"Azərbaycan Silahlı Qüvvələri artıq uzun illərdir müxtəlif istiqamətlərdə öz bilik və bacarıqlarını təcrübələrini artırmaqla məşğuldurlar. Bu sözləri Diaspor info-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.
Onun sözlərinə görə, bu istiqamətdə həyata keçirilən təlimlərin əsas özəlliyi də baş verə biləcək hadisələrdən daha asan şəkildə xilas olmaq, daha asan şəkildə o vəziyyətdən çıxmaqdır: “Azərbaycan ordusu artıq mayın 24-dən Türkiyədə keçirilən “Anatolian-Phonex 2021” təlimlərinə qatıldı. Bu təlimlərin özəlliyi qeyd etdiyim kimi xilasetmə işləri ilə bağlıdır. Ordu təkcə döyüşmür, həm də mülki əhalinin və hərbi qulluqçuların evakuasiyası, xilas edilməsi, ərazidən uzaqlaşdırılması proseslərini də həyata keçirir. Bu prosesin ən çətin mərhələlərini isə Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri həyata keçirir ki, bunların da ayrıca ixtisaslara uyğun olaraq təlimlərin keçirilməsinə ehtiyac var".
Hərbi ekspert həmçinin qeyd edib ki, Azərbaycan ordusu daha da inkişaf etməkdə olan bir ordudur: “Bütün istiqamətlərdə döyüş aparmaq və həmçinin xilasetmə və bu kimi digər spesifik sahələrdə fəaliyyət göstərə bilən qoşun növlərinə, bölmələrinə ehtiyac var. Bu ehtiyacları reallaşdırmaq və təmin etmək üçün əlbəttə ki, təlimlərin üzərinə böyük yük düşür. Məhz bu təlimlərin mahiyyəti bundan ibarətdir. Azərbaycan ordusu bu gün bütün istiqamətlərdə bilik və bacarıqlarını artırmalıdır. Yalnız bu şəkildə ordumuz döyüşlərdə və digər fövqəladə hallarda hadisələrədən vəziyyəti nəzarətdə saxlamaq imkanı əldə edə bilər”.
Arzu Elsevərqızı