşmış 2 nəfərə, eləcə də Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında sağlamlığını itirmiş 1 nəfərə “Xəzər-LX” markalı minik avtomobilləri təqdim edilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev çıxış edərək demişdir ki, muxtar respublikada sağlamlıq imkanları məhdud şəxslərin sosial müdafiəsinə xüsusi qayğı ilə yanaşılır. Şəhid ailələrinə və müharibə veteranlarına hərtərəfli dövlət qayğısı göstərilir, bu sahədə xidmətlərin həcmi və keyfiyyəti ildən-ilə artırılır, onların müalicəsi üçün muxtar respublikada fəaliyyət göstərən reabilitasiya müəssisələri müasir avadanlıqlarla təchiz olunur. Müvafiq kateqoriyadan olan vətəndaşlar müxtəlif sosial proqramlara, aktiv məşğulluq tədbirlərinə cəlb edilir, mənzil və avtomobillərlə təmin olunurlar. Nicat Babayev sağlamlıq imkanları məhdud şəxslərə göstərilən diqqət və qayğıya görə minnətdarlıq etmişdir.
Diaspor info
Sadiq Ələkbərli
268