"Toy və yas keçirmək hər bir ailənin haqqı olan mərasimdir. Azərbaycanda koronavirus pandemiyası başladıqdan sonra, yoluxma sayı toylarda daha da artmağa başladı. Bu səbəbdən, rəsmi dairələr yas və toyları müvəqqəti qadağan edib. Məsələ ilə bağlı cəmiyyət arasında gərginlik var. Mən, sonuncu xəstə sağalana qədər toy və yas da daxil olmaqla, kütləvi tədbirlərin keçirilməsinin qəti əlehinəyəm". Bu sözləri Diaspor info-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri Aydın Xan Əbilov deyib.
Ekspertin sözlərinə görə, milli dəyərlərə əsasən, açıq hava və yaxud çadırlarda toy-nişan mərasimləri keçirmək yaxşı olardı: "Lakin, müəyyən nəzarət də olmalıdır. Məsələn, toy və nişan mərasimləri heç olmasa 100 nəfərdən artıq olmamaq, hər masada 4-5 nəfər olmaqla şərti ilə keçirilsin.Təbii ki, bunlar hal-hazırdakı qızğın dövrə yox, may ayından sonraya aiddir".
Əbilov qeyd edib ki, insanlarda "Necə olur ki, kafelərdə yeyib-içib görüşmək olur, lakin, toylara icazə olmur?" kimi haqqlı suallar ortaya çıxır: "Əgər, restoranlarda yeyib-içən kütlə arasında yoluxma olmursa, toylarda necə olur?! Hal-hazırda bəzi bölgələrdə gizli toy və yas mərasimləri keçirilir. Bu hallar, əsasən də, məmurlara aid olan istirahət mərkəzlərində baş tutur. Cəza hər kəsə şamil edilməlidir".
Aydın bəy son olaraq əlavə edib ki, toyların bu qədər ləngiməsi genofonda da təsir edir: "Koronavirus yeni evlənib izdivaca girənlərdə nəslin artırılmasına mənfi təsir edəcək. Beynəlxalq səhiyyə təşkilatı da bunları təstiq edir. Koronavirus vaxtı evlənib dünyaya xəstəlik dolu şəraitdə uşaq gətirməkdənsə, 1-2 il gözləyib sağlam övlad sahibi olmaq daha məqsədəuyğundur. Düşünürəm ki, bu bizim genefondumuza o qədər də təsir etməyəcək".