“Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 2019-cu ildə 51 layihə üzrə 1 080 km yol çəkməli idi. Plan artıqlaması ilə yerinə yetirilib və 1 376 km yol çəkilib. Bu işlərin bir qismi mövcud yolların yenidən qurulması və onların üzərində süni qurğuların quraşdırılması ilə bağlıdır”. SİA-nın verdiyi məlumata görə, bunu Yeni Azərbaycan Partiyasının İcra Katibliyində keçirdiyi mətbuat konfransında Agentliyin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.
Onun sözlərinə görə, bu günə qədər qurum tərəfindən Bakı və Bakıətrafı kənd və qəsəbələrdə 301 km yol çəkilib. O, qeyd edib ki, yolların keyfiyyətli olması sürətə də təsir edir: “SSRİ dövründə Azərbaycanın avtomobil yollarında orta sürət həddi 60 km/saat idi. Hazırda isə bu göstərici 80 km/saatdır. Sürətin həddinin 10 km/saat artırılması yol üçün əlavə min tonlarla yük deməkdir. Hazırda Azərbaycan avtomobil yollarının keyfiyyətinə görə, MDB məkanında 2-ci, dünyada isə 27-ci yerdədir. Əgər əvvəllər Mil-Muğan zonasında yaşayanlar yolun keyfiyyətsizliyinə görə, Qəbələyə, Zaqatalaya getmək istəmirdilərsə, bu gün isə onlar həvəslə həmin yerlərə istirahətə gedirlər”.