Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Biz elə bir şəhər quracağıq, elə bir Ağdam quracağıq ki, bütün dünya üçün örnək olacaqdır”
Dünya tarixi müharibələr, işğallar, geri qayıdışlar və qələbələrlə zəngindir. Bu mənada Azərbaycanın şanlı tarixinə 10 noyabr günü qızıl hərflərlə daxil olmuşdur. Həmin gün Azərbaycanın şanlı qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi idi. Belə ki, 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu istehkamları darmadağın etmiş, dayanmadan irəliləyərək 5 rayonumuzu, 4 qəsəbəmizi və 300-ə yaxın kəndimizi işğaldan azad etmiş və nəticədə düşmən məğlubiyyətini etiraf edərək ağ bayraq qaldırmağa məcbur olmuşdur. Müharibənin aktiv fazasının yekunlaşdığı gündən etibarən isə Azərbaycan dövləti dərhal bərpa-quruculuq işlərinin başlaması üçün prosesə start vermişdir. Bunun nəticəsidir ki bu gün artıq işğaldan azad olunmuş bir neçə rayonlarımızda infra struktur layihələrinin icrası başlamış və bir çox vacib addımlar atılmışdır. Atılan addımlar içərisində xüsusi əhəmiyyətli olanlardan biri isə 28 may tarixində Ağdam şəhərinin Baş Planının təsdiq olunması və şəhərin bərpası prosesinin start götürməsidir. Təbiidir ki, Respublika günündə ölkə başçısının Ağdamın Baş Planını təsdiq etməsi hər birimiz üçün əlamətdar hadisəyə çevrildi. Baş Plana əsasən Ağdam şəhərinin infrastrukturu tamamilə bərpa olunacaq və şəhərdən erməni vandalizminin izləri silinəcək.
Ölkə başçısı Ağdam şəhərinə səfəri zamanı bir neçə vacib obyektlərin təməl qoymasını həyata keçirdi və daha sonra Ağdam ictimaiyyəti ilə görüş keçirərək geniş nitqlə çıxış etdi. Prezident İlham Əliyev çıxışı zamanı bir çox məqamlara toxunaraq 44 günlük müharibədən, azad olunmuş torpaqlarda erməni vəhşiliklərinin təzahüründən, bu torpaqlarda bərpa və quruculuq işlərinin gedişatından geniş şəkildə danışaraq bir çox məsələlərə aydınlıq gətirdi. Qeyd etmək istərdim ki, cənab Prezidentin Vətən müharibəsinin nəticələri və Azərbaycan Ordusunun peşəkarlığı haqqında dediyi fikirləri hər birimizin qəlbində fərəh və qürur hissi doğurdu. Ölkə başçımız nitqində Azərbaycan Ordusunun və əsgərinin gücünü bir daha xatırlatdı və bildirdi ki, əlbəttə ki, texniki imkanlarımız müharibənin nəticələrinə ciddi təsir etmişdir. Ancaq bayrağı sancan, bayrağı ucaldan, öz sinəsini qabağa verən, ölümə gedən Azərbaycan əsgər və zabiti idi. Biz bu müharibəni, bu Qələbəni bizim qəhrəman hərbçilərimizə borcluyuq, şəhidlərimizə borcluyuq. Bəli, Ermənistanın 30 il ərzində yaratdığı “güclü”, “yenilməz” ordu bizim qəhrəman Ordumuz qarşısında sadəcə 44 gün tab gətirə bildi və beləliklə, dünya ictimaiyyətində Ermənistan ordusu haqda yaranan yenilməzlik mifi də darmadağın oldu.
Ağdam şəhərinə səfəri zamanı daha bir maraqlı məqama toxunan dövlət başçısı qeyd etdi ki, 30 ilə yaxın müddətdə gedən sülh danışıqları zamanı bir nəticə hasil olundu ki, bu danışıqlar sadəcə olaraq mövcud vəziyyətin stabil olaraq əbədi saxlanmasına köklənmişdir. Hətta bəzi ermənipərəst dairələr Azərbaycanı günahkar çıxartmağa çalışmış, bizləri işğalçı kimi qələmə vermək istəmişlər. Lakin nə Azərbaycan dövləti, nə də Azərbaycan xalqı bu vəziyyətlə əbədi olaraq barışa bilməzdi. Sülh yolu ilə məsələnin həllini istəsək də, mənfur düşmənin azğınlığı nəticəsində məsələ hərb yolu ilə öz həllini tapdı. İndi artıq müharibə sona yetib və Azərbaycan öz əzəli torpaqlarını düşmən tapdağından azad edib. Bundan sonra isə hər bir kəsin ağlına gələn ilk fikir tez bir zamanda həmin müqəddəs torpaqlara həyat enerjisini qaytarmaq, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasını təmin etməkdir. Lakin Qələbədən sonra qarşılaşdığımız mənzərə çox acınacaqlı oldu. Çünki işğal altında olan ərazilərimiz erməni vandalları, barbarları tərəfindən tamamilə dağıdılmış oradakı bütün tarixi, dini abidələrimiz məhv edilmişdi. Görünür, işğalçı ölkə bu cür addımları ilə həmin ərazilərdən müsəlman, türk izlərinin silinməsinə çalışıb. Ancaq onlar bu cür vəhşi əməllər törətsələr də oradan Azərbaycan tarixini, İslam ruhunu yox edə bilməyiblər. Bu günsə qalib Azərbaycan işğaldan azad olunmuş torpaqlarına öz tarixi ruhunu qaytarmaq üçün əməli fəaliyyətə başlayıb. 32 ildən sonra Şuşada-Cıdır düzündə “Qarabağ şikəstəsi” ilə Qarabağın ruhunun yenidən canlandığı kimi, bu gün də eyni proses Ağdamda baş verir. Prezident İlham Əliyev Ağdamda icra olunacaq layihələrdən, burada qurulacaq müəssisələrdən danışarkən sanki 27 il öncəki Ağdam gözümüzdə canlandı. İnsanların içində sülh və əmin-amanlıq şəraitində yaşadığı, qurub yaratdığı, ən böyük sənaye şəhərlərimizdən olan Ağdam. Əminik ki, bərpa-quruculuq işlərindən sonra biz yenə həmin Ağdamımıza, bu səfər daha da müasirləşmiş formada qovuşacağıq.
Bir sözlə desək Qələbədən bu günə kimi Azərbaycan Qarabağda həyatı canlandırmaq üçün var gücü ilə çalışır. Ölkəmiz qısa müddətdə bütün ərazilərini bərpa edərək soydaşlarımızın öz tarixi torpaqlarına dönməsi üçün səy göstərir. Beləliklə, biz təkcə Qarabağda deyil, regionda sülhün qarantına çevrilən bir dövlət olacağıq. Azad olunmuş torpaqların bərpası hətta bizə dost olan ölkələrin turistlərinin belə marağındadır. Şübhə yoxdur ki, bərpa-quruculuq işlərindən sonra buraya xeyli sayda turistlər gələcəkdir. Hətta bu ərazilərdə bir sıra iş adamları üçün çox əlverişli münbit şərait yaradılacaq ki, bu da onların buraya investisiya qoymaları ilə yanaşı, gəlir əldə etmələrinə də şərait yaradacaq. Bir sözlə, Azərbaycan, xüsusilə ilə də Qarabağ torpaqları bizə dost olan hər kəs üçün açıq olacaq.
Vüqar Nəsirov
YAP Pirallahı rayon təşkilatı Aparatının baş məsləhətçisi