Qarabağ beynəlxalq əməkdaşlıq məkanına çevrilir - ANALİZ
Siyasi təhlilçi Sergey Strokan Rusiyanın və Türk və İslam dünyası dövlətlərinin iştirakı ilə Qarabağın bərpasında çoxtərəfli əməkdaşlığın yeni perspektivlərini Moskva-Bakı portalına şərh edib. Materialın maraqlı olduğunu nəzərə alıb oxucularımıza təqdim edirik.
Qarabağda hərbi əməliyyatların bitməsindən bəri ilk dəfə olaraq bu həftə Qarabağ nizamlanması prosesi Rusiya və Azərbaycanın yüksək rəhbərliyinin nümayəndələri, o cümlədən iki ölkə prezidentləri Vladimir Putin və İlham Əliyev tərəfindən, həmçinin geniş regional formatda Türkdilli və İslam dünyası ölkələrinin iştirakı ilə aktiv müzakirə olunur.
Bu günlərdə Qarabağın bərpası və bölgədə fəaliyyət göstərən nəqliyyat dəhlizlərinə inteqrasiya yolları və çoxtərəfli əməkdaşlıq layihələri iki platformada eyni vaxtda müzakirə edildi. Bu məkanlar Prezident İlham Əliyevin iştirak etdiyi Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının zirvəsi və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov tərəfindən təmsil olunduğu Düşənbədə keçirilən "Asiyanın Qəlbi- İstanbul Prosesi" konfransı idi.
Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Aru Ayvazyanı qəbul edərkən, onlarla üçtərəfli sülh razılaşmalarının həyata keçirilməsini müzakirə etdikləri gün, Vladimir Putin və İlham Əliyev arasındakı telefon söhbətində Qarabağdakı vəziyyətin dinamikası müzakirə edildi. Söhbətin ardından Kremlin mətbuat xidməti belə bir açıqlama verdi: “Vəziyyətin, ümumiyyətlə, sabit olduğu və atəşkəsə ciddi əməl edildiyi məmnunluqla qeyd olunur”.
Vladimir Putinlə son söhbəti günü Prezident İlham Əliyevin Rusiya Baş nazirinin müavini Aleksey Overçuku Bakıda qəbul etməsi, onunla Qarabağdakı münaqişədən sonrakı vəziyyətin həlli üçün yaradılmış üçtərəfli işçi qrupunun işindəki irəliləyişləri müzakirə etməsi diqqət çəkir. Rusiya Baş nazirinin müavini İlham Əliyev ilə görüş zamanı münaqişədən sonrakı vəziyyətin inkişafını “müsbət” və gərginləşmə risklərini “minimal” adlandırdı. Bölgədəki iqtisadi və nəqliyyat əlaqələrini ləğv etmək üçün bir işçi qrupunun yaradılmasından məmnun olduğunu bildirən İlham Əliyev bu mövzunun həm iqtisadi üstünlüklər baxımından, həm də regional əməkdaşlıq baxımından, həm də təhlükəsizliyi və sülhü möhkəmləndirmək üçün əhəmiyyətinə diqqət çəkdi.
Onun sözlərinə görə, "əməkdaşlıq elementləri nə qədər çox olsa, təhlükəsizlik və sabitlik o qədər güclü olacaqdır".
Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Bakıda üçtərəfli qrupun bölgədəki iqtisadi və nəqliyyat əlaqələrinin blokdan çıxarılması işinin əhəmiyyətindən danışdı.
Bu həftə iki ölkənin yüksək vəzifəli şəxsləri və yüksək rəhbərliyinin nümayəndələrinin iştirak etdiyi sıx Rusiya-Azərbaycan təmasları fonunda hər hansı bir təxribatın, Moskva və Bakının arasını vurmaq cəhdinin olduğunu göstərən başqa bir vacib açıqlama verildi və qeyd olundu ki, Rusiyanı münaqişə tərəflərinə bərabərlik prinsipindən imtina etməyə məcbur etmək uğursuzluğa məhkum olacaqdır. Bu açıqlamanı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyanın “Arqumenty i Faktı” qəzetinə müsahibəsində verib. Vladimir Putinin Qarabağdakı müharibənin bitməsindəki, hər kəsin xatırlamalı olduğu şəxsi rolunu vurğulayan Dmitri Peskov deyib: “Azərbaycanla qarşılıqlı hörmətə əsaslanan etibarlı münasibətlərimiz böyükdür. Bunun qarşılıqlı fayda gətirən çox cəhətləri var. Ermənistanla da tarixən yaxşı münasibətlər mövcuddur. Ermənistana əhəmiyyətli fayda verən çox sayda inteqrasiya prosesimiz var. Həm siyasi, həm iqtisadi".
