Böyük qələbə xalqımızın qürur mənbəyidir. 10 noyabr 2020-ci ildə imzalanmış üç tərəfli razılaşma Ermənistanın təslim kapituliyasiyasıdır. Ermənistan təslim oldu və işğal olunmuş digər ərazilər müzəffər ordumuza təslim edildi. “Qafqazın Hiroşiması” ruhlar şəhəri Ağdam 20 noyabr 2020-ci ildə işğaldan azad olundu. Xalqımız doğma Ağdamına qovuşdu.
Təəssüflər olsun ki, erməni vandalizmi Ağdam şəhərindən və digər yaşayış məntəqələrindən də yan keçməmişdi. Dağıdılmış şəhər, viran olmuş kəndlər, yandırılmış meşələr dünyada erməni faşistlərinin üzünü göstərir. 27 illik işğal dövründə ermənilər daş üstündə daş qoymamışdılar.
Sülhsevər xalqımız Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilərə ümid bəsləyirdi. Ancaq təəssuflər olsun ki, Minsk qrupu üzvləri 30 illik münaqişə dövründə ikili siyasət yeridir, hər vasitə ilə Ermənistana dəstək olurdular. Ancaq uğurlarımızın əsasında güclü dövlət və müstəqil siyasət dayanırdı. Cənab Prezident İlham Əliyevin yürütdüyü siyasət xalqımızda böyük ümidlər yaratmışdı. Biz hər an torpaqlarımızı hərbi yolla almağa qadir olmalıydıq. İllər ərzində görülmüş işlər və hazırlıq bizi addım-addım qələbəyə yaxınlaşdırdı. Zaman yetişdi və Müzəffər Ali Baş Komandanın siyasi və hərbi iradəsilə xalqımız Vətən müharibəsinə başladı.
27 sentyabr tariximizə Vətən müharibəsinin başlanması kimi düşdü. 44 gün davam edən Vətən müharibəsi Müzəffər Ordumuzun tam qələbəsi ilə tamamlandı. Hərbi qələbə bizə xarici siyasətdə də parlaq qələbə gətirdi. Artıq Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşdu. Cənab Prezident İlham Əliyevin siyasi iradəsi bu münaqişənin kökündən həll olunmasına səbəb oldu.
Böyük Qələbədən sonra yeni tarixi missiya başladı. Azad olunmuş torpaqlarımızın yenidən bərpası və köçkün olmuş vətəndaşlarımızın öz ata-baba torpaqlarına qayıtması üçün dövlətimiz tərəfindən vacib addımlar atıldı. Bütün azad olunmuş ərazilərimizdə yeni layihələr başlayıb və sürətlə davam etdirilir.
28 may Respublika günü cənab Prezident İlham Əliyev işğaldan azad olunan Ağdam rayonuna səfər etdi. Ağdam şəhərinin yenidən qurulması dövlətimizin prioritet məsələlərindən biridir. Ağdam şəhəri Baş Plan əsasında yenidən qurulacaq və bütün tarixi abidələrimizin bərpası həyata keçiriləcəkdir. Ağdam şəhəri Qarabağın bərpası üçün nümunədir. Cənab Prezidentin Ağdam şəhərinə səfəri həm də dünyaya iqtisadi qüdrətimizin nümayişi idi.
Məşhur Qarabağ atlarının vətəni məhz Ağdam torpaqlarıdır. Ağdam Atçılıq zavodu fəaliyyətini dayandırsa da yenidən qurulacaqdır. Ağdam şəhəri üçün çox önəmli və 140 illik tarixi olan 1 saylı məktəbin təməli qoyuldu. Gələcəkdə burada iş yerlərinin yaradılması üçün Ağdam Sənaye Parkının təməli qoyuldu. Bu parkın ərazisi təqribən 200 hektara yaxındır və orada yüzlərlə, gələcəkdə bəlkə də minlərlə insan işlə təmin ediləcək. Bərdə-Ağdam avtomobil yolunun təməli qoyuldu və artıq yaxın gələcəkdə yol istismara veriləcəkdir. Eyni zamanda, Bərdə-Ağdam dəmir yolunun və dəmir yolu vağzalının tikintisi nəzərdə tutulur. İmarət kompleksinin bərpası ilə əlaqədar artıq işlərə start verilir. Ağdamda İşğal muzeyi və Zəfər muzeyi konsepsiyası artıq hazırlanıb. Böyük meşə sahəsinin təməli qoyuldu. Şəhərin içində böyük bir meşə zolağı olacaq - 125 hektarlıq. Süni göl yaradılacaq, kanallar, körpülər. Bütün Qarabağ zonası “yaşıl enerji” zonası olacaq. Bütün şəhərlər “ağıllı şəhər” konsepsiyası əsasında qurulacaqdır.
Elzamin Həsənov
Xəzər rayonu 230 nömrəli tam orta məktəbin tərbiyə işləri üzrə direktor muavini