Təhsil ocaqlarının təmiri və inşası istiqamətində davamlı işlər görülür
Dövlət başcısının Sərəncamı ilə Gəncə şəhərində ümumtəhsil məktəbi binasının tikintisinə 2,0 (iki) milyon manat ayrılıb
Müasir dövrümüzdə ölkə iqtisadiyyatının şaxələnməsi, hərtərəfli inkişafı təhsil infrastrukturunun əsaslı şəkildə yenilənməsinə, Azərbaycan təhsilinin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına, şəffaflığın və obyektivliyin təmin olunmasına zəmin yaradıb. Təhsil ocaqlarının yenidən qurulması, təmiri və inşası istiqamətində, davamlı olaraq, işlər görülür. Azərbaycanın təhsil sisteminin normativ-hüquqi bazasının yaradılması, təhsilin məzmununun yeniləşdirilməsi və təkmilləşdirilməsi, təhsilin idarə olunmasının demokratikləşdirilməsi istiqamətində çox böyük işlər görülüb. Əminliklə vurğulayaq ki, son illərdə ölkədə təhsil müəssisələrinin inkişafı istiqamətində mühüm addımlar atılmış, müxtəlif şəhər və rayonlarda təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası istiqamətində uğurlu işlər görülmüşdür.
Görülən işlərin davamı olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Gəncə şəhərində 760 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılıb. Təbii ki, təhsildəki nailiyyətlər hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir.
Azərbaycanda son illər təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, dövlət proqramları, islahatlar bu sahəyə dövlətin böyük önəm verdiyini göstərir. Təbii sərvətlərlə zəngin olan Azərbaycan bu sərvətlərdən səmərəli istifadə etməklə, insan kapitalının yaradılması və daha da inkişaf etdirilməsini başlıca hədəf seçib.
Nəzakət ƏLƏDDİNQIZI