“Minalanmış ərazilərin xəritəsini təqdim etməyən Ermənistan tərəfi Azərbaycanın mülki əhalisinin hüquqlarını kobud surətdə pozur. Bu Ermənistanın hərbi cinayətlərinin daha bir nümunəsidir”.
Bu fikirləri qəzetimizə açıqlamasında Azərbaycan Respublikaçılar Partiyasının sədri Sübut Əsədov deyib.
S.Əsədov deyib ki, Ermənistanın ərazilərimizi kütləvi şəkildə minalaması ciddi problem olaraq qalmaqdadır: “Azərbaycanın azad edilmiş ərazilərinin kütləvi şəkildə minalanması problemi münaqişədən sonrakı dövrdə həm hərbi, həm də mülki şəxslərin həyatı üçün ciddi təhlükədir. Məsələni daha da çətinləşdirən isə Ermənistan tərəfinin bütün beynəlxalq konvensiyaları və qanunvericiliyi pozaraq minalanmış ərazilərin xəritəsini ölkəmizə verməməsidir”.
Partiya sədrinin sözlərinə görə, Ermənistanın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinə minalar yerləşdirməsi vaxtilə Azərbaycan hərbçiləri və mülki vətəndaşları arasında çox sayda itkiyə səbəb olub: “Bununla yanaşı, rəsmi statistikaya görə, üçtərəfli Bəyanat imzalandığı vaxtdan indiyə qədər işğaldan azad olunmuş ərazilərdə mina partlaması nəticəsində 14-ü mülki şəxs olmaqla 20 nəfər Azərbaycan vətəndaşı həlak olub, 85 nəfər isə yaralanıb”.
Qaşqay ZİYƏDDİNOĞLU