2021-ci ildə böyk zəfərlərə, ardıcıl uğurlara doğru - TƏHLİL
Prezident İlham Əliyev: "2020-ci ilin əsas yekunu torpaqlarımızın işğaldan azad olunmasıdır"
Azərbaycanın yeni tarixini yazan, 30 illik torpaq həsrətinə son qoyulan, 44 gün davam edən Vətən Müharibəsinin Zəfərlə başa çatması ilə 2021-ci ilə qədəm qoyan Qarabağ Azərbaycandır!
Bəli, Prezident İlham Əliyev yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə dediyi kimi "2020-ci ilin əsas yekunu torpaqlarımızın işğaldan azad olunmasıdır".Prezident İlham Əliyev bildirib ki, Azərbaycan 44 gün ərzində tarixi qələbə qazanaraq öz torpaqlarını azad edib, düşmənə sarsıdıcı zərbələr endirib və Ermənistanı məğlub edib: "Bizim şanlı Qələbəmiz bizim güclü iradəmizi, xalqımızın güclü əzmini bütün dünyaya nümayiş etdirdi", - deyən dövlət başçısı vurğulayıb ki, bizim sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur və Azərbaycan siyasi, iqtisadi, hərbi gücü sayəsində qarşıda duran əsas vəzifəni şərəflə yerinə yetirib.
"Keçən ilin və nəinki keçən ilin, son 30 ilin əsas yekunu torpaqlarımızın işğaldan azad olunmasıdır. Azərbaycan 44 gün ərzində tarixi Qələbə qazanaraq öz torpaqlarını azad etdi, düşmənə sarsıdıcı zərbələr endirdi, Ermənistanı məğlub etdi. Bu məğlubiyyət nəticəsində Ermənistan məcbur olub kapitulyasiya aktına imza atıb, təslim olub və biz 3 rayonumuzu bir güllə atmadan, bir şəhid vermədən siyasi yollarla geri qaytardıq",-deyən dövlət başçısı qeyd edib ki, Ermənistanın 30 il davam edən işğalçılıq siyasətinə son qoyuldu: "Biz bunu hərbi yollarla həll etdik. Baxmayaraq, uzun illər ərzində beynəlxalq vasitəçilər, demək olar, bütün aparıcı beynəlxalq təşkilatlar bizə deyirdilər ki, münaqişənin hərbi həlli yoxdur. Biz də deyirdik ki, əgər belədirsə, onda münaqişə sülh yolu ilə həll olunsun, biz də bunun tərəfdarıyıq. Müharibə dövründə mən dəfələrlə Azərbaycan xalqına müraciət edərək və xarici kütləvi informasiya vasitələrinə müsahibələr verərək deyirdim ki, Ermənistan tərəfi bizə tarix versin, onlar nə vaxt bizim torpaqlarımızdan öz silahlı qüvvələrini geri çəkirlər və biz dayanırıq. Əks təqdirdə, axıra qədər gedəcəyik və bunu etdik. Beləliklə, şanlı Qələbəmiz bizim güclü iradəmizi, xalqımızın güclü əzmini bütün dünyaya nümayiş etdirdi, Azərbaycan dövlətinin gücünü nümayiş etdirdi, göstərdi ki, sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur. Mən dəfələrlə demişdim ki, əgər bu məsələ sülh yolu ilə öz həllini tapmasa, biz bu məsələni hərbi yolla həll edəcəyik və belə də oldu – hərbi yolla. Ondan sonra məsələ siyasi yolla həll olundu və tarixi ədalət bərpa edildi".
"Bu, Ermənistan üçün tarixi dərs oldu"
"Mən son illər ərzində ölkəmizin hərtərəfli inkişafını dilə gətirərək deyirdim ki, bu gün müstəqil Azərbaycan dövləti özünün ən şanlı dövrünü yaşayır. Çünki Azərbaycan tarixdə heç vaxt bu qədər güclü olmayıb. Bu gün bu, həm siyasi gücdür, iqtisadi gücdür, xalq-iqtidar birliyidir, hərbi gücdür və bizim regionda oynadığımız müsbət roldur. Biz bu gücdən istifadə edərək qarşımızda duran əsas vəzifəni şərəflə yerinə yetirdik",_ qeyd edən Prezident İlham Əliyev vurğulayıb ki, Ermənistan ordusu 44 gün ərzində darmadağın edildi, demək olar ki, Ermənistan ordusu yoxdur: "Müharibədən sonra müşahidə olunan mənzərə onu göstərir ki, bu gün Ermənistan silahlı qüvvələri faktiki olaraq tam dağıdılıb. Ermənistan məğlub edilib və biz istədiyimizə 44 gün ərzində nail ola bilmişik. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarını, keçmiş Hadrut rayonunu, Xocavənd rayonunun böyük hissəsini, Suqovuşan qəsəbəsini, Murovdağ silsiləsini və Şuşa şəhərini hərbi yollarla azad etdik. Bütövlükdə 300-dən çox yaşayış məntəqəsi hərbi yollarla işğaldan azad edildi. Bunun nəticəsində Ermənistan faktiki olaraq diz çökdü, məcbur olub noyabrın 10-da kapitulyasiya aktına imza atdı. Beləliklə, Ağdam, Laçın və Kəlbəcər rayonları bir güllə atmadan, bir şəhid vermədən geri qaytarıldı".