Qarabağın dünənki qaynar nöqtədən çoxtərəfli əməkdaşlıq platformasına çevrildiyini göstərən bütün bu çoxsaylı siqnalların Müstəqil Dövlətlər Birliyinin şərq cinahındakı qonşu dövlətlərin- keçmiş Sovet respublikalarının nəzərindən kənarda qalmadığı açıqdır. Həmçinin, Yaxın Şərqin aparıcı dövlətləri- Türkiyə və İranın da.
Qarabağın bərpasına maraq göstərən Avropa şirkətlərinin ardınca Türkdilli və İslam dünyasının dövlətləri də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının zirvəsi və "Asiyanın Qəlbi - İstanbul Prosesi” konfransında təsdiqlənən regional layihələrdə iştirakının əhəmiyyətindən bəhs etdilər.
Prezident Əliyev Türk Şurası sammitindəki çıxışında Bakının artıq Naxçıvanı Türkiyə, Orta Asiya və Avropa ilə birləşdirən nəqliyyat dəhlizinin yaradılması üzərində işə başlandığını bildirdi.
Həmkarlarına, Ermənistanın Rusiya ilə dəmir yolu əlaqəsi olmadığını, bu əlaqənin Azərbaycan ərazisindən keçə biləcəyini və Ermənistanın qonşu İranla dəmir yolu əlaqəsi olmadığını xatırladaraq Prezident İlham Əliyev dedi: “Bu, Naxçıvan ərazisi ilə mümkündür. Azərbaycan Naxçıvan Muxtar Respublikasının ərazisi ilə Türkiyə ilə əlaqə qurur, Asiya və Avropa əlaqələndirlir. Yeni nəqliyyat dəhlizi yaradılır. Əminəm ki, tərəfdaş ölkələr bu fürsətdən istifadə edəcəklər”.
Xatırladaq ki, 2009-cu ildə yaradılan Türk Şurası müasir türkdilli ölkələri birləşdirən beynəlxalq bir təşkilatdır. Məqsədləri kimi hərtərəfli regional əməkdaşlığın inkişafını elan edən şuraya Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan daxildir.
Görünən odur ki, Ermənistan rəhbərliyi də regional nəqliyyat kommunikasiyalarının ən qısa müddətdə blokdan çıxarılmasının vacibliyindən danışır. Bu həftə ölkənin Təhlükəsizlik Şurasının iclasında çıxış edən Baş nazir Nikol Paşinyan İrəvandakı opponentlərinə Ermənistanın uzunmüddətli mühasirəsinin bölgədən uzaqlaşmasına səbəb olduğunu xatırlatdı və əməkdaşlıq məntiqinə hazır olmağa çağırdı.
"Ermənistanın mənafelərinə əsaslanan qərarlar qəbul etməliyik ki, bu da ölkənin uzunmüddətli və sabit inkişafını təmin edəcək, eyni zamanda bizim məsuliyyət dairəmizdə olan bölgənin sabit və uzunmüddətli inkişafını təmin edəcəkdir",- Nikol Paşinyan deyib. Qeyd edək ki, Nikol Paşinyan bu həftə Ermənistanın Armavir bölgəsinə işgüzar səfəri zamanı açıqlama verib. “İrana və Rusiyaya gedən dəmir yollarımız Azərbaycandan keçir. Ola bilməz ki, əməkdaşlıq etmədən onların ərazisindən hansısa bir yolla keçək, çünki o yollar bizim deyil. Yolları qarşılıqlı istifadə etməli olduğumuz qərarlar qəbul etməliyik. Bəli, bölgədə düşmənlərimiz var, amma onları düşmən saymadığımız müddətcə problem olmayacaqdır. Bölgədə Ermənistan ətrafında əlverişli bir atmosfer yaratmalıyıq. Bunun üçün də bölgəyə baxışımızı dəyişdirməliyik".
