Xalqın uğur simvoluna çevrilən LİDER
2003-cü il oktyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizə dövlət başçısı seçilməsindən 17 ildən artıq vaxt ötür. Xalqımız 2008-ci il oktyabrın 15-də, 2013-cü il oktyabrın 9-da və 2018-ci il aprelin 11-də keçirilən prezident seçkilərində də Ulu Öndər Heydər Əliyev siyasətinin layiqli davamçısına, əmin-amanlığa, tərəqqiyə və quruculuğa səs verdi. 2003-cü ildən etibarən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti, məqsədyönlü islahatlar proqramı ölkəmizin bütün sahələrdə yeni nailiyyətlərlə müşahidə olunan sürətli inkişaf mərhələsinə qədəm qoymasına səbəb olub. Azərbaycanın uğurlu inkişafı təmin edilib və qarşıda duran bütün əsas vəzifələr uğurla icra edilib. Bunun təməlində düşünülmüş siyasət, həyata keçirilən islahatlar və dövlət proqramları dayanır. Ötən dövrdə uğurlu inkişaf tarixini yaşayan Azərbaycanda həyata keçirilən kompleks islahatlar, geniş quruculuq işləri və yaradılan güclü iqtisadiyyat Azərbaycanın əsas inkişaf göstəriciləridir. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının qəbulu və qarşıya qoyulan vəzifələrin uğurlu icrası nəticəsində abadlaşan bölgələrimiz, inkişaf edən ölkəmiz Azərbaycanın dinamik inkişafının göstəriciləridir.
Prezidentin müntəzəm olaraq bölgələrə etdiyi səfərlərdə yeni obyektlər açılır, infrastruktur layihələri icra olunur. Elm və təhsilə, səhiyyəyə, hərbiyə, mədəniyyətə, sosial-iqtisadi məsələlərə, bir sözlə bütün sahələrə dövlət başçısının xüsusi diqqəti və qayğısı müşahidə olunur.
Ötən on yeddi il, aydın şəkildə göstərdi ki, İlham Əliyev Prezidentliyi dövründə ölkənin həyatının bütün sahələrində verdiyi vədlərin hamısını yerinə yetirmiş və sosial problemləri həll etmişdir. Son 17 ildə həyata keçirilən iqtisadi siyasətin əsasən, sosialyönümlü mahiyyət daşıması bir sıra reallıqlarla şərtlənərək, cəmiyyətin sosial sifarişini əks etdirmişdir. Aztəminatlı vətəndaşların sosial müdafiəsi, istehsalçı və istehlakçının maraqlarının uzlaşdırılması Cənab İlham Əliyevin prezidentlik dövrünü səciyyələndirən prioritet istiqamətlərdən biri kimi diqqəti çəkir.
AZƏRBAYCAN MÜASİR DÖVRÜN QLOBAL ÇAĞIRIŞLARINA DƏSTƏK VERİR
Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində, ölkə iqtisadiyyatının mühüm sahəsi olan qeyri-neft sektorunun inkişafında, eləcə də, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində mühüm rol oynayan kənd təsərrüfatının dinamik və dayanıqlı inkişafının təmin edilməsi istiqamətində davamlı işlər görülür. Neft kapitalının insan kapitalına çevrilməsi strategiyasına uyğun olaraq, humanitar sahələrin inkişafı istiqamətində gərgin iş aparılıb. Təhsil sisteminin daha da təkmilləşdirilməsinə dair tədbirlər həyata keçirilib, dünyanın mötəbər universitetlərində minlərlə Azərbaycan gəncinin təhsil alması üzrə Dövlət Proqramı gerçəkləşdirilib, yeni universitetlər açılıb, təhsildə özəl sektor formalaşıb.
Müasir dövrün qlobal çağırışlarına dəstək verən Azərbaycan dünya dövlətləri və beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq imkanlarına malikdir. Müstəqil Azərbaycanın yürütdüyü siyasət ölkəmizin etibarlı və strateji tərəfdaş kimi nüfuzunu beynəlxalq aləmdə yüksəldib və dünya birliyinin ayrılmaz hissəsinə çevirib.
