Türkiyənin yeni səfiri kimdir? - DOSYE
Xəbər verdiyimiz kimi, Türkiyə Prezdenti Rəcəb Tayyib Ərdoğanın sərəncamı ilə Cahit Bağçı Azərbaycana yeni səfir təyin olunub. DİASPOR.İNFO-nun məlumatına görə, səfir bu vəzifədə səlahiyyət müddəti başa çatmış Erkan Özoralı əvəz edəcək.
Yeni səfir kimdir?
Cahit Bağçı 1964-cü il iyunun 25-də Türkiyənin Çorum əyalətinin Osmancık rayonunda anadan olub. O, iki dönəm – 2011 və 2015-ci illərdə Çorumdan Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib.
C.Bağçı Orta Şərq Texniki Universitetinin sosiologiya fakültəsini bitirib. Britaniyanın Mançester Universitetində doktorantura təhsili alıb.
Türkiyə-Avropa İttifaqı parlament komitəsinin, NATO PA-nın üzvü olub.
O, 1988-ci ildə Dövlət Planlanma Təşkilatının Sosial Planlaşdırma departametində işə başlayıb. 1993-cü ildə Van Yüzüncü İl Universitetində tədqiqatçı olub. Burada sosiologiya kafedrasında dosent və kafedra müdiri vəzifələrində çalışıb. Mançester Universitetində Türk tələbələri dərnəyini yaradıb. Vanda Cəza və İcra Qurumları, Həbs Evlərini İzləmə Şurasının üzvü və məruzəçisi vəzifəsində çalışıb. Aİ Təhsil və Gənclik Proqramları Mərkəzində koordinator və məsləhətçi olub.
Diplomat ingilis dilini yüksək səviyyədə, alman və ərəb dillərini orta səviyyədə bilir. Evlidir, 3 övladı var.