Erməni işğalının nə demək olduğunu görmək istəyənin Ağdama gedib baxması kifayətdir - ŞƏRH ÖZƏL
"Mediamızın böyük bir heyətlə Azad Qarabağa və onun bir hissəsi olan Ağdama səfəri böyük əhəmiyyətli tarixi hadisədir. Bu, erməni vandalizminin bizim torpaqlarımızda törətdikləri vəhşiliklərin əyani şəkildə göstərilməsi, dünyaya çatdırılması, Azərbaycan ictimaiyyətinin diqqətinin bu məsələyə bir daha yönəldilməsi və erməni işğalçılarının siyasətinin ifşa edilməsi baxımından dəyərli bir hadisədir. Doğrudur, bu səfərlə bağlı bəzən mövcud reallığa uyğun gəlməyən reaksiyalarla rastlaşırıq. Ancaq mən heç bir halda bu səfərin missiyanın məqsədinə, mahiyyətinə uyğun gəlməyən reaksiyaları heç də bu səfərin əhəmiyyətini azaltmaq, ona qarşı qərəzli mövqe tutmaq məqsədi kimi izah etmək tərəfdarı deyiləm. Bu, onu göstərir ki, bütöv Azərbaycan cəmiyyəti və onun ən müxtəlif sosial-siyasi təbəqələri, o cümlədən də media bütünlüklə Azad Qarabağla birbaşa təmasda olmaq burda ermənilərin törətdiyi vəhşilikləri öz gözləriylə görmək istəyirlər". Bunu Diaspor.info-ya açıqlamasında "Bakı Xəbər" qəzetinin Baş redaktoru, siyasi şərhçi Aydın Quliyev deyib.
Ekspertin sözlərinə görə, bu səfər bir daha sübut elədi ki , Azərbaycan cəmiyyətində xüsusilə də bizim mediamızda vətənpərvərlik hissləri Qarabağın azad olunmasından sonra daha da güclənib və görünür ki, bu cür səfərləri gələcəkdə də davam etdirmək və mümkün qədər bütün Azərbaycan mediasının həmin ərazilərə bölgələrə səfərinin təşkil olunmasına böyük ehtiyac var: "Bu, o demək olacaq ki, Azərbaycan mediası bizim ordumuzun, Ali Baş Komandanın qazandığı hərbi-siyasi qələbənin daha da möhkəmləndirilməsi və bunun bütün cəmiyyətin və dövlətimizin qələbəsi olduğunu dünyaya nümayiş etdirməklə maraqlıdır. Əlbəttə, orada gördüklərimiz bir fəlakət mənzərəsidir. Ermənilər bir daha əmin olduq ki, Azərbaycan torpaqlarını sadəcə işğal etmək yox Azərbaycan xalqından qisas almaq istəyiblər. Bir vaxtlar Sovet Azərbaycanının ən gözəl şəhəri Ağdam idi. Bu gün Ağdam yaxşı mənada heç tarlaya da bənzəmir. Ağdam yerlə yeksan olub. Bu şəhərdə doğulmuş boya-başa çatmış insanlar evlərini, yurdlarını çox böyük çətinliklə axtarıb, təxmini şəkildə tapa bilirlər. Bir çox şeylər ümumiyyətlə yer üzündən silinib. Burda deyərdim ki, yeganə ayaqüstə qalan tikili Ağdamdakı məsciddir. Bunu da ermənilər hansı mülahizələrlə saxlıyıblar bəllidir".
A.Quliyev vurğulayıb ki, bütün bunlar məkrli bir məqsədin təzahürüdür: "Ancaq ermənilərin Ağdamda qoyub getdikləri erməniçilik xislətinin nümayişi və göstərilməsi baxımından tam ehtimallı bir faktdır ki, erməniçiliyin, erməni ideologiyasının, erməni işğalçılığının nə demək olduğunu görmək istəyirsə, təkcə bu gün Ağdama gedib baxması kifayət edir. Ağdamın yerlə yeksan edilməsi mən hiss etdim ki, Azərbaycan jurnalistlərində, Azərbaycan media təmsilçilərində vətənpərvərlik hisslərini daha da gücləndirdi. Çünki Azərbaycan mediası bir daha əmin oldu ki, ermənilərin Dağlıq Qarabağda törətdikləri vəhşiliklərin ən qısa müddətdə aradan qaldırılmasına dəstək verilməsi və bu vəzifənin qısa müddətdə yerinə yetirilməsi erməni vandalizmin və erməni təcavüzkarlığının növbəti dəfə baş qaldırmasının qarşısını kəsmək üçün çox etibarlı bir təminat ola bilərdi. Yəni, Ağdamdakı bu vəhşiliklərin izləri nə qədər qısa müddətdə aradan qaldırılsa erməni vandalizminin baş qaldırması bir o qədər mümkünsüz olacaq. Uğurlu səfər idi və əminəm ki, bu səfərin təəssüratları Azərbaycan mediasında həm peşəkarlığa həm də vətənpərvərliyə və dövlətçiliyə təşviqin inkişafına öz təsirini göstərəcək".
Müəllif: Aysel Məmmədova