AZƏRBAYCANDA PEŞƏ TƏHSİLİ LAZIMDIRMI?
YENİ TƏHSİL NAZİRİ EMİN ƏMRULLAYEVƏ AÇIQ MƏKTUB.
Hörmətli Emin müəllim, Sizin sosial şəbəkələr vasitəsilə ictimaiyyətə açıq olmanız mənə ümid verdiyi üçün Sizə açıq məktub yazıram.
Cənab nazir!
Azərbaycanda peşə təhsili ilə bağlı xeyli araşdırmalar apardıqdan sonra sizə yazıram. Ən böyük bəla peşə təhsilinin ayrıca bir agentliyə verilməsidir. Bu gün ucqar kənd təsərrüfatı rayonlarında lazımi peşə ixtisasları ləğv edilib. Niyə?
Görünür agentlikdəkilər heç vaxt rayonlarda olaraq, kənd əhalisi ilə görüşməyiblər, onların fikirlərini dinləməyiblər. Bu gün 9-cu sinifi bitirmiş şagirdlər üçün iki illik qruplar yoxdur.
Regionda yerləşən Kənd təsərrüfatı və Elektrik şəbəkənin nümayəndələri ilə apardığımız sorğu nəticəsində məlum oldu ki, adi elektrik mantiyoru, geniş profilli traktor maşinisti, traktorçu maşinist, çilingər, ərzaq və qeyri ərzaq mallarının satıcısı, baytar operatoru xidməti, şirniyyatçı-qənnadçı və s. ixtisasları yoxdur. Hansı ki, əvvəllər bu ixtisasların çoxu olub. Olan ixtisasların da 60%-i pulludur. 40%-i isə Dövlət hesabınadır. Yəni doğrudanmı düşünürsünüz ki, ucqar rayonun kəndlərində yaşayan bir fəhlə baba 400-450 azn təhsil haqqı ödəyərək övladına aşpaz təhsili verəcək?
CƏNAB NAZİR!
Bu gün 9-cu sinifi güclə bitirən şagirdlərimiz yetərincədir. Və onların əksəriyyəti kənd uşaqlarıdır. Sizə elə gəlmir ki, paytaxt vəyaxudda böyük şəhərlərdə olan peşə ixtisasları ilə kənd təsərrüfatlı rayonlardakı peşə ixtisasları fərqli olmalıdır?
Mən dəqiq bilirəm ki, sizin bu məsələlərdən xəbəriniz yoxdur, çünki kəndlərdə yaşayan imkansız valideyinlərin arzularını heç vaxt ürəklərində qoymazdınız.
Bu gün peşə məktəblərinin əksəriyyətində İKT və xarici dil dərsləri keçirilmir. Yəni kompyuter, informasiya əsrində həftədə bir dərs belə keçirilməsi mümkün deyil?
Aldığım məlumatlara görə hər il bir çox ucqar rayonlarda şagirdlərin sayı azaldılır.
Səbəbini heç kimə izah etmirlər. Yaxşı, bu oxumayan gəncləri nə edək?, bekarçılıqdan-avaraçılığa, sonra da pis yollara yönəldək?
Sahibkarlar deyir ki, bu gün kəndlərin çoxunda sıradan çıxan traktoru təmir etmək üçün günlərlə ustaları gözləməli olurlar ki, bu da məhsul yığımında çox böyük itgi deməkdir.
Əgər doğrudan da, say xətrinə Peşə məktəbləri saxlanılırsa onda onların fəaliyyəti dayandırılsa ondan yaxşı fayda verə bilərdi. Əgər daha çox tələbat olan ixtisaslar yoxdursa bu təhsil kimə lazımdır?
Cənab Nazir!
Əminəm ki, qaldırdığım məsələlərə biganə qalmayacaqsınız və ən azından sadə insanların mənim vasitəçiliyimlə sizə müraciətinə diqqətlə yanaşacaqsınız.
HÖRMƏTLƏ: ƏLMANİZ ƏLƏKBƏRLİ
AZƏRBAYCAN YAZIÇILAR VƏ
JURNALİSTLƏR BİRLİYİNİN ÜZVÜ.