Qərbi Azərbaycan və Şuşa şəhərindən qaçqın və məcburi köçkün düşmüş ailələr redaksiyamıza müraciət edərək rastlaşdıqları haqsızlıqları və ədalətsizlikləri ictimailəşdirməmizi xahiş edirlər. KİV haqqında qanunu əldə rəhbər tutaraq, onların şikayət ərizəsini olduğu kimi dərc edirik:
“Biz Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 47E (əvvəlki ünvan Təbriz 27) ünvanında yerləşən qeyri-yaşayış sahəsini qanuni sənədlər əsasında alaraq, xırda sahibkarlıqla məşğul olub, 50 nəfərdən çox ailə üzvümüzü dolandırırıq. Lakin Abbas və Həbibə Məmmədzadə adlı şəxslər “vərəsəlik haqqında ” saxta notarius müqaviləsi (ögey ana, bacı və qardaşları olduğu haqda) və çıxarış əldə etdikdən sonra həmin obyekti əlimizdən almaq üçün məhkəmədə iddia qaldırsalar da, Nərimanov rayon məhkəməsi 21 dekabr 2018-ci il tarixli İş № 2 (005)-1277/2018 saylı qətnamə ilə onların iddiasını təmin etməyərək bizim xeyrimizə qərar vermişdi. Buna baxmayaraq Apellyasiya Məhkəməsinin hakimi Elnur Həsənov öz şəxsi maraqlarını üstün tutaraq Dövlət Əmlak Komitəsinin işçisinin məhkəmədə bizim xeyrimizə danışdığını görüb ona və bizə hədə-qorxu gəlmiş, bütün sübutları təqdim etməyimizə baxmayaraq obyektimizin əlimizdən alınması barədə ədalətsiz qərar qəbul etmişdir. Halbuki Nərimanov rayonu, Təbriz küçəsi 47E ünvanında yerləşən qeyri-yaşayış sahəsinin çıxarış əsasında Əsgərov Telman Qasım oğluna məxsus olması, 1999-cu ildən bəri onun tərəfindən təmir edilməsi və istifadəsində olması, müxtəlif dövlət qurumlarından ona məxsus olmasını və istifadəsini sübut edən rəsmi sənədlər, mağazanın alınması barədə pul ödənişi çekləri ortada olduğu halda, müəmmalı şəkildə obyektin digər “sahibləri” uzun illərdən sonra peyda olurlar və iddia edirlər ki, mərhum atalarına məxsus obyektin müəyyən hissəsi hüquqi varis kimi onlara məxsusdur. Hətta hansısa vasitələrlə bütün hüquqi sənədləri olan obyektə vərəsəlik üzrə onlara verilməsi və pay bölgüsünün aparılması barədə müvafiq məhkəmə qərarı olmadığı halda, notarius vasitəsilə vəfat etmiş şəxsin imzası ilə onun adından “saxta sənəd” çıxarmağa nail olurlar. (Hazırda Telman Əsgərovun iddiası əsasında bu məsələyə Nəsimi və Nəriman rayon Məhkəmələrində baxılır və Bakı Apellyasiya Məhkəməsinin 31.10.2019-cu il tarixli 2(103)-13681/2019 nömrəli qərardadı ilə obyektin üzərinə həbs qoyulmuşdur).
Hakim Elnur Həsənovun çıxardığı 2(103)-3479/2019 nömrəl, 25.04.2019-cu il tarixli qətnaməsində qeyd olunur ki, “Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 47E ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (binasının) tam mülkiyyət hüququ ilə Əsgərov Telman Qasım oğluna məxsus olması barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 10.10.2017-ci il tarixli, RX Seriyalı, 1153268 nömrəli çıxarış etibarsız hesab olunsun.
Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 27 ünvanında yerləşən qeyri-yaşayış binasının texniki pasport üzrə göstərilən 2 və 3 saylı tikililərinin arasındakı sökülmüş arakəsmə divarı yenidən bərpa olunmaqla, eyni zamanda 7 saylı tikilidən 8 saylı tikiliyə və 5 saylı tikilidən 4,8 saylı tikililərə keçid qapıları bağlanmaqla, həmçinin 3 saylı tikilidən 4 saylı tikiliyə, 4 saylı tikilidən 8 saylı tikiliyə keçid qapıları açılmaqla texniki pasport üzrə göstərilən 1,2,5,6,7,9 saylı tikililərin Məmmədzadə Abbas Bunyamin oğluna və Məmmədzadə Həbibə Bunyamin qızına, 3,4,8,10,11,12 saylı tikililərin və texniki pasportda əks olunmayan əlavə tikililərin isə Əsgərov Telman Qasım oğluna verilməsi qaydasına əmlakın naturada real bölgüsü həyata keçirilsin”.
Hakim Elnur Həsənovun əsassız çıxardığı qərarla Təbriz 27 (indiki ünvan Təbriz 47E) ünvanında yerləşən obyektin dəhlizi və giriş qapısı tam olaraq Abbas və Həbibə Məmmədzadəyə verilmişdir. Telman Əsgərova məxsus tikililərdə isə giriş qapısı nəzərdə tutulmur. Eyni zamanda adıçəkilən hakim Konstitusiyada nəzərdə tutulmuş bərabərlik hüququnu pozaraq çıxarışda qeyd olunmuş 132.8 kvmetrlik obyektin böyük hissəsini Abbas və Həbibə Məmmədzadəyə vermiş, Telman Əsgərovun payına düşən tikililərin giriş qapısının bağlanılması və təcrid olunması barədə analoqu olmayan gülünc qərar çıxarmışdır.
“Alternativ Ekspertiza Mərkəzi” MMC-nin 24 dekabr 2014-cü il tarixli 120 saylı EKSPERT Rəyində qeyd olunmuşdur ki, tədqiqatın nəticəsində Təbriz küçəsi 47E (əvvəlki ünvan Təbriz 27) saylı ünvanda yerləşən, təyinatı üzrə mağaza kimi nəzərdə tutulmuş qeyri-yaşayış obyektinin ticarət sahəsi kimi vahid mağaza şəklində iki təcrid hissəyə bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən edilir.
Çox təəssüflər olsun ki, Ali Məhkəmənin hakimi Mehparə Əhmədova kassasiya şikayətinə baxarkən yuxarıda qeyd olunan qanunsuzluqlara göz yumaraq hakim E.Həsənovun çıxardığı gülünc qərarı qüvvədə saxlamışdır. Hakimlər tərəfindən qərar qəbil edilərkən Azərbaycan Respublikasının Konstitusiyasının əşağıdakı maddələri kobud surətdə pozulmuşdur.
Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. 29-cu maddəyə əsasən Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 25-ci maddəyə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. 26-cı maddəyə əsasən Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 71-ci maddəyə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
Hazırda qeyd olunan əsassız, gülünc və analoqu olmayan qərardan Konstitusiya Məhkəməsinə şikayət olunub.
Ümidvarıq ki, Konstitusiya Məhkəməsi bu şikayətə obyektiv baxacaq”.
Prezident İlham Əliyevə, Birinci Vitse-Prezident Mehrban xanım Əliyevaya, Məhkəmə Hüquq Şurasının sədri, Ədliyyə Naziri Fikrət Məmmədova müraciət edən şikayətçilər, Prezident İlham Əliyevin məlum fərmanını pozaraq müxtəlif maddi maraqlar naminə “qanunları ayaq altına atan” hakim Elnur Həsənovun çıxardığı qanunsuz və əsassız qərarın ləğv edilməsini xahiş edirlər.
Yazıda adı çəkilən şəxslərin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.