Prezident İlham Əliyev bildirib ki, bu Qələbə tarixdə əbədi qalacaq: "Bu Qələbə bütün dünyaya sübut etdi ki, - bir daha bunu qeyd etmək istəyirəm, - bizim sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur. Mən demişdim ki, tarixi Azərbaycan torpaqlarında heç vaxt ikinci erməni dövləti yaradılmayacaq. Mən demişdim ki, heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməyəcək. Mən demişdim ki, Azərbaycan xalqı bu vəziyyətlə heç vaxt barışmayacaq. Demişdim ki, biz bu məsələni istənilən yolla həll edəcəyik və etdik, bütün təzyiqlərə, təhdidlərə baxmayaraq. Baxmayaraq ki, dünyada kifayət qədər güclü erməni lobbisi var. Dünyada bir çox aparıcı dövlətlər Ermənistanı dəstəkləyir və müharibə dövründə biz bunu açıq-aşkar görürdük, bəzi ölkələr bunu gizlədə bilmirdilər. Bu dəstək Ermənistana nə verdi? Heç nə. Bizim gücümüz, iradəmiz qarşısında bu dəstək sıfıra bərabər oldu. Hər kəs gördü ki, bizi heç kim və heç nə dayandıra bilməz. Mən deyəndə ki, biz axıra qədər gedəcəyik, sözümə əməl etdim".
"Onlar bir daha Azərbaycan xalqının böyüklüyünü gördülər"
"O vaxt dayandıq ki, Ermənistan öz alçaldıcı məğlubiyyətini etiraf etdi, diz çökdü, ağ bayraq qaldırdı, təslim oldu. Hesab edirəm ki, bu, Ermənistan üçün tarixi dərs oldu. Onlar bir daha Azərbaycan xalqının böyüklüyünü gördülər",-deyən dövlət başçısı bildirib ki, işğal edilmiş bütün torpaqlarda vandalizm aktları törədildi, bizim bütün tarixi abidələrimiz, məscidlərimiz dağıdıldı və ya təhqir edildi, bütün yaşayış binalarımız dağıdıldı, Ağdam, Füzuli şəhərləri yoxdur, kəndlər yoxdur, Cəbrayıl, Qubadlı, Zəngilan şəhərlərində tək-tük bina qalıb, orada da Ermənistan hərbçiləri yerləşmişdilər. Kəlbəcər və Laçın rayonlarında daha çox qanunsuz məskunlaşma aparıb: "Ancaq Ermənistana o rayonlardan çıxmaq üçün vaxt verildiyi müddət ərzində onlar oranı da dağıdıb, bütün dünyaya öz vəhşiliklərini göstəriblər. Bütün dünyanın gözü qarşısında evləri yandırıb, meşələri kəsib, qırıb, yandırıb, vandalizm aktları törədiblər. Bütün dünya gördü ki, biz kiminlə üz-üzə idik. Bu vəhşiliyin, bu qəddarlığın bəlkə də tarixdə analoqu yoxdur. Heç İkinci Dünya müharibəsində işğalçı qüvvələr bu qədər qəddarlıq törətməyiblər. Onlar hesab edirdilər ki, biz bu bölgələrə qayıtmayacağıq, amma biz qayıtmışıq və qayıdırıq. Bu gün biz Böyük Qayıdış haqqında danışacağıq".
"Biz tarixi ədaləti bərpa etdik. Biz bütün dünyaya gücümüzü göstərdik. Göstərdik ki, heç kim bizim iradəmizin qabağında dura bilməz. Eyni zamanda, məsuliyyət göstərdik, ədalət göstərdik, Ermənistan ərazisinə girmədik. Baxmayaraq ki, Ermənistan ərazisindən bizə qarşı namərd atəşlə törədilən hərbi cinayət nəticəsində onlarla mülki şəxs həlak oldu, şəhərlərimiz bombalandı. Biz Ermənistan ərazisinə keçmədik",-deyən dövlət başçısı bildirib ki, biz beynəlxalq hüquqa hörmətimizi göstərdik: "Baxmayaraq ki, mənfur düşmən üçün heç bir mənəvi çərçivə yoxdur, heç bir mənəvi dəyər yoxdur. Amma mən demişdim ki, biz özümüzü onlar kimi apara bilmərik, biz azərbaycanlıyıq, biz özümüzə hörmət edən xalqıq. Biz döyüş meydanında düşməni çökdürdük. Döyüş meydanında düşmənə elə dərs verdik ki, onlar bu günə qədər bu dərsdən özlərinə gələ bilmirlər".
Prezident İlham Əliyev qeyd edib ki, bu gün Ermənistanı bürümüş böhran onların işğalçılıq siyasətinin nəticəsidir: "Qanunsuz məskunlaşma, şəhərlərimizin adlarının dəyişdirilməsi, Azərbaycanın tarixi, mədəni, dini irsinin silinməsi. Əfsuslar olsun ki, bəzi beynəlxalq təşkilatlar və şirkətlər onlara bu sahədə yardım etmişdilər. Bizim torpaqlarımızda qanunsuz biznes fəaliyyəti göstərilmişdir. Bu gün bu barədə də danışacağıq, artıq müvafiq göstərişlər verildi. O şirkətlər məsuliyyətə cəlb olunacaq. Onlar bunu bilsinlər və gözləsinlər bu günü. Oraya müxtəlif ölkələrin parlamentlərinin nümayəndələri gedirdilər, indi görüm necə gedirlər. Fransadan bir heyət getmişdi, parlament üzvləri. Əfsuslar olsun ki, sülhməramlı qüvvələr onlara bu icazəni vermişdilər. Halbuki, biz bu sülhməramlı qüvvələr qarşısında məsələ qoymuşduq ki, bizim icazəmiz olmadan heç bir xarici vətəndaş Dağlıq Qarabağa gedə bilməz. Nəticədə Fransa səfiri bizim Xarici İşlər Nazirliyinə çağırıldı, nota verildi. Biz səssiz qalmayacağıq".
