"Azərbaycan valyutasının məzənnəsi birbaşa Mərkəzi Bankın qərarından asılıdır. Mərkəzi Bankın növbəti qərarları məzənnənin sonrakı dövrlərdə necə dəyişəcəyini müəyyən edəcək". Bu sözləri Diaspor info-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin üzvü olan deputatı Vüqar Bayramov dolların digər məzənnələr qarşısında dəyərini itirməsinin Azərbaycan manatına nisbətdə necə təsir edəcəyindən danışarkən deyib.
"FED rəhbərinin çıxışı dolların avroya nisbətən məzənnəsinə təsir göstərdi. Bir tərəfdən dünya bazarında qızılın qiymətində artımların müşahidə olunur, digər tərəfdən isə avronun dollara nisbətən məzənnəsi artıb, eyni zamanda, təbii ki, "Bloomberg"in indeksində də dollar məzənnəsində azalmalar müşahidə olunur. Avro ABŞ dolları qarışında praktik olaraq son iki ildə ən yüksək səviyyəyə çatıb. Nəzərə alsaq ki, FED rəhbərinin çıxışı zamanı FED öz humanitar siyasətlə bağlı qərarlarını simmetrik göstəriciyə uyğun deyil, orta infilasiya göstəricisinə uyğun olaraq qəbul edəcəyini bildirib. Bu da təbii ki, birbaşa bazara təsir göstərir" - deyə, Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, bazarda dolların ucuzlaşması müşahidə olunub, avronun məzənnəsinin artması növbəti dövrdə həm də avrozonada, eləcə də Amerika Birləşmiş Ştatlarındakı iqtisadiyyatın necə dəyişməsindən asılı olacaq: "Hələlik, avro dollara nisbətən dəyər qazanıb. Avqust ayı dollar-avro məzənnəsində avronun xeyrinə məzənnənin dəyişməsi ilə yadda qaldı".
Millət vəkili vurğulayıb ki, dolların məzənnəsinin aşağı düşməsi hələlik Azərbaycan valyuta bazarına təsir göstərmir: "Nəzərə alsaq ki, söhbət səbət valyutaya nisbətən məzənnənin dəyişməsindən gedir. Bu baxımdan yenə də Azərbaycan valyutasının məzənnəsi birbaşa Mərkəzi Bankın qərarından asılıdır. Mərkəzi Bankın növbəti qərarları məzənnənin sonrakı dövrlərdə necə dəyişəcəyini müəyyən edəcək. Lakin, dolların həm FED rəhbərinin açıqlaması, həm Amerika Birləşmiş Ştatları iqtisadiyyatındakı müşahidə olunan çətinliklər, eləcə də koronavirusun təsirləri hələlik dolların səbət valyutalara nisbətən məzənnəsinə təsir göstərir. Dolları səbət valyutalara nisbətən orta dəyər itirməkdədir. Eyni zamanda qızıl bazarında da qiymət artımları müşahidə olunur ki, Azərbaycan da daxil olmaqla dünya bazarında qızılın qiyməti artıb".