Ötən il fevralın 8-də Prezident İlham Əliyevin Fərmanı ilə Sosial Tədqiqatlar Mərkəzi yaradılıb. Mərkəz ölkədə dərinləşməkdə olan sosial, iqtisadi, kadr islahatı və digər sahələrdə həyata keçirilən islahatların gedişini izləyib, müvafiq metodologiyalar əsasında təhlillər aparıb.
Diaspor info xəbər verir ki, ötən müddət ərzində mərkəzin açıqladığı hesabatlar vəzifəli şəxslərin, dövlət qurumlarının fəaliyyətlərinin qiymətləndirilməsi, il ərzində davam edən iqtisadi, sosial və kadr islahatlarının ictimai rəydəki yerinin öyrənilməsi məsələlərini əhatə edib. Dövlət başçısının 2019-cu ilin son rübündə daxili və xarici siyasətdəki addımlarının ölkədə doğurduğu ciddi dəstəyi özündə əks etdirən “Prezidentin fəaliyyəti ictimai rəydə” hesabatı dərc edilib, "Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının yeni modeli” ictimai rəy sorğusu əsasında hazırlanmış analitik hesabat çap edilərək müvafiq qurumlara və ictimaiyyətə təqdim olunub. Bələdiyyələrlə, media landşaftı və s. mövzularda onlarla qapalı arayış hazırlanıb.
Hesabat dövrü ərzində kadr potensialının inkişafı ilə əlaqədar vaxtaşırı təlimlər, layihələr və görüşlər təşkil edilib. Ölkənin ən tanınmış elm xadimləri, xüsusi proqramlarla fəaliyyət göstərən ekspertlər, mütəxəssislər, dövlət xadimləri ilə görüşlər keçirilib, seminarlar, dərslər təşkil edilib və mərkəzin əməkdaşları ilə fikir mübadiləsi aparılıb.
Mərkəz elmi akademik dairələrlə əməkdaşlıq əlaqələri qurmaq və fəaliyyət istiqamətlərini genişləndirmək məqsədilə “Sosial tədqiqatlar” və “Azərbaycan barometri” jurnallarını təsis edib. “İnam indeksi” jurnalının qeydiyyatdan keçirilməsi üçün sənədlər Ədliyyə Nazirliyinə təqdim ediləcək. Keçən il “Azərbaycan barometri” jurnalının 5 nömrəsi çap edilib və aidiyyəti qurumlara paylanılıb.
“İnam indeksi” jurnalının ilk xüsusi buraxılışı Prezident İlham Əliyevin 2019-cu ilin oktyabrındakı fəaliyyətinə həsr olunub və “Prezidentin fəaliyyəti ictimai rəydə” adı ilə çap edilib. Ötən ilin sentyabrından STM.az domeni ilə qurumun saytı fəaliyyətə başlayıb və burada mərkəzin elanları, tədbirləri, press-relizləri ilə tanış olmaq mümkündür. Saytdakı “Ekspert rəyləri” və “Günün nəbzi” bölməsi vasitəsilə müxtəlif hadisələrlə bağlı aktual tərcümələr və şərhlər daim yenilənir.
Əməkdaşlar mütəmadi olaraq ölkənin populyar media qurumları tərəfindən ekspert kimi dəvət olunurlar. Onlar həm televiziyalarda, həm müxtəlif media orqanlarında fəal şəkildə çıxış edir, müsahibələr verirlər.
Mərkəz dünyanın bir sıra nüfuzlu beyin mərkəzləri ilə əlaqə qurmağa başlayıb. Bu qurumların data-bazalarından istifadə, təcrübə mübadilələri, qarşılıqlı layihələrin həyata keçirilmə, beynəlxalq aləmdə nüfuzlu beyin mərkəzinə çevrilmək yolunda mühüm addımlar atılıb. Sosial Tədqiqatlar Mərkəzi Qazaxıstan Respublikasının Birinci Prezidentinin – Elbası Kitabxanası, Türkiyənin “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfi, Ankara Universiteti, Asiya-Sakit Okean Tədqiqatlar Mərkəzi, Hacettəpə Universiteti, Hacı Bayram Vəli Universiteti, Çanaqqala Savaşları İnstitutu, Çanaqqala On səkkiz Mart Universiteti, Sonar Sorğu və Araşdırma Mərkəzi, Rusiyanın Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzi, İqtisadi və Siyasi Tədqiqatlar Mərkəzi, “Roskonqres” Fondu və Çinin “Sosial Elmlər Akademiyası” ilə beynəlxalq tərəfdaşlıq haqqında memorandum imzalayıb.
Sentyabrda keçirilən “Prezidentin sosial və kadr islahatları ictimai rəydə” mövzusunda hesabat-konfransı Sosial Tədqiqatlar Mərkəzinin ölkədə baş verən prosesləri ilk dəfə olaraq ictimai qiymətləndirilmə meyarları ilə ciddi sosial dəyərləndirmə prosesinə daxil etməklə yanaşı, ictimai rəy institutunun formalaşdırılmasında atılan əhəmiyyətli addım olub.
“Bələdiyyə 2020: yerli özünüidarəetmə ictimai rəydə” analitik hesabat isə Sosial Tədqiqatlar Mərkəzi tərəfindən 2019-cu ilin noyabrında ölkə miqyasında (Naxçıvan MR istisna olmaqla) kənd, qəsəbə və şəhər bələdiyyələrini əhatə etməklə 2 min 848 respondent arasında sorğu, kənd, qəsəbə və şəhər üzrə hər biri 7 nəfərlik fokus qrup və müvafiq olaraq təsadüfi seçmə əsasında kənd, qəsəbə və şəhər bələdiyyə sədrləri ilə keçirilmiş dərinləşdirilmiş müsahibə, aparılmış tədqiqat və məsləhətləşmələrin nəticələrinə əsasən hazırlanıb. Bundan başqa, həmçinin Azərbaycanda media landşaftının sosioloji tədqiqi və ictimai rəy sorğusu həyata keçirilib.
Bu il Sosial Tədqiqatlar Mərkəzi əhalinin sosial rifahının qiymətləndirilməsi məqsədilə monitorinq sorğularının və ölkədə baş verən hadisələrə ictimai münasibəti öyrənmək məqsədilə operativ sorğuların keçirilməsini planlaşdırır. Sorğularla yanaşı əhalini narahat edən mövzularla əlaqədar açıq və qapalı təhlillərin aparılması, arayışların hazırlanması nəzərdə tutulur. İl ərzində yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində ortaq tədqiqat layihələri təşkil ediləcək. Belə ki, həm kəmiyyət, həm keyfiyyət tədqiqat metodları olan anket sorğusu, telefon və onlayn sorğu, fokus qrup, dərinləşdirilmiş müsahibə, ekspert müsahibəsi, sənədlərin təhlili, müşahidə metodlarından istifadə olunacaq. Ölkə üzrə reprezentativliyi təmin etmək üçün ictimai rəy sorğuları bütün iqtisadi rayonlar və əhalinin sosial-demoqrafik qrupları üzrə keçiriləcək.