Azərbaycan Prezidentinin xəbərdarlığı: "Ermənistanın xarici işlər naziri, sən kimsən ki, oraya gedirsən? Oxşar addım təkrarlanarsa, cavabımız çox sərt olacaq"
"Mənə məlumat verildi ki, Ermənistanın xarici işlər naziri Xankəndiyə gedib. Sənin orada nə işin var? Müharibə onların yadından çıxmasın. Unutmasınlar ki, dəmir yumruq yerindədir",- deyən Prezident İlham Əliyev bildirib ki, bu səfərlərə son qoyulmalıdır: "Biz xəbərdarlıq edirik, əgər belə təxribat xarakterli addımlar atılacaqsa, Ermənistan daha da peşman olacaq. İndi münasibətlərin normallaşdırılması istiqamətində addımlar atılır. Rusiya öz vasitəçilik imkanlarını tərəflərə təqdim edib. Bu yaxınlarda Ermənistana və Azərbaycana səfər etmiş Rusiya hökumət nümayəndələrindən ibarət heyət əsasən bu mövzular haqqında söhbətlər aparmışdır.
Yaxşı, əgər münasibətlər normallaşacaqsa, o zaman belə təxribat xarakterli "səfərlərə" nə ehtiyac var? Nəyi göstərmək istəyirlər? Yenəmi bizi qıcıqlandırmaq istəyirlər? Unutmasınlar ki, onlara çox baha başa gəldi bu tipli addımlar. Ona görə bütün səfərlərə son qoyulmalıdır. Heç bir xarici vətəndaş bizim icazəmiz olmadan o əraziyə gedə bilməz. Heç bir beynəlxalq təşkilat, - ancaq Qırmızı Xaç istisna olmaqla, - oraya gedə bilməz. Bu, bizim ərazimizdir. Bütün dünya bu ərazini Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Ermənistanın xarici işlər naziri, sən kimsən ki, oraya gedirsən? Xəbərdarlıq edirik. Əgər buna oxşar addım təkrarlanarsa, bizim cavabımız çox sərt olacaq. Elə birinci dəfə biz Xarici İşlər Nazirliyi vasitəsilə onlara xəbərdarlıq etdik. Ondan sonra xəbərdarlıq başqa cür veriləcək. Onların ayağı oradan kəsilməlidir. Otursun öz ölkəsində".
"Noyabrın 10-da imzalanmış bəyanat gələcək fəaliyyət üçün əsas olmalıdır"
"Sülhməramlı qüvvələr. Onların orada funksiyası var. Noyabrın 10-da bu funksiya təsbit edildi. Baxmayaraq ki, indi onlar orada humanitar işlərlə məşğuldurlar, halbuki noyabrın 10-da imzalanmış bəyanatda bu funksiya təsbit edilməyib, biz buna, necə deyərlər, göz yumuruq. Nə üçün? Çünki başa düşürük ki, orada insanlar yaşayır, başa düşürük ki, indi qış gəlib, hava soyuqdur. Orada müəyyən işlər görülməlidir ki, bu qış orada yaşayan ermənilər üçün problem yaratmasın. Ona görə biz imkan verdik. İndi yüklərin böyük hissəsi oraya Azərbaycan ərazisindən gedir. Biz imkan verdik. Bərdəyə qədər dəmir yolu ilə gedir. Ondan sonra maşınlarla Dağlıq Qarabağa aparılır. Əlbəttə, biz imkan verməyə də bilərdik",- deyən Prezident İlham Əliyev bildirib ki, Ermənistan 30 il bizim suyumuzu kəsib, 100 min hektar torpağı susuz qoyub: "Baxmayaraq ki, həm Sərsəng, həm də Suqovuşan su anbarları o vaxt Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə və onun fəaliyyəti nəticəsində inşa edilmişdi. Ermənistan bizim suyumuzu kəsmişdi. Amma mən yenə də deyirəm, biz heç vaxt onların səviyyəsinə düşməməliyik. Bu gün Dağlıq Qarabağda yaşayan insanlar bizim vətəndaşlarımızdır. Mən demişəm, onlar görəcəklər ki, Azərbaycan rəhbərliyi altında onlar yaxşı yaşayacaqlar. Ona görə biz bu imkanları verdik. Yoxsa Laçın dəhlizi ilə oraya yük daşımaq çox çətin məsələdir. Biz digər addımlar atdıq ki, orada humanitar işlər getsin. Yenə də deyirəm, noyabrın 10-da imzalanmış sənəddə bu, yoxdur. Amma biz yenə də imkan veririk. Bu, bizim ürəyimizin nə qədər geniş olmasını göstərir. Hesab edirəm ki, noyabrın 10-da imzalanmış bəyanat gələcək fəaliyyət üçün əsas olmalıdır. Bu bəyanatdan başqa, hər hansı bir digər sənəd imzalanmayıb".
