Heç kim qələbəmizə şübhə ilə yanaşa bilməz - MÖVQE ÖZƏL
"Dağlıq Qarabağ münaqişəsinin həllində apardığımız 44 günlük müharibə nəticəsində əldə etdiyimiz qələbə Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaqdır. Çünki, tarixdə Azərbaycan həmişə torpaqlarını itirə-itirə gəlmişik. Bu gün ilk dəfə olaraq Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuz işğala son qoydurdu". Bunu DİASPOR.İNFO-ya açıqlamasında Milli Məclisin üzvü Azər Badamov deyib.
Deputat bildirib ki, bu, təkcə Qarabağ torpaqlarının işğaldan azad olunmasıyla bitmədi, həm də Zəngilan- Mehri- Naxçıvan dəhlizinin açılacağı ilə bağlı razılaşmanın imzalanmasına gətirib çıxardı: "Qələbəmiz möhtəşəmdir, ölkəni sevən hər kəsi çox sevindirib. Amma çox təəssüflər olsun ki, dünyanın da qəbul etdiyi bu böyük qələbəmizə kölgə salmaq istəyənlər də peyda olub. Bir şeyi xatırlatmaq istəyirəm ki, 90- cı illərdə torpaqlarımız elə bu gün qələbəmizə kölgə salmaq istəyənlərin hakimiyyətdə olduğu zaman işğal olunub".
A.Badamov vurğulayıb ki, bunların bu hərəkətini özlərinin verdikləri torpaqlarını İlham Əliyevin geri almasını qəbul etməmək kimi başa düşürəm: "Yoxsa heç kim qələbəmizə şübhə ilə yanaşa bilməz. Üç rayon güllə atmadan, şəhid vermədən azad olunur. Dağlıq Qarabağa hüquqi status verilmir, Azərbaycan qanunları ilə işləyəcək. Sadəcə hər şey mərhələli şəkildə həyata keçiriləcəkdir. Cənab Prezident nəyi nəvaxt etmək lazımdırsa, lap yaxşı bilir. Qələbəmizə kölgə salmaq istəyənlərə bir sual vermək istəyirəm. Siz ölkə üçün nə etmisiniz? Təbii ki, dövlətimizin uğurlarına kölgə salmaq cəhdlərindən başqa heç nə".
Müəllif: Aysel Məmmədova