"İkinci, daha güclü itaətsizlik dalğası olacaq" Eduard Şarmazanov
Baş nazirin olması üçün hakimiyyət olmalıdır, Ermənistanda isə heç bir hakimiyyət yoxdur, nəinki bir hökumət başçısı. DİASPOR.İNFO Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu Ermənistanın Respublikaçılar Partiyasının mətbuat katibi Eduard Şarmazanov 12 fevralda keçirdiyi mətbuat konfransında bəyan edib.
“Bu gün Azərbaycan-Türk tandeminin maraqlarına xidmət edən bir insan, bir xunta var. Dövlətin və hakimiyyətin əsas funksiyası sərhədlərin toxunulmazlığı, vətəndaşların və dövlətin təhlükəsizliyini təmin etməkdir.
Bu adam, Nikol öz dəli, xain komandası ilə yalnız Dağlıq Qarabağ ermənilərinin deyil, Ermənistan vətəndaşlarının da təhlükəsizliyini qoruya bilməyəcəyini sübut etdi. Xalqın bu piratın güc piramidasında olmasının hər saniyəsində Ermənistana dağıdıcı olduğunu dərk etməsi üçün başqa nə baş verməlidir?”, deyə Şarmazanov sual edib.
Ayrıca, çox sayda qurban, əsir və itkin düşənləri də o xatırlayıb.
“Yəni müharibədən sonra da bu insan barışı təmin edə bilmir. 10 noyabrdan sonra da həmin Qarabağda ərazi itkiləri qeydə alındı. 9 noyabr tarixindən, müharibədən sonra da torpaqlar, ərazilər Azərbaycana verildi. Türklərə Mehri üzərindən bir yol təqdim edərək Türkiyənin məqsədini də reallaşdırdılar”, deyə partiyanın mətbuat katibi bildirib.
Şarmazanov işğalçı ölkədə daha böyük təlatümlərin olacağını proqnozlaşdırıb.
"Əminəm ki, ikinci, daha güclü itaətsizlik dalğası, ümummilli bir dalğa olacaq, çünki hakimiyyət cəmiyyət üçün başqa bir seçim qoymayıb", deyə Eduard Şarmazanov qeyd edib.
Nəzərə çatdıraq ki, 44 günlük müharibənin ardınca, Azərbaycanın Böyük Qələbəsindən sonra Ermənistanda onsuz da itaətsizlik, hərc-mərcilik, xaos hökm sürür. Paytaxt İrəvanın küçələrində narazılıqların, etiraz aksiyalarının ardı-arası kəsilmir və biri digərini əvəz edir. Hətta, hər aksiya zamanı növbəti aksiyanın daha da itaətsizliklə keçiriləcəyi anonsu verilir. Bütün bunların fonunda qeyd edə bilərik ki, sözügedən partiyanın mətbuat katibi Eduard Şarmazanovun dediklərində qeyri-adi heç nə, yeni nə isə yoxdur və həqiqətən də, bu işğalçı ölkədə daha güclü itaətsizlik dalğası gözləniləndir.
Müəllif: İnam Hacıyev