YAP Qobustan rayon təşkilatının idarə heyətinin iclası keçirilib
Fevralın 23-də Yeni Azərbaycan Partiyası Qobustan rayon təşkilatının idarə heyətinin iclası keçirilib. Gündəlikdə duran məsələlər barədə məlumat verən YAP Qobustan rayon təşkilatının sədri Füzuli Gülaliyev ölkəmizin Vətən müharibəsindəki tarixi zəfərinin əldə olunmasında Ali Baş Komandan İlham Əliyevin nümayiş etdirdiyi sərkərdəlik məharətinin eyni zamanda apardığı siyasi-ideoloji mübarizənin geniş təbliği sahəsində YAP Qobustan rayon təşkilatının gördüyü işlər barəsində geniş məlumat verib.
Qeyd olundu ki, ölkəmizin Dağlıq Qarabağ və ətraf ərazilərində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə erməni işğalçıları üzərində qazandığı hərbi-siyasi Zəfər xalqımızın çoxəsrlik tarixinin ən böyük hadisəsidir. Ali Baş Komandan kimi Cənab İlham Əliyev həm siyasi-ideoloji cəbhədə və informasiya müharibəsində, həm də birbaşa hərbi əməliyyatlara rəhbərlik etmək sahəsində qeyri-adi dərəcədə istedad və bacarıq nümayiş etdirmişdir. Qətiyyətlə demək olar ki, Prezident İlham Əliyevin Vətən müharibəsi zamanı təkbaşına apardığı siyasi-ideoloji mübarizə Vətən müharibəsində döyüşən orduda da Qələbəyə xidmət etmişdir. Ali Baş Komandan şiddətli döyüşlərin getdiyi ən çətin günlərdə nüfuzlu dünya informasiya agentliklərinə verdiyi dəmir məntiqə əsaslanan dərin məzmunlu müsahibələrlə beynəlxalq ictimai rəydə müharibəni udmuşdur.
Dünya ölkələri Vətən müharibəsi dövründə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin timsalında yüksək hazırlığa, qeyri-adi bacarıqlara və geniş dünyagörüşə malik olan fərqli bir liderlə qarşılaşmışdır. Hərtərəfli hazırlıq səviyyəsi, yüksək intellektual qabiliyyətləri, dönməz iradəsi və qətiyyəti etibarilə İlham Əliyev dünya liderlərinin mütləq əksəriyyətindən rəqabətdə qabağa getmişdir. Həqiqi bir qüdrətli liderə malik olmaq baxımından isə hamıdan çox Azərbaycan xalqı qazanmışdır. Prezident İlham Əliyev nəinki dünya liderlərinin ön sırasına çıxmış, mənsub olduğu xalqı və rəhbərlik etdiyi ölkəni də böyük xalqların və dövlətlərin cərgəsinə yüksəltməyi bacarmışdır. Prezident İlham Əliyev Vətən müharibəsində qazandığı böyük Zəfərlə çoxəsrlik Azərbaycan tarixinə müasir dövrün qalib Ali Baş Komandanı və Müzəffər Dövlət Rəhbəri kimi daxil olmuşdur.
Gündəlikdə duran ikinci məsələ ilə bağlı YAP Qobustan rayon təşkilatının Aparat rəhbəri Azadə Rəssam çıxış edərək adları qeyd edilən Mədəniyyət və Turizm idarəsi, Statistika idarəsi, Poçtamp və Qaz istismar idarəsi ərazi ilk partiya təşkilatlarında üzvlük haqqlarının vaxtında yığılması və nöqsanlar barəsində geniş məlumat verdi. Ərazi ilk partiya təşkilat sədrlərinə qeyd olunan çatışmamazlıqların tezliklə aradan qaldırılması üçün tapşırıqlar verildi.
Sonda rayon təşkilatının idarə heyətinin üzvləri Şərifova Zümrüd, Cəfərov Zaur və digərləri çıxış edərək Vətən müharibəsindəki tarixi zəfərinin əldə olunmasında Ali Baş Komandan İlham Əliyevin nümayiş etdirdiyi sərkərdəlik məharətindən danışdılar.
Rəfiqə