"İndi biləndə ki, bu, Azərbaycan ərazisidir və Azərbaycan sərhədçiləri oraya gəlib yerləşiblər, əlbəttə, onlar stres keçiriblər"
"Eyni zamanda, imkan verdik ki, - söhbət bizim ərazimizdən keçən yollardan və azad edilmiş torpaqlardan gedir, - erməni vətəndaşlar Qubadlı rayonundan keçən yoldan istifadə etsinlər. Bunu gərək onlar qiymətləndirsin, yoxsa yox. Bu, bizim torpağımızdır. Başa düşürük ki, yol oradan keçib. Sovet vaxtında sərhədlərin o qədər də böyük əhəmiyyəti yox idi, orada yaşayan erməni əhalisi bəlkə də bilməyib ki, bu, Azərbaycan ərazisidir. Çünki kim onlara deyə bilərdi ki, bu, Azərbaycan ərazisidir. Onlar hesab ediblər ki, bu, Ermənistan ərazisidir. İndi biləndə ki, bu, Azərbaycan ərazisidir və Azərbaycan sərhədçiləri oraya gəlib yerləşiblər, əlbəttə, onlar stres keçiriblər",-deyən dövlət başçısı bildirib ki, mən göstəriş vermişdim ki, bir adamın burnu qanamamalıdır: "Onlara başa salın ki, bu, bizim yerimizdir, bizim torpağımızdır, çıxıb getsinlər. Vaxt verdik onlara. Ermənistan tərəfi bizdən xahiş etmişdi ki, yanvarın 2-nə qədər vaxt verin. Biz də vaxt verdik. Vaxt verməyə bilərdik. Mən oraya bir hərbi dəstə göndərə bilərdim və görüm nə günə düşərdilər onlar. Bunu etdikmi? Yox! Amma onlar edərdilər. Onlar Kəlbəcəri işğal edəndə bizə vaxt vermədilər. Bizim vətəndaşlar oradan ayaqyalın Murov aşırımından, Ömər aşırımından keçərək çıxdılar. Bir çoxları da yolda donub həlak oldular. Onlar bizə vaxt verdilər?".
"Parlament seçkiləri demokratiya istiqamətində atılmış növbəti ciddi addım idi"
"Beləliklə, müharibə başa çatdı. Biz istədiyimizə nail olduq. İndi artıq quruculuq dövrü başlayır. Biz bu gün bu barədə də danışacağıq. Amma bundan əvvəl 2020-ci ildə baş vermiş başqa hadisələr haqqında demək istərdim",-deyən Prezident İlham Əliyev bildirib ki, 2020-ci ilin fevral ayında ölkəmizdə parlament seçkiləri keçirilib: "Parlament seçkiləri demokratiya istiqamətində atılmış növbəti ciddi addım idi. Parlamentin rəhbər orqanları yeniləndi, rəhbərliyə yeni insanlar gəldi. İlk dəfə olaraq parlamentin sədr müavini müxalifət partiyasının nümayəndəsi seçildi. Eyni zamanda, ilk dəfə olaraq parlament komitələrinin sədr və müavin vəzifələrinə müxalifət nümayəndələri seçildilər. Bu, yeni siyasi mədəniyyətin təzahürüdür. Bu, bütün siyasi qüvvələr arasındakı əməkdaşlığa yönəlmiş ciddi bir addımdır. Əlbəttə ki, ölkəmizin demokratik inkişafı baxımından bunun çox böyük əhəmiyyəti var. Parlament çoxpartiyalı parlamentdir və bu, siyasi sistemimizin gücləndirilməsi istiqamətində çox önəmli addım sayılmalıdır".
"Minalardan təmizlənmə ilə əlaqədar, hesab edirəm ki, biz bu sahəni böyük dərəcədə gücləndirməliyik. Çünki mənə verilən məlumata görə, bu günə qədər bu məsələ ilə məşğul olan qurumun heç hər hansı bir dövlət statusu da yoxdur",- deyən dövlət başçısı qeyd edib ki, ANAMA qurumunun dövlət statusu yoxdur, bu, adi agentlikdir: "O, faktiki olaraq dövlət idarəetmə strukturunda agentliyə xas olan səlahiyyətlərə malik deyil. Bu, vaxtilə yaradılmış komissiyanın nəzdində olan bir qurumdur. Ona görə mən artıq göstəriş vermişəm ki, bu qurum yaxın günlərdə yenidən təşkil edilsin", - deyən dövlət başçısı bildirib ki, ANAMA-nın Ərazilərin Bərpası Agentliyi ilə birləşdirilməsinə də baxmaq olar.Çünki bu qurumun də faktiki olaraq agentlik statusu yoxdur. Say tərkibinə baxılmalıdır"
"Bizim azad edilmiş torpaqlarımızda çox böyük su mənbələrimiz var"
"Bilirsiniz ki, bir müddət əvvəl su resurslarından səmərəli şəkildə istifadə etmək üçün xüsusi komissiya yaradılmışdır. Komissiya fəal işləyir və artıq bəzi nöqsanlar da üzə çıxıb, qanunsuz birləşdirmələr, suyun uçotunun olmaması, hətta bizim ən böyük su anbarımız olan Mingəçevir anbarına daxil olan və oradan çıxan suların uçotunun olmaması. Yəni, tamamilə belə xoşagəlməz mənzərə mövcud idi",-deyən dövlət başçısı bildirib ki, nöqsanların bir hissəsi qısa müddət ərzində aradan qaldırıldı: “Eyni zamanda, qanunsuz birləşdirmələr, bəlkə də yüzlərlə qanunsuz birləşdirmə mövcud idi. Ona görə bəzi sahələrə su həddindən artıq çox verilirdi, amma bəzi sahələrə su verilmirdi. Ona görə də fermerlər, kəndlilər haqlı olaraq öz narazılıqlarını bildirirdilər ki, onlara su çatmır. Yerlərdə inzibati resurslardan istifadə olunurdu, yerli icra orqanları özlərinə yaxın olan fermerlərə suyun verilməsini təmin edirdilər, ancaq başqa fermerlər problemlərlə üzləşirdilər. Xüsusilə nəzərə alsaq ki, keçən il və 2019-cu ildə quraqlıq olub və istisna edilmir ki, quraqlıq bu il də davam etsin".
