QARABAĞDA QANLARIYLA TARİX YAZAN KƏNGƏRLİ ŞƏHİDLƏRİ.
Diaspor.info-nun Naxçıvan bürosu “Kəngərli Şəhidləri” silsiləsindən olan yazılarını davam etdirir. Saytımızın əməkdaşları Şəhid Qədimov Güloğlan Nurəddin oğlunun ata yurdunda olub. Kəngərli rayonu Qıvraq kəndində dünyaya göz açan Güloğlan Qədimovun hələ uşaqlıqdan hərb sənətinə böyük marağı olub. Bu maraq onu 2011-ci ildə Heydər Əliyevin adını daşıyan Naxçıvan hərbi liseyinə gətirib çıxardı. 2014-cü ildə hərbi liseyi yaxşı qiymətlərlə bitirdikdən sonra, hərbi təhsilini davam etdirmək üçün Bakı şəhərində yerləşən Heydər Əliyev adına AAHM-ə qəbul olub.
2018-ci ildə motoatıcı ixtisası üzrə Ali təhsilini başa vuran Güloğlan Qədimov Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissədə tağım komandiri kimi xidmətə başlamışdır. TTM-də Bölük komandiri hazırlıq kursunu bitirdikdən sonra 2019-cu ildə, “N” saylı hərbi hissədə bölük komandiri vəzifəsinə təyin olunmuşdur. Xidmət etdiyi zaman həmişə tələbkar, nizam-intizamlı olmasıyla seçilib. Güloğlan doğulduğu Kəngərli rayonu Qıvraq kəndində də, böyük bir hərbi hissə yerləşir. Odur ki, o hələ uşaqlıqdan bütün hərbi texnikanı yaxşı tanıyır, onların funksiyalarını əzbərdən bilirdi. Ən əsası isə həddən artıq cəsur, qorxmaz olması idi. Həmişə öndə getməyi, çətinliklərə sinə gəlməyi xoşlayırdı.
30 sentyabr 2020-ci ildə qəhrəmancasına Şəhid olan Güloğlan Qədimov “Vətən Uğrunda” medalı ilə təltif olunub.
Güloğlan Qədimovun doğulduğu evdə olan zaman onun otağının bəzədildiyinin şahidi olduq. Atası Nurəddin Qədimov da, oğlu Güloğlanla fəxr etdiyini, onunla qürur duyduğunu xüsusilə vurğuladı. Kəngərli rayonu Qıvraq qəsəbəsi qəbirstanlığında dəfn olunan Şəhidimiz Güloğlanla yanaşı digər şəhidlərimizin xatirəsini əbədiləşdirmək üçün xüsusi guşə də, yaradılıb.
Əlmaniz Ələkbərli.
Azərbaycan Yazıçılar və
Jurnalistlər Birliyinin Üzvü.
655