Etirazçılar indi də prospektləri bağlayır
Müharibədə məğlubiyyət xəbərini eşidən, bunu təsdiqləyən sənədin imzalanmasını bilən erməni cəmiyyəti həmin andan etibarən Ermənistanın küçə və meydanlarında etiraz aksiyasına başlayıb. Etirazçıların tələbi ilk növbədə baş nazir Nikol Paşinyanın istefasıdır. Baxmayaraq ki, etirazlar səngimir və hər gün mitinqdə eyni istefa tələbi səsləndirilir, Nikol Paşinyan hələ də istefa verməyib və görünür vermək niyyətində deyil. Elə buna görə də etirazçılar, göründüyü kimi, təkcə azadlıq meydanını deyil, digər küçələri də mitinq üçün məkan seçirlər və bu dəfə təsir vasitəsi olaraq yolların bağlanılmasına əl atılıb.
Paşinyanın istefasını tələb edən etirazçılar İsakov prospektini bağlayıblar. DİASPOR.İNFO Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, ABŞ-ın Ermənistandakı səfirliyinə bitişik ərazidəki İsakov prospektini Nikol Paşinyanın istefasını tələb edən etirazçılar bağlayıblar.
Məlumatda qeyd olunur ki, sürücülərin yolu açmaq və hərəkətə mane olmamaq tələbinə baxmayaraq, nümayişçilər hərəkətlərinə davam ediblər. Bu ərazidə aksiya “Rodina” partiyasının üzvü Babken Arutyunyan tərəfindən koordinasiya olunub.
O, bir az əvvəl bu sahədəki aksiyanın dayandırıldığını və İrəvanın digər küçələrində də davam edəcəyini söyləyib.
Göründüyü kimi, etirazçılar hələ bundan sonra digər küçələrdə də mitinqi davam etdirmək niyyətindədirlər və bu da ondan xəbər verir ki, erməni cəmiyyəti öz tələbində, baş nazirin istefası tələbində israrlıdır. Bununla yanaşı Nikol Paşinyanın da öz postunu təhvil verməməkdə israrlı olduğu günü reallığıdır. Bütün bunlar isə onu göstərir ki, Ermənistanda bundan sonra daha böyük xaos gözlənilir və hətta vətəndaş müharibəsi belə proqnozlaşdırılır.
Müəllif: İnam Hacıyev