“The Dispatch News Desk”: Azərbaycan yeni bir geosiyasi reallıq yaratdı
Pakistanın “The Dispatch News Desk” agentliyinin “Azərbaycan yeni bir geopolitik reallıq yaratdı” başlıqlı məqaləsini ( https://dnd.com.pk/armenia-capitulated-azerbaijan-created-a-new-geopolitical-reality/203713 ) oxucularımıza təqdim edirik. Yazının müəllifi “EurAsiaAz” Beynəlxalq Ekspert Klubunun direktoru və Vzglyad.az Xəbər Agentliyinin baş redaktoru Seymur Məmmədovdur
Noyabrın 10-na keçən gecə Rusiya prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan tam atəşkəs və Qarabağ münaqişəsi zonasındakı bütün hərbi əməliyyatların dayanmasının elan olunduğu bəyanat imzaladılar.
Əslində bu, bölgənin gələcək inkişafında və münaqişələrin həlli çərçivəsində rolunu oynayacaq yeni bir əməkdaşlıq formatıdır. Nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması bölgədəki bütün ölkələrə fayda gətirəcək: təkcə Azərbaycan və Ermənistana deyil, həm də Türkiyə və Rusiyaya. Məsələn, vaxtilə Ermənistan tərəfindən Azərbaycandan qoparılan Naxçıvan bölgəsi nəhayət quru yolu ilə ölkənin əsas hissəsi ilə əlaqələndiriləcəkdir. Bu, Azərbaycan üçün çox vacib bir hadisədir, çünki əvvəllər azərbaycanlılar Naxçıvana yalnız hava yolu ilə gedə bilirdilər.
Bakı ilə Moskva arasında, Bakı ilə Ankara arasında, Ankara ilə Moskva arasında olan yüksək etimad amili Qarabağda tam atəşkəsin əldə olunmasında həlledici rol oynayan əsas faktordur. Bölgədə gələcəkdə bütün regional və regional olmayan oyunçuların maraqlarına uyğun yeni böyük layihələr həyata keçirməyə imkan verən yeni bir geosiyasi reallıq yaradıldı. 30 ilə yaxındır ki, bölgədə həyata keçirilən bütün layihələrdən- nəqliyyat, neft və qaz boru kəməri layihələrindən tamamilə təcrid olunmuş Ermənistan artıq pis dairədən çıxmaq və yeni layihələrin, xüsusilə nəqliyyat dəhlizlərinin iştirakçılarından biri olmaq fürsəti əldə edəcəkdir. Əlbətdə ki, hər şey erməni tərəfindən asılı olacaq. Ermənistanın regional layihələrdə iştirak etmək istəyib-istəmədiyini zaman göstərəcək.
Azərbaycanın İran sərhədi üzərində tam nəzarəti bərpa etməsi (22 oktyabr tarixinədək İran-Azərbaycan sərhədinin 132 kilometrlik hissəsi Ermənistanın nəzarəti altında idi), azad edilmiş Füzuli, Cəbrayıl, Zəngilana şəhərləri vasitəsilə İranın yaxın şimal-qərb vilayətlərinin iqtisadi potensialından tam istifadə etməyə imkan verəcəkdir. İran və Azərbaycan yolundakı 27 illik əngəl indi tamamilə aradan qaldırıldı, yəni müharibədən sonrakı dövrdə İran-Azərbaycan münasibətləri həm siyasi, həm də iqtisadi sahədə möhkəmlənəcəkdir. Əvvəla, Prezident İlham Əliyevin 23 Fevral 2016 tarixində İrana səfəri zamanı imzalanan Araz çayı üzərində hidroelektrik qurğularının və “Xudafərin” və “Qız Qalası” hidroelektrik stansiyalarının inşasının davam etdirilməsi sahəsində Azərbaycan ilə İran arasında əməkdaşlıq müqaviləsinin həyata keçirilməsinə başlanacaq.
Azərbaycanın Rusiya və Türkiyə ilə münasibətləri müharibədən sonrakı dövrdə mütləq güclənəcəkdir, çünki bu ölkələr Qarabağ münaqişəsinin həllində son dərəcə vacib rol oynamışlar. Türkiyə hər zaman açıq şəkildə Azərbaycanın torpaqlarını qaytarmaq hüququnu dəstəkləydi. Öz növbəsində, Qarabağdakı hərbi əməliyyatların ən yüksək dövründə Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın Ermənistanla deyil, öz ərazisində mübarizə apardığını söylədi. İran da Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə öz töhfələrini verməyə çalışdı, məsələn, hər iki münaqişə tərəfinə münaqişənin həlli üçün öz planını təklif etdi; İranın Ali Lideri Əli Xamenei “Azərbaycan əraziləri onları azad etmək hüququ olan Azərbaycana qaytarılmalıdır”-dedi.
Gördüyümüz kimi, Qarabağ münaqişəsinin həlli iki amil sayəsində mümkün oldu. Birinci amil Azərbaycan rəhbərliyinin sarsılmaz siyasi iradəsi və Azərbaycan xalqının iradəsidir. İkinci amil- Türkiyə xaricində digər regional oyunçular- İran və Rusiya da Azərbaycanın işğal altındakı torpaqlarını geri qaytarmaq hüququnu dəstəklədi. Bu 3 böyük ölkənin Qarabağ məsələsindəki ortaq həmrəylik nümayişi əslində Ermənistanın hərbi-siyasi rəhbərliyini təslim olmaq barədə müqavilə imzalamağa məcbur etdi.
Ən maraqlısı isə bu razılaşmada Dağlıq Qarabağın statusu barədə bir kəlmə də olmamasıdır. Əvvəllər, Azərbaycan tərəfi işğal altındakı bütün ərazilərin azad edilməsi müqabilində Azərbaycanın tərkibindəki Dağlıq Qarabağ bölgəsinə geniş muxtariyyət təklif etmişdi. İndi Dağlıq Qarabağ və ona bitişik 7 rayon təkcə hüquqi deyil, həm də faktiki olaraq Azərbaycanın nəzarəti altında olacaqdır. Azərbaycan ərazi bütövlüyünü tam bərpa edə bildi- yazıda qeyd olunur.
Tərcümə: Elçin Bayramlı