"Bəlkə də karantin rejiminin uzadılmasına ehtiyac var, çünki virus hələ təslim olmayıb. Bəzi dövlətlərdə virusa yoluxanların sayı kifayət qədər azalsa da, orada açılmalar olsa da, yenidən qapanmalara gediblər. Ona görə ki, virus yenidən tüğyan edib, ikinci, üçüncü dalğa başlayıb". Bu sözləri Diaspor info-ya verdiyi açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.
Mərkəzin rəhbəri qeyd edib ki, karantin rejimi uzansa da qadağaları tədricən yumşaltmaq lazımdır: “Artıq təhsil naziri də açıqlama verdi ki, bu və ya digər dərəcədə məktəb və universitetlərdə tədris başlayacaq. Düzdür, əvvəl distant təhsil başlayacaq, amma ardınca artıq məktəblərdə, universitetlərdə əyani təhsilə də üstünlük veriləcək. Yəni, tədricən müəyyən açılmalar da olmalıdır. Çünki, iqtisadiyyat uzun müddət qapalı qaldıqca bunun mənfi nəticələri büdcəyə, əmək haqlarına, insanlara, hamıya təsir edir. Buna görə də tədricən bu açılmalara getmək lazımdır. Amma nəzarəti də əldən verməmək gərəkir. Tibbi maska, sosial məsafə və gigiyenik qaydalara əməl edilmlidir. Bu üç şərt hər zaman diqqət mərkəzində olmalıdır. Çox təəssüf ki, bütün vətəndaşlar bu şərtlərə əməl etmir. Yəni, yenə də görürük ki, maskasız gəzənlər var. Dünən özüm də müşahidə etmişəm ki, bir sıra avtobuslarda maskasız olanlar yenə də var və məsafə də problem olaraq qalır. Aydındır ki, bu prosesi tam nəzarətə almaq da mümkün deyil. Bu çox çətindir. Çünki, insandan insana fərq var. Amma hər halda bu üç şərti biz hər zaman səsləndirməli və anlamalıyıq ki, bu üç şərtə biz riayət etməsək, bu virus uzun müddət bizdə qalacaq və bundan qurtula bilməyəcəyik. Amma yenə də, karantin uzadılmaqla bərabər, müəyyən açılmaların olmasının da tərəfdarıyam. Məsələn, bir müddət öncə çimərliklər açıldı və bu da virusun geniş yayılmasına şərait yaratmadı. Təhlükənin olduğundan biz ehtiyatlanırdıq. Demək, müəyyən qaydalara biz riayət edəndə təhlükədən sığortalana bilirik. Eləcə də bəzi ticarət mərkəzləri, müəssisələr açıldığı zaman müəyyən qaydalara riayət etməklə, düşünürəm ki, biz təhlükədən sığortalana biləcəyik. İndi vəziyyət hələki qənaətbəxşdir. Bir ay, ay yarım bundan əvvəl virusa yoluxanların sayı 500, 600 oludusa, indi virusa yoluxanların sayı 130, 140 nəfər olur. Düşünürəm ki, qaydalara bir az da ciddi riayət edilsə yoluxmanı ikirəqəmli həddə də gətirə bilərik”.