Dövlət başçısı qeyd edib ki, əlbəttə ki, bizim azad edilmiş torpaqlarımızda çox böyük su mənbələrimiz var və mənfur düşmən bizi bu mənbələrdən məhrum etmişdi: "Bu ərazilərdə ən böyük çayımız olan Tərtər çayının mənbəyi Kəlbəcər rayonudur. Ancaq Tərtər çayının sularından biz məhrum idik. Çünki Sərsəng, Suqovuşan su anbarları ermənilərin əlində idi, suyu kəsirdilər və biz məcbur olub bu bölgələrdə yüzlərlə subartezian quyusu qazmışıq. Bunun da böyük maliyyə yükü var - həm onların qazılmasında, həm də ki, istismarında, çünki enerji sərf olunur. Biz Suqovuşan qəsəbəsini azad edəndən sonra artıq suyun axını təmin edilib, ancaq indi kanallar problemi üzə çıxıb. Çünki bu kanallar uzun illər ərzində istifadəsiz qalıb. Bizim digər çaylarımız oradan mənbə alır və o ərazidən keçir. Həkəri çayı, Bazarçay, Oxçuçay, Xaçınçay. Onların bir çoxu Araz çayına axır və çaylar boyu orada su anbarlarının tikilməsi nəzərə alınmalıdır".
Prezident bildirib ki, bu ilin Dövlət İnvestisiya Proqramına və azad edilmiş torpaqlarda görüləcək işlərlə bağlı proqrama bu, mütləq salınmalıdır: "Hesab edirəm ki, bunların layihələndirilməsi və tikintisinə start verməliyik. Bir daha demək istəyirəm, orada onsuz da, torpaqlar çox münbitdir. Amma su veriləndən sonra məhsuldarlıq daha da artacaq və biz ərzaq təhlükəsizliyimizi böyük dərəcədə özümüz həll edəcəyik".
"54 min hektar meşə fondu məhv edilib, qırılıb və bu, erməni cinayətinin növbəti nümunəsidir"
"Mən giriş sözümdə meşələrin qırılması ilə bağlı məlumat verdim və eyni zamanda, söylədim ki, dəymiş ziyan hesablanmalıdır. İstəyirəm bütün Azərbaycan xalqı bilsin ki, indi azad edilmiş ərazilərdə 1988-ci ildə meşə fondu 228 min hektar təşkil edirdi, 2020-ci ildə isə cəmi 174 min hektar. Yəni, 54 min hektar meşə fondu məhv edilib, qırılıb və bu, erməni cinayətinin növbəti nümunəsidir. Ona görə bu məsələ çox ciddi təftiş edilməlidir. Qeyd etdiyim kimi, həm dəymiş ziyan hesablanmalıdır, eyni zamanda, bu meşə fondunun bərpası ilə əlaqədar aidiyyəti qurumlar, ilk növbədə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, həmçinin Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi xüsusi proqram tərtib etməlidirlər ki, biz ermənilər tərəfindən dağıdılmış meşələri bərpa edək". Bunu Prezident İlham Əliyev yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə deyib.
Dövlət başçısı vurğulayıb ki, azad edilmiş torpaqlarda, eyni zamanda, dövlət təbiət qoruqları və yasaqlıqlar olub: "Mən bu məlumatı da Azərbaycan xalqına çatdırmaq istəyirəm. Laçın rayonunda Qaragöl Dövlət Təbiət Qoruğu 1987-ci ildə yaradılıb, 240 hektar sahəsi var idi, tamamilə məhv edilib, talan olunub və bütün ağaclar qırılıb. Zəngilan rayonunda Bəsitçay Dövlət Təbiət Qoruğu 1974-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb. Bu, Avropada unikal meşə sayılır və burada nadir çinar ağacları var idi. Bu qoruq 107 hektarı əhatə edib, indi isə cəmi 42 hektarı qalıb. Bu, erməni vəhşiliyinin növbəti təzahürüdür. Bu, onu göstərir ki, onlar başa düşürdülər və bilirdilər ki, bu torpaqlarda müvəqqəti oturublar. Onlar bizim evlərimizi dağıdıblar, tarixi abidələrimizi dağıdıblar, məscidlərimizi dağıdıblar, meşələrimizi də dağıdıblar. Nadir çinar meşəsindən cəmi 42 hektar qalıb. Oraya da mütləq bir qrup ezam olunmalıdır, yerində təftiş aparılmalıdır və bu qoruq bərpa edilməlidir".