Bu gün, məhz uğurlu iqtisadi inkişaf strategiyasının nəticəsidir ki, Azərbaycan modeli dünyada tanınır və qəbul edilir. Bütün bu və ya digər amillər müstəqillik dövründə Azərbaycanın əldə etdiyi nailiyyətlər - tarixi gerçəklikləridir. Müasir Azərbaycanda nəhəng enerji layihələri, ölkənin hər yerində abadlaşma, müasirləşmə, ölkənin dünyada tanınması və milli maraqlara xidmət edən çoxsaylı tədbirlər gerçəkləşib. Həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində, Azərbaycan regionun ən güclü və nüfuzlu dövlətinə çevrilib. Ölkəmizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə qəbul olunması onun dünya miqyasında artan nüfuzundan və uğurlu xarici siyasətindən xəbər vermiş oldu. Dünyanın 155 ölkəsi Azərbaycana səs verdi. Əlbəttə, xalqımız görülən işləri, əldə olunan nailiyyətləri hər zaman dəyərləndirir və ən yüksək səviyyədə qiymətləndirir.
QARABAĞIN MƏNFUR DÜŞMƏNLƏRDƏN, İŞĞALÇI ERMƏNİLƏRDƏN AZAD OLUNMASI GERÇƏKLƏŞDİ
Son illər ölkəmizin iqtisadi qüdrətinin artması milli ordumuzun möhkəmlənməsinə də geniş imkan yaradıb. Dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclərin dəfələrlə artırılması ordumuzun bütün istiqamətlər üzrə potensialının yüksək səviyyəyə çatdırılmasına yol açıb. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin modernləşdirilməsi, müasirləşdirilməsi, eləcə də, maddi-texniki bazasının ən müasir standartlar səviyyəsinə çatdırılması sahəsində kifayət qədər əhəmiyyətli işlər reallaşdırılıb. Məhz bunun nəticəsidir ki, Azərbaycan Cənubi Qafqaz regionunda ən güclü orduya malik ölkə statusunu daşıyır. Bu gün Azərbaycanda istehsal olunan bir çox hərbi məhsullar ordumuzun potensialının gücləndirilməsində əsas amillərdən biridir. Ölkənin hərbi qüdrəti və üstünlüyü 2016-cı ilin aprel döyüşlərində nümayiş etdirildi. Bu hərbi əməliyyatlar ən müasir hərbi texnika ilə təchiz edilmiş Azərbaycan Silahlı Qüvvələrinin döyüş əməliyyatlarında real üstünlüyə malik olduğunu nümayişi oldu. Vətənə, dövlətə bağlı olan Azərbaycan Ordusu Lələtəpədə, Naxçıvanın Günnüt, Qızılqaya yüksəkliklərinə sancdığı Azərbaycan bayrağı ordumuzun hansı gücə sahib olduğunun təzahürüdür. Əlbəttə ki, Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olması ilə nəticələndi. Bir mərkəzdən idarə edilən, vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusu döyüş meydanında erməniyə dərs verdi. Mükəmməl texnologiyamız, döyüş ruhumuzun yüksəkliyi, xalq-iqtidar birliyi, həmrəylik Azərbaycanın qalib dövlət kimi adını tarixə yazdı. Tarixi qələbənin qazanılmasında Ali Baş Komandan, Müzəffər Azərbaycan Ordusudur. 44 gün davam edən Vətən müharibəsində qəhrəmanlıq göstərən vətən oğulların şücaəti, mücadiləsi milyonlarla insanlara qələbə sevincini yaşatdı. Prezident İlham Əliyevin özünün də dediyi kimi, O, ata vəsiyyətini, Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusunu – Qarabağın mənfur düşmənlərdən, işğalçı ermənilərdən azad olunmasını gerçəkləşdirdi.
Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu tarixi gündə gənclərimiz vətənpərvərlik nümayiş etdirdilər. "Mən çox şadam ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib", deyən Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, on yeddi ildir ki, mən Azərbaycanın rəhbəriyəm: "Bu illər ərzində yetişən insanlar bu torpaqları azad etdilər. Bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var, payı var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi. 2003-cü ildə 10 yaşı, 15 yaşı olanların bu gün 27-32 yaşı var. Onların məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi."
Bu gün Azərbaycan qalib dövlətdir. Xalq-iqtidar birliyi bizi zəfərə, qələbəyə apardı. Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasını ilə nəticələndi. Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə sürətli yenidənqurma və bərpa işləri həyata keçirilməkdədir. 30 il ərzində xarabazara çevrilmiş torpaqlarımızda canlanma müşahidə olunmaqdadır.
Dövlətimizin kənd təsərrüfatında, kosmik sənayedə, hərbi sənayedə, səhiyyədə, təhsildə və s. əldə etdiyi uğurlar, eləcə də, beynəlxalq səviyyədə qurduğu münasibətlər, davamlı inkişaf, məhz Azərbaycan Prezidenti İlham Əliyevin müdrik, uzaqgörən siyasətinin nəticəsidir. Cənab Prezident müdrik qərarlarıyla xalqımızın uğur simvoluna, qurucu Liderinə çevrilib.
Zümrüd BAYRAMOVA