Bu arada Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının zirvə toplantısının liderləri regional əməkdaşlıq üçün geniş imkanlardan bəhs ediblər. İlham Əliyev zirvədəki çıxışında Qarabağdakı müharibə bitdikdən sonra ən vacib yeni fürsətlərin nəqliyyat, xüsusən də yaradılması sürətlə davam edən Zəngəzur dəhlizinin yaradılması fikrini dilə gətirdi: “İndi qədim Azərbaycan diyarı Zəngəzur Türk dünyasını birləşdirən rol oynayacaq. Zəngəzurdan keçən nəqliyyat, rabitə, infrastruktur layihələri bütün Türk dünyasını bir araya gətirməklə yanaşı, Ermənistan da daxil olmaqla digər ölkələr üçün əlavə imkanlar yaradacaq”.
Öz növbəsində Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev Qarabağda hərbi əməliyyatların dayandırılmasına dair razılaşmanın Xəzər dənizinin nəqliyyat potensialı baxımından əhəmiyyətini artıracağına inanır.
Nazarbayevin sözlərinə görə, Bakı ilə İrəvan arasında əldə olunan sülh razılaşması bu istiqamətdə Böyük İpək Yolunun dirçəlməsinə imkan verəcək ki, bu da Xəzərin rolunu artıracaq. “Bu, ölkələrimiz üçün Çinin “Bir qurşaq-bir yol” təşəbbüsündən səmərəli istifadə etmək üçün yeni imkanlar açacaqdır. Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi Avropa ilə Asiya arasında ən təhlükəsiz və ən qısa ticarət yoluna çevrilir”- o dedi.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev öz növbəsində İlham Əliyevi “tarixi ədalətin bərpası” və Qarabağın Azərbaycana “qayıtması” münasibətilə təbrik etdi, ölkəsinin ərazidəki qədim abidələrin, mədəni və maarif yerlərinin bərpasına töhfə verməyə hazır olduğunu bildirdi.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Türk Şurasının zirvəsində Qarabağdakı türk abidələrinin qorunması və dirçəldilməsində Azərbaycana dəstəyin davam etdirilməsinin vacibliyindən danışdı. O, 2-ci Qarabağ müharibəsindən sonra Azərbaycanın nəzarətinə keçən və ölkənin mədəni paytaxtı elan edilən simvolik şəhər olan qədim Şuşanı ziyarət etmək niyyətində olduğunu da bildirdi. "Biz Ramazandan sonra yaxın gələcəkdə yeni bir qeyd etmə hissi yaşaya biləcəyimiz Şuşanı ziyarət edəcəyimizi gözləyirik"- deyən Ərdoğan, Paşinyanın Şuşada rəqs etdiyi vaxtdan bəri çox suların axdığını xatırlatdı.
Nəhayət, bölgənin sülh yolu ilə yenidən qurulması bu həftə Düşənbədə keçirilən “Asiyanın Ürəyi - İstanbul Prosesi” konfransında da müzakirə edildi. Tacikistanın paytaxtında Qarabağla bağlı üçtərəfli bəyanatların icrası Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və iranlı həmkarı Cavad Zərif tərəfindən müzakirə edildi.
Azərbaycan XİN mətbuat xidmətinin açıqlamasında qeyd olunur ki, tərəflər Azərbaycanın nəzarətinə keçən Qarabağ ərazilərində bərpa işləri barədə fikir mübadiləsi aparıblar. Eyni zamanda Cavad Zərif qeyd edib ki, "İran şirkətləri azad edilmiş ərazilərin minalardan təmizlənməsində və orada yenidənqurma işlərində iştirak etməyə hazırdır"..
Beləliklə, Qarabağ Rusiyanın və Türkdilli və İslam dünyası dövlətlərinin iştirakı ilə tam hüquqlu çoxtərəfli əməkdaşlığın vitrininə çevrilməklə genişmiqyaslı beynəlxalq bir layihəyə mərkəz olur. Uzun illərdir durğun olan Qarabağ bölgəsi qonşuları birləşdirən körpüyə çevrilir- həm Qərbi, həm Şərqi.
Tərcümə - Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Ermənistan-Azərbaycan, ərazilərin işğaldan azad olunması haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi” istiqaməti çərçivəsində hazırlanıb