“Karantin qaydaları yumşaldılsa da bugünümüzün əsas çağırışı birliyimizin, həmrəyliyimizin möhkəmləndirilməsi ilə yanaşı, məsuliyyət hissini artırmaq, nizam-intizam qaydalarına riayət etməkdir. Azərbaycanın pandemiyaya qarşı mübarizə tədbirlərinə başlandığı gündən atdığı addımların təməlində məsuliyyət hissinin artırılması, dövlət-vətəndaş birliyinin daha da möhkəmləndirilməsi dayanıb. Məhz sosial məsuliyyətə söykənərək həyata keçirilən sistemli tədbirlər nəticəsində kütləvi yoluxma hallarının qarşısı alınır”. Bunu Diaspor info-ya millət vəkili Eldəniz Səlimov deyib.
Deputatın sözlərinə görə, Azərbaycan, həmçinin COVID-19-la mübarizədə birliyin, həmrəyliyin vacibliyini dünyaya ünvanladığı çağırışlarını reallıqda təsdiqləməklə də nümayiş etdirir: “Ölkəmizin təşəbbüsü ilə Türk Şurasının, Qoşulmama Hərəkatının videoformat şəklində Zirvə görüşlərinin, eyni zamanda, BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi də deyilənlərin təsdiqidir. “Qarşılıqlı dəstək, özünə qapanmama və yalnız birgə səylərlə COVID-19-a qalib gələ bilərik” söyləyən cənab İlham Əliyev irəli sürdüyü təşəbbüslərlə dünyanı birləşdirdi.
Cənab İlham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirdiyi müşavirədə Azərbaycanın pandemiya dövründə atdığı addımların xronologiyasına diqqəti yönəldərək bu məqamı xüsusi qeyd etmişdir ki, iyulun 16-dan bu günə qədər müsbət dinamika deməyə əsas verir ki, görülmüş bütün tədbirlər vaxtında görülmüş tədbirlərdir. Bu tədbirlər nəticəsində vəziyyət bu günə qədər nəzarət altındadır. İyulun 16-dan bu günə qədər yoluxanların sayı sağalanların sayından xeyli aşağıdır. Prinsip etibarilə ilk günlərdən, bu xəstəlik meydana çıxandan dərhal sonra bütün lazımi qabaqlayıcı tədbirlər görüldü. Bunun nəticəsində biz bu vəziyyətdən az itkilərlə çıxırıq.
Xüsusi karantin rejiminin davam etdiyi dönəmdə hamı karantin qaydalarına, Operativ Qərargahın qərarlarına, TƏBİB-in tövsiyələrinə, xüsusilə dövlətimizin başçısı İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çağırışlarına əməl etməlidir. Hamı bir nəfər kimi tibbi maskalardan və əlcəklərdən istifadə etməli, sosial məsafəni gözləməlidir. Sərt karantin rejiminin yumşaldılması virusun yoxa çıxması demək deyil. İnsanlar ehtiyac və zərurət olmadığı təqdirdə, küçəyə çıxmamalıdırlar. Bu, insanların təkcə özünü deyil, həm də ətrafını qoruması deməkdir. Belə bir ciddi məsələ müzakirə obyekti ola bilməz. Ən böyük sərvətimiz olan sağlamlığımızı qorumaq, ətrafımızdakı insanlara xoş ovqat bəxş etmək istəyiriksə, tələb olunan qaydalara əməl etməliyik. Bu, eyni zamanda, ölkəmizin davamlı inkişafına töhfə vermək deməkdir. Hər kəs tutduğu vəzifəsindən asılı olmayaraq vətəndaşlıq təəssübkeşliyindən çıxış edərək mübarizədən qalib çıxmağa dəstək olmalıdır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva xalqa dəfələrlə müraciətində “Bütün ölkələrə və xalqlara bu qədər bəla və əzablar yaşadan virus hələ məğlub olmayıb. O, əvvəlkitək hamı üçün ciddi təhlükə olaraq qalır və əvvəlkitək bizim aramızdadır. COVID-19-a qarşı vaksinin nə zaman hazırlanacağını və xəstəliyin tez və effektiv müalicə üsulunun nə vaxt yaranacağını bu gün dəqiqliklə heç kim deyə bilmir. Hələ ki, bu, baş verməyib, hamımız dərk etməli və qəbul etməliyik ki, biz bu yeni reallıqla yaşamalıyıq. Biz heç bir halda sayıqlığımızı itirməməli, ümidverici rəqəmlər fonunda səhlənkarlığa imkan verməməliyik. Belə əziyyətlə nail olduğumuz nəticələri sıfıra endirərək itirmək yolverilməzdir. Laqeydlik hər birimizə, bizim yaxınlarımıza, bizim ölkəmizə real təhlükə törədəcəkdir. Biz hamımız yeni qaydalarla yaşamağı öyrənməliyik. Əslində bu qaydalar elə də çətin deyil – məsafə saxlamaq, qoruyucu vasitələrdən istifadə etmək, tez-tez əlləri yumaq. Tərəzinin digər gözündəki həyat və sağlamlığımızdır. Yeni acı həqiqət budur və bununla Prezidentdən başlayaraq sıravi vətəndaşlaradək hamı hesablaşmaq məcburiyyətindədir" çağırışlarını edərək, bu inamı da ifadə edir ki, COVID-19 adlı qorxulu hekayənin geridə qalacağı gün gələcək. Həmin gün uzaqda deyil: “Amma hələ ki, o gün gəlməyib, hörmətli qardaşlar və bacılar, xahiş edirəm, sayıq və intizamlı olun, yeni qayda və tələblərə tam ciddiyyətlə yanaşın. Özünüzdən və yaxınlarınızdan muğayat olun! Bizim sevimli Vətənimizi, bizim Azərbaycanımızı qoruyun!”.
Qaydaların yumşaldılması dövründə virusun yayılması artıq vətəndaşlarımızın bu məsələyə ciddi yanaşmasından qaynaqlanacaq. 6 aya yaxındır dünyada və ölkəmizdə koronavirus pandemiyası yaşanmaqdadır. Bütün dünya ölkələri kimi, Azərbaycan dövləti və xalqı da bu “gizli düşmən” ilə mübarizə aparmaqda davam edir. COVID-19-la mübarizənin birinci mərhələsini uğurla başa vuran Azərbaycanın, müsbət dinamikanı sonadək davam etdirəcəyinə əminik. Dövlətimizin qətiyyəti, Prezident İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın səyləri bu əminliyə əsas verir”.