“Rusiya dövlət başçısı “Mehri dəhlizi"nin açılmasında maraqlıdır” ÖZƏL-MÜNASİBƏT
"Rusiya prezidenti V.Putinin dəvəti ilə onun qəbuluna gələn N.Paşinyanın əsas məqsədi Ermənistanda keçiriləcək parlament seçkiləri ərəfəsində Kremlin xeyir-duasını almaq idi. Seçkilərdə əsas rəqibi olacaq R.Koçaryandan bir neçə gün sonra Moskvaya gələn Baş nazir görüşün açıq hissəsində Rusiyanı maraqlandıra biləcək layihələrin bir neçəsini sadaladı". Bunu ANAP-ın sədri Abutalıb Səmədov "Səs" qəzetinə açıqlamasında deyib.
Onun sözlərinə görə, Qarabağdakı rus sülhməramlılarının fəaliyyətini təriflədi, "təslim aktı"nı imzaladıqdan sonra regionda sabitliyin yaranmasında prezident Putinin xüsusi xidmətini qeyd etdi, hərbi əməkdaşlığı genişləndirmək, Qarabağ məsələsinin həlli barədə fikir mübadiləsi aparmaq zərurətindən danışdı, Rusiyaya Ermənistanda yeni atom elektrik stansiyası tikməyi təklif etdi: "Seçkilər ərəfəsində Ermənistan ictimaiyyətini narahat edən "hərbi əsirlər" məsələsini yenə də gündəliyə gətirdi və şikayət etmək imkanını əldən buraxmadı. Görüşdə "Sputnik-V" vaksini ilə əlaqədar maraqlı fikir mübadiləsi oldu. Ermənistanın peyvənd kimi istifadə etdiyi "AstraZeneca"dan iki dəfə baha olmasına baxmayaraq 1 milyon "Sputnik-V" istədiklərini deyən Baş nazir Rusiyanın cəmi 15 min vaksin göndərdiyini qeyd etdi. Bununla, sanki hərbi əməliyyatlar dövründə Ermənistana tələb olunan hərbi yardımın da bu nisbətdə göndərildiyini xatırlatmaq istədi".
A.Səmədov onu da bildirib ki, Prezident V.Putin regionda iqtisadi əməkdaşlığın və kommunikasiya xətlərinin açılmasının vacibliyini söyləməklə, bu barədə Moskvada imzalanmış sənədin icrasını ləngitmək cəhdlərinin yolverilməz olduğunu onun diqqətinə çatdırdı və bu məsələdə Rusiyanın xüsusilə maraqlı olduğunu qeyd etdi: "Bu bəyanat Rusiyanın əli ilə "revanşa" ümid edənlərə açıq şəkildə "xam xəyallardan əl çəkin və onsuz da ağır vəziyyətdə olan Ermənistan iqtisadiyyatını tamamilə darmadağın etməyin" ismarıncı idi. Rusiya dövlət başçısı "Mehri dəhlizi"nin tezliklə açılmasında nə qədər maraqlı olduqlarını bir daha həm N.Paşinyanın, həm də erməni ictimaiyyətinin diqqətinə çatdırdı. Ümid etmək olar ki, bu bəyanat ermənilərin günahı üzündən bir qədər zəifləyən işlərin sürətlənməsinə və nəzərdə tutulan kommunikasiyaların vaxtında açılmasına imkan verəcək.
"Təslim aktı"nın 4-cü bəndində qeyd olunan-erməni silahlılarının Azərbaycan ərazisindən çıxarılması tələbi çox təəssüf ki, həm rus sülhməramlıları, həm də onun icrasını təmin etməli olan Monitorinq Mərkəzi tərəfindən icra olunmur. Nə hər gün işləri barədə hesabat verən sülhməramlılar, nə də onların fəaliyyətinə nəzarət etməli olan Monitorinq Mərkəzi bu barədə informasiya vermək "əziyyətinə qatlaşmaq" istəmirlər.
Bu səbəbdən Moskva görüşünün erməni silahlılarının ərazimizdən çıxarılmasına müsbət təsir edəcəyini güman etmirəm".