Sağlamlıq və qida təhlükəsizliyi üzrə Avropa komissarı Stella Kiriakidu uşaqlarını və özlərini qorumaq üçün hamilə qadınları peyvənd olunmağa çağırıb. Diaspor info-xəbər verir ki, bu barədə Afina xəbər agentliyi AMHA məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Kiriakidu Brüsseldə bir neçə journalist qarşısında çıxış edib.
"Peyvəndlər hamilə qadınların xəstəxanaya yerləşdirilməsi və ölüm hallarının azalmasında təsirli olur. Biz peyvəndlərin anaları və onların körpələrini qoruduğu mesajını gələcək analara çatdırmalıyıq", deyə Kiriakidu vurğulayıb.
Məcburi peyvənddən danışan Avropa komissarı belə bir müzakirənin mənası olduğunu, lakin Brüsselin Aİ-yə üzv dövlətlərlə məcburi peyvəndlə bağlı danışmayacağını bildirib.
"Üzv dövlətlər vəziyyətlərindən asılı olaraq onlar üçün nəyin ən yaxşı olduğunu daha yaxşı bilirlər", deyib Kiriakidu.
O, həmçinin peyvəndin mümkün dördüncü dozası ilə bağlı müzakirələrin davam etdiyini və gücləndirici dozanın vacibliyini diqqətə çatdırıb.
"İndi biz Omicron ştammının çox yüksək ötürülmə vəziyyətini görürük və bu, bizim sağlamlıq sistemlərimiz üçün ciddidir məsələdir. Omicron bir insan üçün yüngül və ya ağır infeksiya mənasını verə bilər, lakin heç bir halda bu, yüngül ştamm hesab edilməməlidir. Bu, təhlükəli bir virus olmaqla davam edir", deyə Kiriakidu nəzərə çatdırıb.
Pandemiyanın inkişafı ilə bağlı səhiyyə komissarı bunun son dalğa olub-olmaması ilə bağlı proqnoz verməyəcəyini söyləyib.
"Bizim bildiyimiz odur ki, vaksinlər uğursuzluğa düçar olmayıb. Onlar həyatı qoruyur və xilas edir. Biz bilirik ki, peyvənd infeksiya və ötürülmənin qarşısını tamamilə almır, lakin ümumilikdə infeksiya və sonrakı ötürülmə ehtimalını azaldır", deyə o əlavə edib.
Kiriakidu, əhalinin təxminən 70% -nin tam peyvənd olunduğunu, təxminən 40% -nin təkrar peyvənd edildiyini və uşaqlar üçün peyvəndlərin təsdiqlənməsindən sonra 18 yaşdan kiçik uşaqların 23% -nin qismən peyvənd edildiyi barədə də fikirlərini bölüşüb.
"Bir ildir ki, təhlükəsiz və effektiv peyvəndlərimiz olsa da, milyonlarla avropalı hələ də peyvənd olunmayıb. Və təbii olaraq, peyvənd nisbəti aşağı olan Üzv Dövlətlərin ən çox zərər çəkəcəyi getdikcə daha aydın olur", deyə Kiriakidu bildirib.
Xatırladaq ki, Avropa komissarı, Fransanın Avropa İttifaqına sədrliyinin peyvənd strategiyalarını və əlavə gücləndirici dozalara mümkün ehtiyacı müzakirə etmək üçün qeyri-rəsmi toplantı çağırıb.
Müəllif: İnam Hacıyev