Dövlət başçısı onu da qeyd edib ki, Qubadlı Dövlət Təbiət Yasaqlığı 1969-cu ildə yaradılıb, 1988-ci ildə sahəsi 8500 hektar olub, 2020-ci ildə 6923 hektar. Yəni, 1577 hektar dağıdılıb, talan edilib: "Daşaltı Dövlət Təbiət Yasaqlığı 1981-ci ildə Heydər Əliyev tərəfindən yaradılmışdır. 1988-ci ildə 400 hektar sahəsi var idi, hazırda 350 hektardır. Burada da 50 hektar dağıdılıb. Laçın Dövlət Təbiət Yasaqlığı 1961-ci ildə yaradılıb, 1988-ci ildə 7500 hektar sahəsi var idi. Hazırda 4457 hektar qalıb, 3043 hektar ermənilər tərəfindən məhv edilib. Zəngilan rayonunda Arazboyu Dövlət Təbiət Yasaqlığı 1993-cü ildə yaradılıb, sahəsi 1700 hektar idi. Hazırda cəmi 135 hektar qalıb. Yəni, 1565 hektar məhv edilib. Bu məlumat “Azərkosmos” tərəfindən “Azərsky” peykindən götürülüb və mənə təqdim edilib. Ona görə bir daha deyirəm ki, oraya xüsusi qruplar ezam edilməlidir, yerində baxmalıdır və bu da sənədləşdirilməlidir, bunun dəymiş ziyanı da hesablanmalıdır və Ermənistanın növbəti ekoloji terroru kimi qeydiyyata alınmalıdır".
Prezident İlham Əliyev azad edilmiş torpaqlarda böyük əkin sahələrinin olduğunu deyərək, Kənd Təsərrüfatı Nazirliyinə və Prezident Administrasiyasına göstəriş verib ki, vaxt itirmədən keçən il və bu il müəyyən dərəcədə payızlıq əkini aparılsın: "Düzdür, bunun üçün biz, ilk növbədə, o əraziləri minalardan təmizləməliyik və artıq müəyyən dərəcədə işlər görülüb. İstərdim ki, həm bu məsələ ilə bağlı, həm də ümumiyyətlə, keçən il görülmüş və bu il görüləcək işlər barədə məlumat verilsin, o cümlədən azad edilmiş torpaqlarda. Çünki bizim əsas hazırlıq işlərimiz yaz mövsümünə qədər aparılmalıdır".
"Ya Laçın, ya da Kəlbəcər rayonunda yeni beynəlxalq hava limanı tikiləcək"
"Digər vacib layihəyə də artıq start verilib. Bu, Toğanalı - Kəlbəcər yoludur, bu da çox çətin relyefdən keçən bir yoldur. Bəzi yerlərdə yüksəklik 3500 metr olduğuna görə qış aylarında bu yoldan istifadə etmək çox çətindir. Ona görə tunellərin tikintisi nəzərdə tutulur, müvafiq göstərişlər verilib və bu layihə də indi icra edilir",-deyən dövlət başçısı vurğulayıb ki, göstəriş verilib ki, Horadizdən Zəngilana, oradan Qubadlıya və oradan da Laçın rayonuna qədər yol çəkilsin və hazırlıq işləri gedir: "Onu da əlavə etməliyəm ki, Toğanalıdan Kəlbəcərə çəkiləcək yol Laçın rayonuna da davam etdiriləcək. Beləliklə biz iki tərəfdən, - həm şimaldan, həm cənubdan Laçın və Kəlbəcər rayonlarına yol-nəqliyyat infrastrukturu yaradacağıq. Eyni zamanda, mənim göstərişimlə Laçın və ya Kəlbəcər rayonlarının ərazisində müasir beynəlxalq hava limanının tikilməsi üçün yer axtarılır. Düzdür, orada relyef çox çətindir və demək olar ki, ərazilərin mütləq əksəriyyəti dağlıq ərazilərdir. Orada düz yer tapmaq çətindir, amma indi araşdırmalar gedir, ümid edirəm ki, yaxın gələcəkdə mənə məlumat veriləcək. Beləliklə, ya Laçın, ya da Kəlbəcər rayonunda yeni beynəlxalq hava limanı tikiləcək. Füzuli şəhərində isə beynəlxalq hava limanının tikintisinə artıq az vaxt qalıb. Göstəriş verilib, yaxın gələcəkdə artıq inşaat başlanacaq və bu il Füzuli şəhərində, - şəhərdən indi əsər-əlamət qalmayıb, - yaxud da ki, o ərazidə beynəlxalq aeroport fəaliyyətə başlayacaq. Bu, həm Qarabağ bölgəsinin inkişafı üçün lazımdır, çünki bütün növ təyyarələr enə biləcək - həm Füzulidə, həm Kəlbəcər-Laçın zonasında. Eyni zamanda, Şuşaya gəlmək istəyən xarici qonaqlar rahat Füzuliyə enib, oradan avtomobillə Şuşaya gedəcəklər".
"Aeroportun tikintisi ilə paralel olaraq artıq Füzuli şəhərindən beynəlxalq uçuşların təşkili ilə bağlı ilkin araşdırmalar aparılmalıdır. Beynəlxalq aeroport beynəlxalq uçuşlar təşkil etməlidir. İlk növbədə, bizim aviaşirkətimiz "AZAL" bu məsələ ilə bağlı ciddi işləsin ki, aeroport açılandan sonra dərhal bizim qonşu ölkələrin bəziləri ilə hava nəqliyyatı təmin edilsin",-deyən Prezident İlham Əliyev bildirib ki, iki beynəlxalq aeroport Qarabağ zonasını bərpa etmək, yüklərin daşınması, turizmin inkişafı üçün bizə kömək göstərəcək. Eyni zamanda, insanlar oraya qayıdandan sonra onların rahatlığı üçün də bunun böyük əhəmiyyəti olacaqdır.
