Azərbaycan xalqı qalib xalqdır
Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatı zamanı rəşadətli ordumuz bir-birinin ardınca düşmənə ağır zərbələr vuraraq təcavüzkar ölkənin siyasi-hərbi rəhbərliyini çıxılmaz vəziyyətə saldı. 44 gün davam edən müharibədə vətən torpağının erməni işğalçılarının təcavüzkar siyasəti nəticəsində işğal altında olan torpaqlarımız işğalçılardan azad olundu". Bu fikirləri "Səs" qəzetinə açıqlamasında Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov bildirib.
O qeyd edib ki, noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciətində qeyd etdiyi kimi "Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır". Bu müracət xalqın tarixində yeni bir səhifədir. Azərbaycan xalqı, ordumuz Ali Baş Komandanın ətrafında bir yumruq olaraq birləşdi və Vətən Müharibəsində öz gücünü, nəyə qadir olduğunu erməniyə, eləcə də bütün dünyaya göstərə bildi: "Ermənistan və onun havadarları tərəfindən hərbi əməliyyatları dayandırmaq üçün Azərbaycana diplomatik və siyasi təzyiqlər göstərilsə də Prezident İlham Əliyev qətiyyətini, siyasi iradəsini nümayiş etdirdi, prinsipial mövqeyindən dönmədi. Dövlət başçısının mövqeyi ardıcıl olaraq dünyanın aparıcı mediasına verdiyi 30-a yaxın müsahibəsində də özünü biruzə verdi və ölkəmizə qarşı olan hücumları darmadağın etdi. Azərbaycan Ordusunun qarşısında davam gətirə bilməyən ermənilər təcavüzkar siyasətlərini davam etdirərək, dinc əhalini hədəfə aldılar və yaşayış məntəqələrini ballistik raketlərdən atəşə tutdular. Bu müharibədə Azərbaycan mülki insanlarla müharibə aparmadı və Ermənistandan fərqli olaraq etnik təmizləmə həyata keçirmək niyyətində deyildi. Amma Ermənistan tərəfindən mülkü əhaliyə dəfələrlə atəş açıldı. Bərdə, Gəncə, Tərtər kimi şəhərlərimiz ziyan çəkdi. Mənfur düşmən tərəfindən 94 mülki şəxs qətlə yetirildi. 400-dən çox mülki şəxs yaralandı. Azərbaycan ordusu, əsgəri isə intiqamını hər zaman döyüş meydanında aldı".
Azərbaycan Silahlı Qüvvələrinin hədəfində isə yalnız işğalçı ölkənin hərbi birləşmələri idi. Cəbrayıl, Füzuli, Zəngilan və digər şəhər, qəsəbə və kəndlərin alınması Azərbaycan xalqına qələbə sevincini yaşadırdı, deyən rayon təşkilat sədri vurğuladı ki, noyabrın 8-də rəşadətli ordumuzun Şuşaya Azərbaycan bayrağını sancması Ermənistanın siyasi-hərbi rəhbərliyinə ağır bir zərbə oldu: "28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!", deyən Azərbaycan Prezident Cənab İlham Əliyev onu da bildirdi ki, bu gün biz bir daha bütün dünyaya sübut edirik ki, biz böyük xalqıq, biz məğrur xalqıq! "Bu 17 il ərzində mənim işimin əsas hissəsi ordu quruculuğuna həsr edilmişdir ki, biz ordumuzu necə gücləndirək, ordumuzu ən müasir silahlarla təchiz edək", deyən dövlət başçısı bunun asan məsələ olmadığını qeyd edib: "O silahları almaq üçün təkcə maddi vəsait kifayət etmir. Eyni zamanda, diplomatik, siyasi səylər göstərilməlidir və biz buna da nail olduq". Amma qeyd etmək yerinə düşər ki, Şuşa işğal altına düşəndə Azərbaycan belə gücə malik deyildi. İqtisadiyyatımız böhran dövrünü yaşayırdı, ölkədə də hərc mərclik hökm sürürdü. Bu gün isə artıq Azərbaycan iqtisadi gücə, nizami milli ordusu var".
Şuşanın alınması Ermənistanı tam tərk-silah etdi, onun bütün manevr imkanları çökdü. Düşmənin ağ bayraq qaldırmaqdan başqa çıxış yolu yox idi. Noyabrın 9-da Prezident İlham Əliyev 71 kəndin, bir qəsəbənin və 8 strateji yüksəkliyin işğaldan azad edildiyi barədə ölkə ictimaiyyətini məlumatlandırdı. "Biz müasir silahlardan istifadə edirik, texnikadan istifadə edirik, düşmənin texnikasını məhv edirik", deyə bildirən Cənab Prezident onu da qeyd edib ki, torpaqlarımızı ancaq Azərbaycan əsgəri azad edir, Azərbaycan zabiti azad edir, sinəsini qabağa verərək, heç nədən qorxmayaraq, əlində bayraq, əlində silah düşməni qovan da əsgərdir, düşməni məhv edən də əsgərdir".Bu tarixi qələbəni bəzə yaşadan əlbəttə ki, Azərbaycan Prezidenti İlham Əliyevdir. Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. Rayon təşkilat sədri Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş nazirinin birgə imzaladıqları bəyanata da diqqəti çəkərək bunun mahiyyət etibarilə Ermənistanın kapitulyasiyası olduğunu bildirdi. O qeyd etdi ki, döyüş meydanında məğlubiyyətini dərk edən Ermənistan Prezident İlham Əliyevin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etdi və kapitulyasiya şərtlərinə razılığını verdi. Bəyanatda göstərilir ki, Ermənistan öz üzərinə öhdəlik götürür ki, qarşıdan gələn 20 gün ərzində Azərbaycanın işğal altında olan Ağdam, Kəlbəcər və Laçın rayonlarından qoşunlarını çıxaracaq: "Bəyanatdan da göründüyü kimi, işğalçı qüvvələr Kəlbəcər rayonunu noyabrın 15-dək təhvil verməli idi. Amma Ermənistan tərəfi ordunun və qanunsuz olaraq yerləşdirilmiş insanların rayondan çıxarılması üçün əlavə 10 gün vaxt istədi. Azərbaycan dövləti, Prezident İlham Əliyev həmişə olduğu kimi humanizm prinsiplərinə böyük üstünlük verib".
30 ilə yaxın həsrətlə gözlədiyimiz torpaqlarımıza ayaq basırıq. Bu gün Şuşadan ucalan azan səsi Qarabağa yayılır, deyən H.Qurbanov ərazilərimizdə qeyri-qanuni məskunlaşmış ermənilərin gedərkən evlərini, meşələri yandırdığını və ekologiyaya böyük ziyan vurduğunu söylədi: "Ağacları kəsərək özləri ilə aparır, heyvanları belə qəddarlıqla tələf edirlər. Təbii ki, bütün bu əməllər dünyaya erməni xislətinin bir mesajı olaraq yayılır. Bu vandalizmin və barbarlığın təzahürüdür. Ermənilər faşist ideologiyasın hər zaman nümayiş etdirir. Bütün bunlara baxmayaraq Azərbaycan xalqı qalib xalqdır və bütün bəşəriyyətiə öz məğrurluğunu, ədalət prinsipini, humanizmini və ən əsası da gücünü göstərə bildi".
Zümrüd BAYRAMOVA