Haber Global: “İskəndər M” raketi asan şəkildə terrorçuların əlinə düşə bilər”
Türkiyənin Haber Global telekanalı “İskəndər M” raket kompleksinin 44 günlük Vətən müharibəsində istifadə edilməsi ilə bağlı süjet hazırlayıb. Materialda bildirilir ki, Azərbaycanın ANAMA minatəmizləmə agentliyi bu yaxınlarda Şuşada “İskəndər M” raketinin qalıqlarını aşkar edib.
“Ermənistan ixracı qadağan olunmuş bu silahı necə əldə edib? Bir neçə gün əvvəl ANAMA raketin qalıqlarını bütün dünyaya nümayiş etdirdi. Orada 9M723 seriya nömrəsi yaxşı görünür. Yəni Şuşa istiqamətində atılan raket “İskəndər M”dir, “İskəndər E” deyil”, Haber Global materialında bildirir.
"Beynəlxalq konvensiyalara uyğun olaraq 300 km radiusunda hədəfləri məhv edən bu raketlərin ixracı qadağan edilib"
Telekanal daha bir məsələni açıqlayaraq qeyd edir ki, Rusiya Ermənistana qadağan olunmuş raketləri ötürübsə, demək ki, beynəlxalq konvensiyaları kobud şəkildə pozub və Şuşada aşkar edilən qalıqlar da həmin məsələni kifayət qədər ehtiva etməkdədir.
“Bu, çox vacib detaldır, çünki “İskəndər M” yalnız Rusiya üçün istehsal edilir və onun ixracı qadağandır”, deyə hazırlanan süjetdə vurğulanır və xatırladılır ki, beynəlxalq konvensiyalara uyğun olaraq 300 km radiusunda hədəfləri məhv edən bu raketlərin ixracı qadağan edilib.
Bundan əlavə, onlar 500 və daha artıq km məsafədəki hədəfləri də məhv etmək qabiliyyətinə malikdirlər. Eyni zamanda, xatırlanır ki, 2016-cı ildə Ermənistana “İskəndər-E” tipli raketlər verilib”, adıçəkilən türk TV-si qeyd edir.
“Bütün dünya təhlükə altında qala bilər”
“Lakin necə alına bilər ki, Şuşa şəhərinin ərazisində məhz “İskəndər M” raketlərinin qalıqları müəyyən edilib? Azərbaycanın ərazisinə onları kim və haradan atıb? Hələ ki, Rusiya tərəfindən bu suala dəqiq cavab yoxdur. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, bu barədə məlumatlı deyil. Onun sözlərinə görə, mövcud sistemlər Qarabağda istifadə edilməyib. Əgər Rusiya Ermənistana “İskəndər M” raketlərini verməyibsə, bu zaman raketlər necə onların əllərinə keçiblər? Yoxsa onlar Ermənistana qeyri-qanuni yollarla çatdırılıb? Əgər bu həqiqətən də belədirsə, bu zaman bütün dünya təhlükə altında qala bilər. Ona görə ki, bu silah terrorçuların əlinə asan şəkildə düşə bilər” adıçəkilən kanalın süjetində vurğulanır.