"Füzuli-Şuşa dəmir yolunun tikintisi nəzərdə tutulur"
"Dəmir yolları ilə bağlı göstəriş verildi, hazırlıq işləri gedir. Horadiz-Füzuli və ondan sonra Füzuli-Şuşa dəmir yolunun tikintisi də nəzərdə tutulur. Gərək bunun icra cədvəli təsdiq edilsin. Şuşaya vətəndaşlar qayıdandan sonra, əlbəttə ki, bu yol istismara veriləcəkdir. Amma hər hala indi layihələndirmə işləri gedir, maliyyə vəsaiti də ayrılmalıdır. Şuşaya rahat gediş-gəlişi təmin etmək üçün mütləq dəmir yolu da çəkilməlidir. Bu il bu layihəyə start veriləcək", - keçirilən müşavirədə deyən dövlət başçısı qeyd edib ki, eyni zamanda, Horadiz-Ağbənd dəmir yolu da, - Ağbənd Zəngilan rayonunda Ermənistan sərhədinə yaxın olan qəsəbədir, - yenidən tikiləcək: "Çünki mənfur düşmən bu yolu dağıdıb və tamamilə sıradan çıxarıb. Naxçıvan dəhlizini açmaq üçün bu yol xüsusi əhəmiyyət daşıyır".
Prezident İlham Əliyev müşavirədə vurğulayıb ki, 2021-ci ildə daha böyük işlər görüləcək: "Bizim 2021-ci ildə işlərimiz çoxdur, həm ənənəvi işlər, hansılar ki, dövlət investisiya proqramında təsbit olunub, eyni zamanda, azad edilmiş ərazilərdə görüləcək işlər, mən əsasən bu haqda sözümü demək istərdim. Çünki bizim ənənəvi infrastruktur layihələrimiz demək olar ki, başa çatmaq üzrədir",-deyən dövlət başçısı onu da vurğulayıb ki, əgər azad edilmiş torpaqları istisna etsək, indi qazlaşdırma səviyyəsi 96 faizə çatıb: "Elektrik enerjisi ilə heç bir problem yoxdur, əksinə, mən Davos Forumunun hesabatını Azərbaycan xalqının diqqətinə çatdırdım, biz burada ikinci yerdəyik".
Dövlət başçısı qeyd edib ki, avtomobil yollarının böyük hissəsi artıq inşa edilib, qalan layihələr də plan üzrə gedir: "Dəmir yolları xətləri və digər infrastruktur layihələri, o cümlədən suvarma ilə bağlı layihələr plan üzrə gedir və demək olar ki, başa çatmaq üzrədir. Ona görə bizim əsas diqqətimiz azad edilmiş torpaqlara olmalıdır və bu sahədə ilkin infrastruktur layihələrinin icrası artıq başlamışdır".
Azərbaycan Prezidenti vurğulayıb ki, birinci layihə Şuşa şəhərinə yol layihəsidir: "Çünki Şuşa şəhərinə ənənəvi yollar hazırda bizim üçün o qədər də məqbul deyil. Düzdür, biz bu yollardan istifadə edirik. Ancaq biz bu yollardan Rusiyanın sülhməramlı qüvvələrinin müşayiəti ilə istifadə edirik - həm Laçın dəhlizindən, həm də Qırmızı Bazar ərazisindən. Gələcəkdə əlbəttə ki, biz bu yollardan da sərbəst şəkildə istifadə edəcəyik, o cümlədən Ağdam-Xankəndi-Şuşa yolundan da istifadə edəcəyik".
Dövlət başçısı deyib ki, noyabrın 10-da imzalanmış Bəyanatda göstərilir ki, bütün kommunikasiyalar açılacaq və beləliklə, müəyyən müddətdən sonra bu yollardan getmək də problemli olmayacaq.
"Qarabağ bölgəsi yaşıl enerji zonası kimi dünya üçün bir nümunə olacaq"
"Azad edilmiş torpaqlarda kənd təsərrüfatının məhsuldarlığının artırılması üçün suvarma işləri sürətlə getməlidir. Bu barədə artıq danışıldı",-deyən dövlət başçısı bildirib ki, ən müasir suvarma sistemləri təşkil edilməlidir: "Nəzərə alsaq ki, su mənbələri də kifayət qədər çoxdur". "Hazırda Naxçıvan dəhlizinin açılması üçün konkret işlər gedir. Mən hadisələri qabaqlamaq istəmirəm, amma bu dəhlizin açılması noyabrın 10-da imzalanmış Bəyanatda öz əksini tapıb. Ona görə bu, mütləq açılacaq və bölgəyə yeni imkanlar gətirəcək",-deyən Prezident İlham Əliyev bildirib ki, bu yoldan həm Azərbaycan, həm Türkiyə, həm Rusiya, həm Ermənistan, həm də İran istifadə edəcək: "Bu yol gələcəkdə çoxtərəfli əməkdaşlıq üçün xüsusi əhəmiyyətə malikdir. Biz öz ərazimizdə Horadiz-Ağbənd dəmir yolunun tikintisinə başlayacağıq. Bununla paralel olaraq, Naxçıvan Muxtar Respublikasında dəmir yolunun bərpası və müasirləşdirilməsi istiqamətində də işlər aparılacaq. Nəzərə alsaq ki, Ermənistan dəmir yolları Rusiya dəmir yollarının mülkiyyətindədir, bizim tərəfmüqabilimiz, əlbəttə, Rusiyadır. Çünki Ermənistan dövlətinin Mehri dəmir yolu layihəsinə heç bir aidiyyəti yoxdur. Biz bu məsələni Rusiya ilə müzakirə edirik. Çünki Rusiya dəmir yolları Ermənistan dəmir yollarının sahibidir. İlkin müzakirələr müsbətdir. Hələlik bu qədər. Gələcək hadisələr haqqında məlumat veriləcək".
