“Ümumiyyətlə, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) qurulması prosesi ötən illərdə Naxçıvan Muxtar Respublikasında qərarlaşdırılmışdır. Təbii ki, bundan öncə də Türk dünyasının birliyi istiqamətində çox ciddi addımlar atılırdı. Bu addımların başında Türkiyə və Azərbaycan dayanırdı”. Bunu SİA-ya açıqlamasında “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı deyib
Onun sözlərinə görə, Azərbaycan və Türkiyə dövlətləri həmişə Türk birliyinin vacibliyini önə çəkiblər: “Həm siyasi, iqtisadi, həm də mədəni əlaqələrin inkişafının, birliyinin əhəmiyyətini dəfələrlə xüsusi vurğulayıblar. Bu baxımdan Ümummilli Lider Heydər Əliyevin dönəmindən başlayaraq Türk birliyinə xüsusi diqqət göstərilib. Bu mənada Qırğız Respublikasının Çolpon-Ata şəhərindəki Çingiz Aytmatov adına “Rux Ordo” Mədəniyyət Mərkəzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Sammitin keçirilməsi müsbət bir addımdır. Bu Türk dünyasının birliyi üçün çox vacibdir. İlk növbədə ona görə vacibdir ki, eyni dilə, eyni etnik mənşəyə, soya, kökə malik olan xalqların öz ideyası daha aktuallıq kəsb edir. Həmin sammitdə bu dəfə Macarıstanın iştirakı təmin olunmuşdu. Bu birliyin əsas, aparıcı stünları Azərbaycan və Türkiyədir. Son dönəmlərdə isə Qazaxıstan prezidenti Nursultan Nazarbayev tərəfindən türk birliyi istiqamətində çox ciddi addımlar atılıb. Bu mənada sammitin çox böyük tarixi əhəmiyyəti var. Düşünürəm ki, bu birliyin daha da güclənməsinə, digər sahələri də əhatə etməsinə çox ciddi ehtiyac var”.