Diaspor info təhsil eksperti İlqar Orucovun müsahibəsini təqdim edir:
- Bildiyimiz kimi, bir çox insanlar distant və onlayn təhsilin fərqini anlamır. Sizcə bunlar arasında fərq nədən ibarətdir?
- Distant təhsil Azərbaycanda pendemiya şəraiti ilə meydana gəlib. Bunun qanunverici bazasının formalaşması və bütöv bir təhsil forması olması istiqamətində işlər aparılır. Zaman-zaman distant təhsilə keçidlə bağlı çağırışlar olub. Bizim üçün pandemiyanın müsbət cəhəti bu oldu ki, distant təhsil inkişaf etdi. Lakin, hələ də internet sürəti və qiyməti ilə bağlı bir sıra problemlər var.
- Ümumiyyətlə, distant təhsil şagirdlərin biliyinə necə təsir edir?
- Birmənalı olaraq hal-hazırda təhsilin səviyyəsi kifayət qədər aşağı düşüb. Biz bunun nəticəsini buraxılış və ali məktəblərə qəbul imtahanında görəcəyik. Xüsusilə, buraxılış siniflərində təhsil alan şagirdlər repititor xidmətindən istifadə edir ki, qapanmalar bu vəziyyəti də iflic edib. Təhsil müəssisələri virus mənbəyi deyil. Lakin, bəzi məktəblərin bağlanması ilə bağlı qərar yoluxmalara görə baş tutur. Təhsil böyük dəyər olsa da, sağlamlıq daha vacibdir. Bunu da nəzərə alaq ki, təhsil müəssisələrinin qapanması ilə bağlı qərarı Təhsil Nazirliyi deyil, Operativ Qərargah verir.
- Tele-dərslərin şagirdlərə nə dərəcədə faydası var?
- Nə tele, nə də virtual məktəb platforması üzərindən keçirilən dərslər ənənəvi təhsili əvəz edə bilməz. Lakin, reallıq ondan ibarətdir ki, insan sağlamlığı hər şeydən önəmlidir. Həmçinin, onlayn təhsildə hədsiz problemlər var.
- Distant təhsil platformasında kimlər təhsil ala bilər?
- Fakt olaraq, 80 faiz şagirdlər distant təhsilə qoşulur. Distant təhsil məktəblərlə nisbətdə ali təhsil müəssisələri üçün daha məqbul sayılır. Çünki, ali təhsil müəssisələrinin tələbələri yetkinlik yaşına çatmışlardır və onların texnologiya imkanları da genişdir. Mobil operatorlar təhsilin, tələbənin yanında olub internet qiymətlərində endirim etməlidir. Ən vacib məsələ isə distant təhsildə hüquqi baza olmalıdır. Distant təhsil alan tələbələrin diplomlarının tanınması ilə bağlı ciddi problemlər var.