Ümumdünya Heyvan Sağlamlığı təşkilatı (OIE) və Dünya Səhiyyə Təşkilatı (DST) yeni yayılmış “2019 novel koronavirus” (2019-nCoV) virusunun heyvan mənşəli olması qənaətinə gəlib. Belə ki, hazırkı epidemiyanın və əvvəlki illərdə yayılmış oxşar MERS (Middle East respiratory syndrome - orta şərq tənəffüs sindromu) və SARS (Severe acute respiratory syndrome - ağır kəskin tənəffüs sindromu) epidemiyalarının yaranmasında heyvanların, heyvan mənşəli məhsulların, o cümlədən balıq və dəniz məhsullarının rolu olduğu artıq öz təsdiqini tapıb. Qida Təhlükəsizliyi Agentliyindən SİA-ya bildiriblər ki, virus ailəsinin adı onun anatomik quruluşu - “tac” formasında olması ilə əlaqədardır və bu ailəyə daxil olan bir sıra viruslar zoonoz infeksiyaların yaranmasına səbəb olur. Həmin virus genetik olaraq bütün digər koronaviruslardan fərqlidir və hazırkı epidemiyanın insanlar arasında daha sürətlə yayılması, xüsusilə diqqəti cəlb edir.
OIE-nin Elm Komitəsi və Vəhşi heyvanlar üzrə İşçi qrupu birgə tədqiqatlara başlamış və ilkin olaraq, “Quruda Yaşayan Heyvanların Sağlamlıq Məcəlləsi”ndə “fövqəladə xəstəliklər” bölməsinin yaradılması və üzv ölkələr tərəfindən “Ümumdünya Heyvan Xəstəliklərinin İnformasiya Sistemi” (WAHIS) vasitəsilə OIE-yə təcili bildiriş təqdim edilməsini tövsiyə edib.
Bununla əlaqədar, Azərbaycan üzv ölkə kimi OIE ilə bu sahədə müzakirələrə başlayıb və respublikamızda həmin xəstəliyə qarşı aparılan qabaqlayıcı tədbirlər barədə təşkilata mütəmadi məlumatlar veriləcək. OIE və DST-nin birgə təşəbbüsü ilə “2019-nCoV” virusunun tədqiq edilməsi və onunla mübarizənin aparılması üçün “Yol Xəritəsi”nin hazırlanmasına başlanılıb.
Qeyd edək ki, aparılan mübarizə tədbirləri çərçivəsində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən infeksiya riski olan ölkələrdən respublikamıza diri heyvanların (zoopark heyvanları və vəhşi heyvanlar da daxil olmaqla), balıq və dəniz məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulub. Agentliyin regional bölmələri, həmçinin Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyaları xüsusi hazırlıq vəziyyətinə gətirilməklə gücləndirilmiş iş rejiminə keçiblər. Eyni zamanda, hazırda xüsusi riskli hesab olunan, virusun keçə biləcəyi ərzaq məhsullarının siyahısının hazırlanması və satış şəbəkələrində nəzarət tədbirlərinin artırılması, köçəri quşların ovlanması və onlardan qida kimi istifadə olunmasına nəzarətin gücləndirilməsi ilə əlaqədar müvafiq qurumlarla birgə tədbirlər görülür.