Bakı-Naxçıvan reysi hələ açılmayacaq.
Diaspor.info İnformasiya Agentliyinin məlumatına görə, bunu bu günlərdə Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Onun sözlərinə görə, çünki Naxçıvan sarı zonadır:
"Bakı isə narıncı zona hesab edilir. Ona görə də yoluxmanın qarşısını almaq üçün bu məsələ hələ baxılmamış qalıb. Növbəti mərhələdə həmin məsələyə baxılacaq".
Düzdür Naxçıvanda pandemiyaya qarşı görülən qabaqlayıcı tədbirlər yüksək səviyyədədir. Heç kim istəməz ki, paytaxtdan Naxçıvana koronovirusa yoluxmuş şəxslər gəlsin və orada xəstəlik yayılsın. Lakin Nazirlər kabineti karantin səbəbiylə Naxçıvanda qalan yüzlərlə Bakı və digər rayon qeydiyyatında olan insanları da nəzərə almalıdır. Elə insanlar var ki, işi ilə bağlı Naxçıvana səfər edib və yollar bağlandığı üçün burada qalıblar. Belələri arasında jurnalist həmkarlarımız da, az deyildir. Naxçıvanda məzuniyyətə gəlmiş hərbiçilər və onların ailələri başda olmaqla, bəzi ağır xəstələrin Bakı şəhərinə çatdırılması üçün heç olmasa həftədə bir reys açılsa ümumi işin xeyrinə olardı.
Odur ki, çox güman, Nazirlər kabineti bu kimi problemləri dərindən araşdıraraq Naxçıvan-Bakı hava məkanını açmaq məcburiyyətində qalacaqdır.