ABŞ, Rusiya Federasiyası ilə qarşıdurma üçün Ukraynanın bir tramplin olmasını istəyir. Diaspor info xəbər verir ki, bu sözləri "Həyat Uğrunda Müxalifət" partiyasının siyasi şurasının rəhbəri Viktor Medvedçuk deyib.
Şura rəhbəri vurğulayıb ki, Vaşinqtonun Donbasda sülhə ehtiyacı yoxdur və buna maraqsızdır.
"Zelenskiyə dəstək olan beynəlxalq liderlər doğru iş gördülər. Lakin tərəfdarların bu xorunda ton ABŞ tərəfindən təyin olunur. Onlar Rusiya ilə sərhəddə Ukraynanın qarşıdurma üçün bir tramplin kimi mövcud olmasını istəyirlər. Bu, ABŞ üçün faydalıdır. Onların Donbasda barışığa ehtiyacları yoxdur", deyə Medvedçuk bildirib.
Qeyd edək ki, bir qədər əvvəl Donbasda atəşkəsin təmin edilməsi üçün əlavə tədbirlər qüvvəyə minmişdi. Bu tədbirlər atəşlərin, yaşayış məntəqələrində və yaxınlığında silahların yerləşdirilməsinin, hücum və kəşfiyyat, eləcə də təxribat hərəkətlərinin tamamilə qadağan olunmasını nəzərdə tutur. Bundan əlavə, atəşkəs pozuntularına görə intizam məsuliyyəti nəzərdə tutulur. Onu qorumaq üçün tədbirləri ehtiva edən atəşkəs əmrləri münaqişə tam həll olunana qədər qüvvədə olmalıdır.
Xatırladaq ki, Zelenski, Fransa Prezidenti Emmanuel Makron ilə Parisdə 16 aprel tarixində Donbasdakı gərginlik fonunda danışıqlar aparıb. Alman kansleri Angela Merkel də danışıqlara videokonfrans vasitəsi ilə qatılıb.
Müəllif: İnam Hacıyev