ZAQATALADA VƏTƏNDAŞLA-POLİS ARASINDA QARŞILIQLI HÖRMƏT VAR.
JURNALİST TƏCRÜBƏMDƏ İLK DƏFƏDİR Kİ, SADƏ İNSANLARIN
RAYON POLİS ŞÖBƏSİNİN
RƏİSİNƏ “ BİZİM RƏİS” DEMƏSİ İLƏ RASTLAŞIRAM.
ƏLMANİZ ƏLƏKBƏRLİ.
Son günlər bəzi saytlarda Azərbaycan polisi ilə bağlı tənqidi yazılar yazılmaqda davam edir. Belə ki, respublikanın ikinci böyük şəhərində polislərin ağsaqqal kişini döyməsi və sonra da, polis şöbəsində onun üzünə tüpürməsi ilə bağlı sosial şəbəkələrdə də, xeyli müzakirələr getdi. Bu məsələylə bağlı əlimizdə tutarlı faktlar olmadığına görə bu yazılara münasibət bildirmək istəmirik.
Zaqatala rayonunda bu gün, Azərbaycan polisinin nüfuzunu əməli işləri ilə daha da, artıran yeni rəhbərlik var. Bu yaxınlarda Zaqatala bazarı ətrafında, ticarət obyektlərinin tən ortasında çörək və çörək məmulatları satan kiçik bir köşkün antisanitariya şəraitində satışını gördüyüm üçün, onu tənqid etmək qərarına gəldim. Məqsədim AQTA kimi bir təşkilatı hərəkətə gətirmək idi, çünki bu antisanitariya şəraitində çörək məmulatlarının satılmasına biganə qala bilməzdim. Və yazdığım yazını sosial şəbəkələrdə paylaşmaq qərarına gəldim. İyirmi ildən çoxdur ki, jurnalist fəaliyyəti ilə məşğulam və heç bir yerdə rast gəlmədiyim bir hadisəyə məhz Zaqatalada rast gəldim. Belə ki, sadə zaqatalılar elə düşündülər ki, mənim yazım hər hansı bir küçə ticarəti ilə bağlıdır. Əslində isə yazıda avtovağzalın həyətində balaca bir köşkdən söhbət gedirdi. Düzünü desəm sadə vətəndaşların rayon polis şöbəsi rəisinin açıq müdafiəsinə qalxması diqqətimi birazda çəkdi. Və mən sosial şəbəkələrdə yazılmış kommentləri bir-bir oxumağa başladım. Komment yazanlarla bağlı araşdırmalar apardım, heç bir feyk səhifəyə rast gəlmədim. İçərilərində qadın, ağsaqqal, ağbirçək, müəllim, bazarda alver edən sadə kəndlilər və s. -ə rast gəlmək olurdu. İnsanlar öz şəxsi fikirlərini necə istəyirlərsə olduğu kimi də, yazırdılar. Necə deyərlər “loru” dildə yazılan təriflərin hamısı səmimi olduğu üçün, diqqətimi biraz da, çəkdi. Zaqatala camaatının leksikonunda marağımıza səbəb olan “bizinki” sözü var. Odur ki, onların “Bizim Rəis Yaxşı İnsandır” yazmaları məndə xoş təəssürat yaratdı. Zaqatala camaatı əgər bir nəfərə bizimki deyirlərsə, deməli həmin insanı həddindən artıq çox istəyirlər. Daha sonra mən, kommentariya yazanlara niyə Zaqatala RPŞ-nin rəisi deyil, “Bizim Rəis” yazırsınız?, sualını verdim. Şəxsi messengerə yazmağa başlayan vətəndaşların ardı-arası kəsilmədi. Zaqatala camaatının fərqli yanaşmaları olmasına baxmayaraq, ümumi fikir eyni idi: Azərbaycan Respublikasının Daxili İşlər Naziri General-Polkovnik Vilayət Eyvazov Polis Polkovniki Vəfadar Orucovu Zaqatala RPŞ-nin rəisi təyin etdiyi gündən polis vətəndaş münasibəti yüksək səviyyədə qurulmağa başladı. Prezident İlham Əliyev deyir ki, məmur vətəndaşın xidmətçisidir, vətəndaşları dövlətdən narazı salmaq olmaz. Vəfadar müəllim sanki Prezident İlham Əliyevdən xüsusi tapşırıq alaraq, Zaqatalaya işləməyə gəlib. Rəisdən hamı razıdır, kəndli də, sadə insanlar da, iş adamları da, ziyalılarımızda. Vəfadar müəllim rəis təyinatından sonra rayondakı Şəhid ailələrinə atalıq, qardaşlıq qayğısı göstərir. Qazilərimiz, müharibə veteranlarımız, müharibədə əlil olanlar, hamıya qarşı çox diqqətlidir. Rayon ziyalıları bu təyinata görə cənab nazirə xüsusi minnətdarlıq etdiklərini bildirdilər.
Reallığa söykənərək demək istəyirəm ki, bu gün sözün hər mənasında polisdən hər bir vətəndaş razı qalmır. Belə ki, həssas təbəqəmiz var, qazilərimiz, Şəhid ailələrimiz, bəzən kiçik bir problemdən inciyərək, polislə bağlı neqativ fikirlər söylənilir. Həqiqətən də, bütün bunların qarşısında səbrlə insanları dinləmək, onları başa düşmək, vəzifəsindən asılı olmayaraq, məmurda böyük mədəniyyət tələb edir.
Zaqatalalıların fikrincə Vəfadar Orucov sadaladığım bütün müsbət keyfiyyətlərə malik bir rəisdir. Apardığımız araşdırmalar zamanı, hətta cinayət edərək, polis tərəfindən həbs edilənlərin qohumları da, polisdən şikayət etmədiklərini bildirdilər. Müsahiblərimiz arasında “cinayətinə görə həbs edilib,” deyərək, polisdən narazı olmadıqlarını dillərinə gətirənlər də, az deyildir.
Heç kim dana bilməz ki, bu gün gecə-gündüz asayişimizin keşiyində dayanan polisimiz olmasa, xaos olar. Bəzən spirtli içki içib avtomobil sürənlər, vəyaxud gecə saatlarında səs-küy edərək, asayişi pozanların olduğunu danmaq olmaz.
Bütün bunlara baxmayaraq, ən yaxşı, ideal insan belə hamı üçün yaxşı ola bilməz.
Zaqatalalıların rayon polis şöbəsinin rəisinin adını hörmətlə çəkmələri, onu həqiqətən də, sevmələri diqqətimi çəkdiyi üçün bu yazımla onların fikirlərini ictimailəşdirmək qərarına gəldim.
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.
972