"Azad edilmiş ərazilərə bundan sonra da xarici nümayəndələri, jurnalistləri, diplomatik korpus nümayəndələrini dəvət etməliyik"
Prezident İlham Əliyev müşavirədə onu da vurğulayıb ki, azad edilmiş ərazilərə biz bundan sonra da xarici nümayəndələri, jurnalistləri, diplomatik korpus nümayəndələrini, Azərbaycana səfər edən nümayəndə heyətlərini dəvət etməliyik. Misal üçün bu ay ICESCO-nun nümayəndə heyətinin səfəri gözlənilir: "Yaxşı olardı ki, nümayəndə heyətinin bəzi üzvləri azad edilmiş ərazilərə getsinlər, ermənilərin, Ermənistan rəhbərliyinin dağıtdığı məscidlərə də baş çəksinlər, o məscidlərin qalıqlarına da baxsınlar və bütün dünya müsəlmanlarına bu barədə daha dolğun məlumat versinlər. Nəinki dünya müsəlmanlarına, bütün dünyaya ki, bizim tarixi, dini abidələrimiz düşmən tərəfindən necə dağıdılıb". "Əlbəttə ki, Qarabağ bölgəsinin çox zəngin turizm potensialı vardır",-deyən Prezident İlham Əliyev qeyd edib ki, indidən turizm marşrutları işlənib hazırlanmalıdır ki, artıq həyat bu bölgəyə qayıdandan sonra vaxt itirmədən turizm sektoru da inkişaf etsin: "İndidən beynəlxalq turizm sərgilərində, - pandemiyadan sonra bu sərgilər bərpa ediləcək, - Qarabağ bölgəsinin turizm potensialı, turizm marşrutları, tarixi abidələri göstərilməlidir ki, biz bu bölgəni doğrudan da dünya üçün çox cəlbedici bölgə kimi təqdim edək. Nəzərə alsaq ki, Qarabağ bölgəsinin çox zəngin, füsunkar, təkrarolunmaz təbiəti və tarixi abidələri var, əminəm, Azərbaycanın əsas turizm zonasının birinə çevriləcək".
"Azərbaycan dövləti əlindən gələni edəcək ki, keçmiş köçkünlər tezliklə öz doğma torpaqlarına qayıtsın"
Prezident İlham Əliyev qeyd edib ki, planlarımız böyükdür. Müharibə cəmi iki aya yaxındır ki, başa çatıb. Amma görün, nə qədər böyük işlər görülüb: "Bərpa işləri artıq başlanıb və bu, onu göstərir ki, bizim sözümüzlə əməlimiz arasında bu dəfə də heç bir fərq yoxdur. Biz demişdik ki, torpaqlar işğaldan azad olunandan sonra bu torpaqları tezliklə bərpa edəcəyik. Mən bu yaxınlarda demişdim ki, biz Qarabağ bölgəsində cənnət yaradacağıq və sözümdə dururam. Bizim hamımızdan asılıdır ki, bu sözlər yerinə yetirilsin".
Dövlət başçsı qeyd edib ki, 2021-ci il bu baxımdan çox əlamətdar olmalıdır: "Məhz 2021-ci ildə Azərbaycan xalqı və bütün dünya görəcək ki, bizim niyyətimiz həyatda öz əksini tapır, bizim planlarımız həyatda gerçəkləşir.İl başlayıb, bizim hamımıza uğurlar, Azərbaycan xalqına cansağlığı, xoşbəxtlik arzulayıram. Keçmiş köçkünlərə tezliklə öz doğma torpaqlarına qayıtmağı arzulayıram. Hər halda Azərbaycan dövləti əlindən gələni edəcək ki, bu gün daha da yaxınlaşsın. Vahid Azərbaycan dövləti bundan sonra uğurla, inamla inkişaf edəcək".
Bəli, xalqımız, bütün dünya dövlətləri və xalqları bir daha gördü ki, Azərbaycan bütün bu qələbələrə həmrəyliyi, XALQ-İQTİDAR birliyi ilə qazanıb və 2020-ci il 30 illik həsrətə 44 gündə son qoyan Azərbaycan son əsrlərin ən böyük zəfərini qazanmaqla bu böyük sevinci yaşayaraq, 2021-ci ildə bir milyondan artıq soydaşlarımız "köçkün" damğası ilə qeyd olunmayacaq, doğma yurd-yuva həsrətindən danışılmayacaq.
Azərbaycan Prezidenti, Ali Baş Komandanımız İlham Əliyev dediyi kimi: "Qarabağ Azərbaycandır və nida» ifadəsi artıq bizim qələbəmizin rəmzi idi, rəmzinə çevrildi. Bir il bundan əvvəl mən bunu demişəm. Mən fəxr edirəm ki, mənim dediyim ifadə artıq bir milli şüara çevrildi. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!".
Bir sözlə, bütün bunlar yenicə qarşıladığımız 2021-ci ilin də növbəti uğurlu 10 illiklərə doğru atılacaq addamların tərkib hissəsi olacaqdır.
RƏFİQƏ KAMALQIZI