Bütün dünyaya növbəti mesaj...
Prezident İlham Əliyev: “Tarixi bərpa edirik. Şuşada bərpa işlərinə start verilir”
Prezident İlham Əliyev aprelin 5-də öz sosial media profilində Şuşada bərpa işlərinə start verilməsi ilə bağlı paylaşım edib: “Tarixi bərpa edirik. Şuşada bərpa işlərinə start verilir”. Paylaşımda qeyd edilir ki, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, Molla Pənah Vaqifin büstü, Şuşanı salan Pənahəli Xanın sarayı, XIX əsrə aid Karvansaray tarix-memarlıq kompleksi, Şuşa Dövlət Rəsm Qalereyası, Şuşa Xalça Muzeyi, Realnı məktəbi, məscidlər, “Qarabağ” mehmanxanası, Şuşa sanatoriyası və bulaqların bərpa işlərinə start verilir.
Bəli, 44 gün ərzində 30 il işğalçı Ermənistanın əsarətində olan torpaqlarımızı Ali Baş Komandanımız, Prezident İlham Əliyev cənablarının “Dəmir yumruq” siyasəti altında Müzəffər Ordumuzun rəşadətli əsgər və zabitlərinin şücaəti ilə işğaldan azad etdi. Və torpaqların sahibləri öz torpağına sahib oldu. Hazırda Azərbaycan dövlətinin qarşısında duran prioritet məsələ işğaldan azad edilmiş ərazilərin bərpasıdır. Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Novruz bayramı ərəfəsində və Novruz bayramı günü işğaldan azad olunmuş Füzuli, Xocavənd və Şuşa şəhərində olması bir daha göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin işğaldan azad olunmuş əraziləri qısa zaman kəsiyində bərpa etməsi üçün önündəki yeganə maneə zamandır. Zamanla bütün Qarabağ abadlaşacaq, buna isə heç kəs maneə ola bilməz.
“Biz nəinki Şuşanı, azad edilmiş bütün torpaqları bərpa edəcəyik”
Prezident İlham Əliyev Novruz bayramı zamanı Şuşadan xalqa müraciət edərək bildirmişdi ki, ermənilər 30 il bizim torpaqlarımızı dağıdıblar. Biz isə bu torpaqları bərpa edəcəyik, çünki bu torpaqların sahibləri bizik - Azərbaycan xalqıdır: “Biz Şuşanı bərpa edəcəyik, mütləq bərpa edəcəyik. Artıq bərpa işlərinə start verildi. Bu gün Şuşada olarkən artıq verdiyim tapşırıqların yerinə yetirilməsi ilə tanış oluram. Biz nəinki Şuşanı, azad edilmiş bütün torpaqları bərpa edəcəyik. Quruculuq işləri başlamışdır, infrastruktur layihələrinə start verilmişdir. Ziyanın hesablanması aparılır, şəhərlərin baş planları hazırlanır. Birinci növbədə, Ağdam şəhərinin və Ağdam rayonunun bütövlükdə baş planı hazırlanır, onun ilkin versiyası mənə təqdim edildi. Mənim tapşırıqlarımı nəzərə almaq şərtilə indi bunun üzərində iş gedir və yaxın gələcəkdə baş plan təsdiq olunacaq. Ondan sonra bərpa işləri azad edilmiş bütün torpaqlarda başlanacaq. Ermənilər 30 il bizim torpaqlarımızı dağıdıblar. Biz isə bu torpaqları bərpa edəcəyik, çünki bu torpaqların sahibləri bizik - Azərbaycan xalqıdır”.
Füzulidən Şuşaya Zəfər yolu
44 günlük müharibədən sonra azad olunan torpaqlardakı vəziyyət bir daha onu göstərdi ki, Ermənistan işğalçı, faşist, terrorçu, vandal dövlətdir. Yaşayış məntəqələrini yerlə-yeksan etmələri, tarixi irsimizi silmək istiqamətində var gücləri ilə çalışmaları, bir daha ermənilərin anti-humanist əməlləri o qədər sərhəd tanımayıb ki, 30 il ərzində onlar bütün bulaqlarımızı qurudublar. Azərbaycan dövləti işğaldan azad olunmuş torpaqlardakı mədəni irsimizin bərpası istiqamətində işlərə artıq start verib. Dövlət başçımızın dediyi kimi, artıq Şuşada bərpa işlərinə start verilib.
