QARABAĞDA YARADILACAQ AĞILLI KƏND LAYİHƏSİNƏ “AZTELEKOM” MMC YARITMAZ İŞİ İLƏ MANE OLA BİLƏR?
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildiyi gündən, bütün sahələrdə, o cümlədən Rabitə sahəsində də, müasirləşməyə daha çox yer verildi, islahatlar aparıldı. İş o yerə çatdı ki, Azərbaycan özünün Kosmik sənayesini təşkil edərək, “Azerspace” sputnik xidmətini də, yaratdı.
Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Naziri Rəşad Nəbiyevin təyinatı çox çətin dövrə təsadüf etdi. Ancaq görünən odur ki, illərlə yığılıb qalmış minlərlə problemləri, o, da, öz sələfi kimi həll etmək və irəliyə baxmaq fikrində deyildir.
“Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” MMC-nin” rəhbərliyi hələ də, rayonlarda ağacların üstüylə aparılan rabitə kabellərindən, internetin kəndlərin çoxunda həddən artıq zəif, vəyaxud ümumiyyətlə olmamasından xəbərsizdir. Hansı ki, karantin dövründə bütün məktəblilər bundan çox əziyyət çəkdilər. Bəlkə də, bu problemlərdən xəbəri var, sadəcə yeni nazirdən çəkinmirlər, ona görə də, rabitə xidməti bir çox rayonlarda bərbaddır.
Bir ziyalı kimi məni bir məsələ çox düşündürür, görəsən Qarabağda Ağıllı kənd yaradılarkən telekommunikasiya qovşaqları necə qurulacaq və bunu kimlər quracaq? Əgər Azərbaycanda belə mütəxəssislər vardırsa Balakən rayonuna niyə nəzarət edilmir. Kəndlərə gedən rabitə xətləri (Bedağar kəndi. Və s.) yol kənarı ağacların üstünə atılmaqla aparılır!?
May ayının 15 də “Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə, birbaşa Cənab Nazirə, Rəşad Nəbiyevə ərizə ilə müraciət etdim. Məqsədim yaşadığım Balakən rayonu Katex kəndindəki fərdi evimə telefon çəkilişi ilə bağlı idi. Əslində əsas səbəb internet problemimdir. Baş redaktor kimi burada yaşadığım üçün internetdən istifadə etmək istəyir və dövlət və dövlətçiliyə xidmətimi daha mükəmməl göstərmək istəyirəm. Bu gün 21 –ci əsirdir, gərək ki, bizim nəinki telefon çəkilişi, internet problemlərimiz dərhal öz həllini tapsın. Fərdi evim Balakən -Tiflis avtomagistral yolundan 100 metr kənarda düzənlik yerdə yerləşir. Yol kənarıyla sib kabel keçir. Yəni internetin verilməsi elə də böyük problem deyildir.
Hətta, hamı kimi sadəlövcəsinə mənim də, inandığım bir xəbər yayılmışdır ki, 250 azn civarında dəyəri olan simsiz internet aparatları artıq Balakənə gətirilib, bu aparatlar quraşdırıldıqdan sonra 10 azn -ə limitsiz internetlə təmin olunmaq mümkün olacaqdır. Ancaq sonra nədənsə həmin söhbətin də, yalan olduğu ortaya çıxdı. Yaxşı onda sual olunur, Cənab Nazir, əgər siz köklü kənd olan Katexdə bir evi internetlə təmin edə bilmirsinizsə erməni vəhşilərinin tamamilə yerlə yeksan etdiyi kəndlərdə Ağıllı kənd layihəsində necə iştirak edəcəksiniz?
Belə çıxır ki, Cənab Prezident İlham Əliyevin Ağıllı kənd layihələrini yarıtmayacaqsınız?
Mənə NRYT nazirliyinə ünvanladığım məktuba belə bir cavab gəlib. “Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” MMC-nin” rəhbərliyindən, daha dəqiq desək, Baş direktorun birinci müavini Zaman Verdiyev şanlı cavab məktubunda belə bir izahat verib:” Yaşadığınız ərazi telefonlaşdırılmadığından, hazırda müraciətinizin təmin edilməsinin mümkün olmadığını təəssüflə sizə bildiririk. Qeyd olunan ərazidə telekommunikasiya xidmətlərinin yüksək səviyyədə göstərilməsi üçün müasir növ texniki avadanlıqlar quraşdırılacaqdır. Texniki avadanlıqlar quraşdırıldıqdan sonra Cəmiyyətin Balakən Telekommunikasiya qovşağı sizə məlumat verərək, rabitə xidmətlərinin göstərilməsini təmin edəcəkdir. “
Mən adım kimi əminəm ki, Zaman Verdiyev cənablarının bu ərazidən heç xəbəri belə yoxdur. Bəlkə də, cavab məktubundan da, xəbərsizdir. Və hesab edirəm ki, günah onda deyildir. Günah Balakən Telekommunikasiya qovşağının sədri Şamil Məmmədovdadır. O, universal müdirdir. Rabitə sahəsindən başqa bütün sahələrdə “As” olduğunu desək, yanılmarıq.
Görünür yeni nazir, vəyaxudda “Aztelekom” rəhbərliyi də, icra başçıları çaldığı havanı oynayırlar. Əgər rəhbər öz işinin mütəxəssisi olarsa, o, heç vaxt ağacların başıyla rabitə xətlərini, kabellərini aparmaz. Görünür sözügedən nazirlikdə hələ də, müəyyən köhnə işlər qalır, əks halda Balakən rayon TQ-a da, Zaqatalada olduğu kimi savadlı bir mütəxəssis göndərərdilər.
Nəyisə, bu işin ikinci tərəfidir.
Çox hörmətli Baş direktorun birinci müavini Zaman Verdiyev cənabları. Sizə- mənə cavab yazdığınıza görə ayrıca təşəkkür edirəm. Ancaq, əgər bu avadanlıqlar Balakənə gətirilibsə (250 azn dəyərində simsiz internet xətləri olan avadanlıqlar) nəyi gözləyirsiniz? Niyə İnternet əsrində imkan yaratmırsınız ki, Prezidentimizə dəstək olaraq Qarabağ həqiqətlərini dünyaya daha rahat və keyfiyyətli çatdıraq?
Yerli işçilərinizi yaxşı tanıyıram, bəziləri heç Dövlətə belə xidmət etmir, insanları adi bir kiçik problemə görə dövlətdən, Prezidentdən narazı salaraq ondan həzz alırlar.
Ancaq Sizi, Zaman müəllim! şəxsən tanımadığım üçün heç nə deyə bilmərəm. Sadəcə Sizə və Rəşad Nəbiyevə onu xatırlatmaq istəyirəm ki, regiondakı nümayəndələrinizin bəziləri dolayısı ilə xalqı dövlətdən narazı salırlar. Ən azından öz inandığınız iki nəfərdən ibarət yoxlama göndərib, hər şeyə tam əmin ola bilərsiniz.
Əlmaniz ƏLƏKBƏRLİ
AZƏRBAYCAN YAZIÇILAR VƏ
JURNALİSTLƏR BİRLİYİNİN ÜZVÜ.