BALAKƏN RAYON KORTALA KƏNDİ RAYONDA ƏN ÇOX ŞƏHİD VERƏN KƏNDDİR.
KORTALADA ŞƏHİDİNƏ DƏ, DÖYÜŞÇÜSÜNƏ DƏ, ONLARIN
AİLƏLƏRİNƏ DƏ, BÖYÜK DİQQƏT VARDIR.
Hələ ikinci Qarabağ savaşı, “Vətən “ müharibəsinin başlayacağından söhbət belə getmədiyi dövrdə bu sahəhəyə çox ciddi diqqət yetirməyi jurnalist kimi həmişə özümə borc bilmişəm. Bu sahədə vəziyyətin elə də, ürəkaçan olmaması dövründə sözügedən sahəni daha çox tənqid edirdim. Günlərin birində Balakən rayonu Kortala kəndində oldum və diqqətimi heç bir kənddə görmədiyim Şəhid adına layiq bir “Şəhidlər Xiyabanı” na rast gəldim. Və dərhal həmin Şəhidlər xiyabanının şəklini çəkərək bir neçə dəfə sosial şəbəkələrdə tərif etdim.
Çalışdım ki, öz kəndinin oğullarının uyuduğu şəhidlər xiyabanına hörmət qoymayanlara bir örnək göstərib. Düzdür mənim yazdığım tənqidi yazılardan nəticə çıxaranlar da, az olmadı. Demək olar ki, çəkiliş etdiyim kəndlərin əksəriyyətində Şəhidlər xiyabanı əsaslı təmir olundu.
İş elə gətirdi ki, mənim qaldırdığım bir çox problemlərin, o cümlədən Şəhid Vüqar Dibirovun anası Zemfira Dibirovanın telefon problemi də, məhz “Vətən” müharibəsinin Zəfərlə başa çatmasından sonra öz həllini tapdı.
Kortala kəndi haqqında mənim təsəvvürüm az deyildir, orta məktəbində dəfələrlə tədbirlərdə olmuşdum.
Odur ki, ilk olaraq kəndi tək gəzdim. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Kortala kəndinə müasir standartlara cavab verən magistral avtoyolla gedərkən özünü sözün əsil mənasında Avropada hiss edirsən, çünki təbiəti də, çox gözəldir.
Daha sonra Kortala kəndi üzrə ərazi icra nümayəndəsi Anar Bayramovla görüşdük. Məlumat üçün bildirdim ki, Şəhidlər xiyabanında yenidən olmaq istəyirəm. Biz birlikdə Balakən rayonu Kortala kənd məscidinin imamı və dini icmanın sədri Həbib Ziyadovun yanına getdik. Çox maraqlı həmsöhbət oldu. Həbib təkcə dini icma sədri, imam deyil, o həm də, ürəyi Vətən eşqi ilə döyünən əsil Azərbaycanlıdır. Hər halda bu mənim şəxsi fikrimdir.
Həbib müəllim ikinci Qarabağ savaşı, “ Vətən” müharibəsi başlayan gündən bir çox işlər gördüyünü dedi: Gördüyünüz Şəhidlər Xiyabanının belə möhtəşəm olmasında bu kəndin qeyrətli oğullarının böyük zəhməti olub. Əvvəlcə onu nəzərinizə çatdırım ki, istər birinci Qarabağ müharibəsində, istər də, “Vətən” müharibəsində bizim kəndimiz rayon üzrə ən çox Şəhid verən kənddir. Bu həmişə belə olubdur, bu kəndin oğulları həmişə dövlətin, dövlətçiliyin yanındadırlar və çox vətənpərvərdirlər.
Gördüyünüz bu şəhidlər xiyabanı da, kəndimizin qeyrətli oğullarının maddi vəsaiti hesabına başa gəlib.
Təkcə Tümen vilayətində işləyən iş adamları 1170 azn yardım etdilər.
Kəndin Bakıda yaşayan oğulları da müəyyən vasitələrlə (tikinti materialları və s.) köməklik ediblər.
Bundan əlavə “Dini qurumlarla iş üzrə Dövlət komitəsinin “ nəzdində “ Milli mənəvi dəyərlərin təbliği fonduna “ layihə vermişdik. Layihədən aldığımız vəsaitin bir qismini də, (600.azn) bu işin görülməsinə sərf etdik.
Burada daha bir abidə kompleksi yaradacağıq və böyük bir lövhə quraşdıracağıq, üzərində bütün Vətən müharibəsində iştirak edən döyüşçülərin adlı siyahısı olacaqdır. Bu gələcək nəsillərin daha da, vətənpərvər böyüməsinə xidmət edəcəkdir. Mən özüm də, hər bir döyüşçümüzə şəxsən “Təşəkkürnamə” yazıb təqdim edəcəyəm.
Biz Qarabağdan torpaq gətizdirib kəndimizdə uyuyan şəhidlərin qəbirlərinin üzərinə səpdirmişik. Birinci Qarabağ savaşında Şəhid olanların ruhu indi daha da, rahatdır və şaddır.
Döyüşlər gedən zaman bütün əsgər ailələrini diqqətimizdə saxlamışıq, onlara tez-tez baş çəkmişik, müxtəlif yardımlar göstərmişik.
44 günlük müharibənin qızğın döyüşləri gedən zaman kəndçimiz olan bir zabit bizə zəng edərək dedi ki, Zaqataladan bir oğlan mənim yanımda xidmət edir, evlərində çox çətin vəziyyət var. Biz dərhal Zaqatala rayonu Bəhmətli kəndində həmin ailəyə baş çəkdik. Evin istilik, qaz problemi də, var idi, onu da, iki gün ərzində həll etdik. Bundan əlavə Zaqatala rayonu Muğanlı kəndində də, imkansız əsgər ailəsinə dəstək vermişik.
Vətən müharibəsinin qızğın vaxtlarında kəndimizdən bir neçə dəfə qazel maşını ilə cəbhəyə yardımlar etdik.
Onun içərisində siqaretlə yanaşı, isti paltar, papaq da, var idi, qida məhsulu olan mürəbbə də.
Kənd camaatının topladığı və qürbətdə yaşayan soydaşlarımızın dəstəyi ilə Silahlı Qüvvələrə yardım fonduna 1800-azn vəsait köçürdük. 400 azn isə mən poçta gedə bilmədim Rusiyadan göndərilən pulu ev sahibi alaraq, Silahlı qüvvələrə yardım fonduna köçürüblər. Ümumiyyətlə bizim kəndimizin Rusiyada , qürbətdə yaxşı oğulları vardır ki, belə vəziyyətlərdə mütəmadi köməklik edirlər. Mən ömrümün sonuna kimi belə kənddə imam kimi işləməyə, xalqıma, vətənimə xidmət etməyə həmişə hazıram. Və bununla qürur duyuram.”
Kortala kəndində diqqətimi çəkən çox məqam oldu, lakin onlardan ən əsası vətənpərvərlik hissinin yuxarı olması idi. Belə olmasaydı sözügedən kənd Balakən rayonunda ən çox Şəhid verən kənd olmazdı.
Əlmaniz ƏLƏKBƏRLİ
AZƏRBAYCAN JURNALİSTLƏR VƏ
YAZIÇILAR BİRLİYİNİN ÜZVÜ.