Qeyd edək ki, Vaqifin məqbərəsində bərpa işlərini Heydər Əliyev Fondu öz vəsaiti hesabına icra edəcək. “Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan mövcud deyil» deyən dövlət başçımız həm Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, həm də bu torpaqların azad edilməsi istiqamətində canlarından keçən bütün şəhidlərimizin ruhu şad olacaq. O ruhları öz yüksək humanist əməlləri ilə şad edən Azərbaycan xalqının mübariz oğlu Prezident İlham Əliyevdir.
Və bu gün icra edilən ən əsas layihə isə yol infrastrukturunun qurulmasıdır. Füzuli-Hadrut avtomobil yolunun inşası azad edilmiş ərazilərin bərpası üçün böyük əhəmiyyətə malikdir. Hazırda Füzulidən Şuşaya Zəfər yolu çəkilir. Bununla yanaşı, Bərdə-Ağdam yolunun tikintisi də yaxın gələcəkdə reallaşacaq. Eyni zamanda, Horadizdən Zəngilana qədər yol çəkiləcək. Səfər çərçivəsində eyni zamanda Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolunun təməli qoyuldu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva martın 16-da Şuşa şəhərində olarkən bildirmişdi ki, «dünən Azıxdan çıxdıq Şuşaya gəldik. Yollar hələ ki, çox bərbad vəziyyətdədir, çünki yol yoxdur, Zəfər yolu ilə gəlmişdik. Hələlik, ancaq torpaq yoludur, çünki havalar soyuq keçir, asfalt döşəmək mümkün deyil”.
Hər kəs Ali Baş Komandana inanırdı
“Gün gələcək və bu gün hələ də işğal altında olan bütün torpaqlarda Azərbaycan bayrağı qaldırılacaq”. Prezident İlham Əliyev bu sözləri 3 il əvvəl, 2018-ci il aprelin 11-də keçirilən seçkilərdə ona göstərilən böyük etimada görə xalqımıza müraciətində demişdi. Prezident İlham Əliyevin çıxışlarında bu məzmunlu ifadələr çoxdur. Çünki dövlət başçısının hər bir çıxışında, görüşlərində, müraciətlərində, təbriklərində torpaqlarımızın işğaldan azad olunması məsələsi prioritet idi. İlham Əliyev hər zaman bəyan edirdi ki, danışıqlar nəticəsiz qalacağı təqdirdə güclü Azərbaycan Ordusu öz sözünü deyəcək.
Artıq bu gün “gün o gün gələcək” ifadəsi reallığa çevrilib. Xalqımız o günün mütləq yetişəcəyinə, bayram tonqallarının Qarabağda qalanacağına əmin idi. Çünki hər kəs öz rəhbərinə, Ali Baş Komandana inanırdı. 44 günlük Vətən müharibəsində qazanılan böyük Qələbə o günü yetişdirdi və İlham Əliyev xalqımıza builki Novruz təbrikini Şuşadan ünvanladı: “Biz bu il Novruz bayramını Şuşada, Cıdır düzündə qeyd edirik. Bu, tarixi hadisədir. 2004-cü ildən başlayaraq, hər il mən Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən deyirdim ki, biz öz doğma torpaqlarımıza qayıdacağıq. Deyirdim ki, biz ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik. Deyirdim ki, biz Novruz bayramını torpaqlarımız işğaldan azad olunandan sonra Qarabağda qeyd edəcəyik və bu gün gəldi. Bu gün biz Novruz bayramını qədim şəhərimizdə, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada qeyd edirik. Bu, tarixi hadisədir”.
RƏFİQƏ KAMALQIZI