“Əli Kərimli və onun kimi siyasi dəllallardan artıq nə isə gözləməyinə dəyməz. Bu cür adamları siyasətçi adlandırmaq olmaz”. Bunu Diaspor info-ya açıqlamasında “Azadlıq Hərəkatçıları” Birliyinin sədri Təhmasib Novruzov deyib.
T.Novruzov bildirib ki, siyasətçi bütün fəaliyyətini ona yönəltməlidir ki, mənsub olduğu xalq, vətəndaşı olduğu dövlətin sakinləri arasında özünə nüfuz, siyasi divident qazansın: “Axı sonda, əgər hakimiyyətə gəlmək istəyirsə, bu xalq, bu ölkənin vətəndaşları ona səs verməli, onu iqtidar seçməlidir! İndiki halda, diqqət edirsinizsə, Azərbaycan xalqının və onu sevənlərin birmənalı qəbul etdikləri, təqdir etdikləri faktlara qarşı çıxır bunlar. Səbəb nədir? Səbəb odur ki, onlara xaricdən milyonları ötürən Türkiyə və Azərbaycan düşmənləri belə sifariş verir. Bir fakt deyim. 1984-cü ildən rəsmi olaraq SSRİ DTK-nın xüsusi məxfi agenti olan İsa Qəmbəri Moskva başbilənləri müxtəlif yollarla Azərbaycan xalqına sevdirməyi bacardı. Məqsəd onu hakimiyyətə gətirib Kremlin planlarını reallaşdırmaq idi. Sonda onun iç üzü ortaya çıxdı və xalq da ondan qətiyyətlə üz döndərdi. Yəni Moskva belə öz adamını hakimiyyətə gətirmək üçün ona müxtəlif yollarla divident qazandırırdı. Amma indi, görünən odur ki, xaricdəki ağaları da, özü də hakimiyyətə gəlməsinin mümkünsüzlüyünü artıq anlamış və bu iddianı yerə qoyub yalnız ölkəni qarışdırmaq, xalqın sevdiyi indiki iqtidara inamsızlıq yaratmağa çalışırlar. Xalq, millət, dövlət mənafelərı şəxsi mənafelərinə qurban verməyə hazır olan birilərindən, şəxsi intiqamına dövlətin və mənsub olduğu millətin mənafelərini qurban verməsi adi haldır. Təəssüf ki, Əli və onun kimilər anormal yol tutan siyasət dəllallarıdır”.
Müəllif: Gülyana