ÇAĞIRSA VƏTƏN YENƏ GƏLƏRƏM, TƏKİ ANA VƏTƏN YAŞASIN.
Diaspor info saytının Şimal-Qərb bürosu “İkinci Qarabağ “ müharibəsində döyüşən qəhrəmanlarımızdan müsahibələrini davam etdirir. Bu dəfəki müsahibimiz Zaqatala rayonu Əliabad qəsəbə sakini Orucov Nəzir Arzuman oğludur.
Orucov Nəzir Arzuman oğlu 1998-ci il 21 oktyabrda Zaqatala rayonu Əliabad qəsəbəsində anadan olub. 2015-ci ildə Əliabad 3 saylı tam orta məktəbin məzunu olub. Bir il sonra həqiqi-hərbi xidmətə çağrılıb və necə deyərlər, alnıaçıq kişilik məktəbini də, keçərək evinə dönüb. 2020-cil sentyabrın 27 –də mənfur qonşularımızın qəfil hücumuna qarşılıq verən Azərbaycan ordusu, əks həmlələrlə düşmənə cavab verməyə başladı. Əlbəttə ki, Nəzir Orucov vətənin dar günündə kənardan seyrici kimi dayana bilməzdi.
Odur ki, vətənə xidmət, “İkinci Qarabağ” savaşında, “Vətən” müharibəsində iştirak etmək üçün döyüşə yollandı. Ağcabədi rayonunun təzə Laçınlı kəndinə aparılan hər an döyüşə qatılacağı günü səbirsizliklə gözləyirdi. Onun səbr kasası dolmuşdu və budur, komandirləri onları məşqlərdən ayıraraq, döyüşə yolladı.
Nəzirin ilk döyüşü Noyabr ayında Füzuli istiqamətindən başladı. Qorxmazlığı, cəsurluğu ilə seçilən Nəziri döyüş yoldaşları, dostları da, çox istəyirdilər. Yağı düşməndən Füzuli rayonunu geri alan qəhrəman döyüşçülərimiz, daha sonra Xocavəndə hücuma keçiblər. Sevindirici haldır ki, Nəzir döyüşlərdə böyük qəhrəmanlıq göstərərək, sona qədər gedib və sağ-salamat valideynlərinin yanına, geri dönüb. O, döyüş, müharibə
haqqında çox danışmağı sevmir, deyir ki, biz nə etmişik?, Vətənə olan borcumuzu vermişik!
Nəzir Arzuman oğlu Orucov “Vətən” müharibəsi bitdikdən sonra Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən iki medalla təltif olunub. Belə ki, Prezidentin sərəncamıyla qəhrəmanımız Füzuli və Xocavəndin alınmasına görə medallarıyla təltif olunub.
Əlmaniz Ələkbərli.
Azərbaycan Jurnalistlər və
Yazıçılar Birliyinin Üzvü.