Bunu inkar edə bilməzlər ÖZƏL-ŞƏRH
Ermənistan və ya Rusiya açıq-aşkar Azərbaycana qarşı İskəndər raketlərindən istifadə edib. Bu sözləri DİASPOR.İNFO-ya verdiyi açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.
Mərkəzin rəhbəri qeyd edib ki, bunu inkar edə bilməzlər.
“Düzdür, Rusiya prezidentinin mətbuat katibi deyir ki, belə bir hadisə ola bilməz. Amma bizim əlimizdə raketin qalıqları var, Şuşaya atılıb. Üstəlik, 9 noyabr tarixində Bakıya da raket atılıb. Bu məsələ də sirr olaraq, müəmma olaraq qalır. Bu məsələ aydınlaşdırılmalıdır ki, bu raketləri kim verib Ermənistana, niyə və hansı general əmr verib Azərbaycanı hədəf seçməyi? Rusiya buna aydınlıq gətirməlidir. Aydınlıq gətirilməyənədək problemlər artacaq. Vəziyyət daha da gərginləşəcək. Belə çıxır ki, növbəti bizə qarşı yenə də bu cür raketlərdən istifadə edə bilərlər. Ona görə də biz Rusiyadan hesabat tələb etməliyik. Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırılmalıdır. Hesabat tələb olunmalı, nota verilməlidir. Çünki, Rusiyanın Ermənistandakı səfiri hər gün Azərbaycan əleyhinə açıqlamalar verir. Bir neçə gün öncə də təxribatlı açıqlamalar verib ki, əsirlər məsələsi də həll olunacaq. Axı Rusiya səfiri bizim əvəzimizə niyə danışır? Bizdə əsir yoxdur, bunu xarici işlər naziri Ceyhun Bayramov da vurğulayıb. 10 noyabr tarixindən sonra ələ keçirilən bizim üçün əsir deyil, separatçı və terrorçudurlar. Bu məsələyə ayrıca baxılacaq. Ona görə də Rusiya bu məsələyə aydınlıq gətirməyənə qədər Rusiya-Azərbaycan münasibətlərində sualların sayı azalmayacaq”, deyə Elxan Şahinoğlu bildirib.
Müəllif: İnam Hacıyev