Nikol Paşinyanın Parisə gözlənilən səfəri barədə məlumat 2 həftə əvvəl ortaya çıxanda və bu barədə telegram kanallarından biri baş nazir vəzifəsini icra edən bu adamın ad gününü orada qeyd etmək niyyətində olduğunu bildirəndə bu xəbər o qədər gülünc görünürdü ki, hamı bunun saxta olduğu qənaətində idi. Üstəlik, nəzərə alsaq ki, Fransanın bir sıra mənbələri prezident Makronun dəvəti faktını da uzun müddət təsdiqləmədiyi məsələsi Nicolun, 1 iyun tarixində Parisə və Brüsselə səfər edərəcəyi qədər axmaqlıq və səviyyəsizlik dərəcəsini, Makronun isə buna rəvac verəcək qədər yaltaqlığını təsəvvür belə etmək kimsənin ağlına gəlmirdi.
Son bir neçə gündə Fransada yaşayan erməni diasporu dairələrindən yüzlərlə erməninin Makrona kapitulyatorla görüşməməyi və onunla birgə mətbuat konfransı keçirməməyi xahiş etdiyi barədə xəbərlər bu ölkə gündəmini zəbt etsə də bunun əksi müşadə edildi. Hətta Fransanın Erməni Təşkilatları Koordinasiya Şurasının sədri Murad Papazyan yerkir.am saytına verdiyi müsahibədə sensasiyalı bir açıqlama verərkən bildirib ki, Emmanuel Makron, səfərə seçki xarakteri verməmək üçün Paşinyana oktyabr ayından, yəni seçkilərdən sonra gəlməsini təklif edib. Ancaq buna məhəl qoymaması təsdiq edir ki, Paşinyan üçün yalnız, "erməni xalqına Fransa prezidenti ilə hələ də asanlıqla görüşə biləcəyini göstərmək" kimi bir şey vacib idi. Nikolun buna nail olmasına Makron münbit şərait yaratdısa, buna nə ad vermək olar? Bu, artıq erməniləşən Makronun kapitulyant sevgisi deyilmi?
Təbii ki, Ermənistanın təhlükə altında olduğu halda, Nikolun sırf daxili seçkiqabağı məqsədlərlə xaricə getməsi, Makronla şəkil çəkdirmək arzusu, istəyi qəbuledilməzdir. Belə qəbuledilməz davranışları Paşinyanın qəbul etdiyinin dəfələrlə şahidi olmuşuq və sanki, erməni cəmiyyətində belə bu bir o qədər təəccüb doğrmur, lakin Fransa prezidentinin bu məsələdə əlbir olması erməniləri belə qıcıqlandırdı. Yəni, Makronun ermənilərə olan yaltaqlığı, kapitulyant sevgisi elə bir həddə çatdı ki, ermənilərin özlərində belə ikrah doğurdu. Soyuducularda saxlanan erməni hərbçilərin cəsədlərini ən azından torpağa basdırmaq əvəzinə Parisə gedib Makronla şəkil çəkdirmək, şərabdan içib keflənmək, şənlənmək Paşinyan üçün ar hesab olunmadığı kimi, görünür Makron üçün də bu adi hal sayılırmış.
Paşinyan bu həqiqətən yersiz və gülünc ziyarətə niyə bu qədər ehtiyac duydu? Onun bu məsələ ilə əlaqədar açıqlaması olacaqmı? Abovyan morqunun döşəməsində tərk edilmiş, altı aydır heç kimin vecinə olmayan erməni hərbi qulluqçularının qalıqları olan plastik torbalar barədə məlumat ölkəni çox sarsıtğı bir vaxtda bu görüşə Nikol hansı dönu geyindirəcək? Suallar həddindən artıq çoxdur, amma baş nazir vəzifəsini icra edən bu adam deyəsən bunun fərqində belə deyil. Heç şübhəsiz ki, minlərlə erməni hərbçisinin ölümünü vecinə almayan biri yüzlərlə cəsədin meyitxanada, soyuducuda saxlanmasına görə, yaxud bu faktların üzə çıxdığı zamanda Makronla kef məclisinə, ad günü zövqünü almağa Fransaya getdiyinə görə vicdan əzabı çəkəcək görünmür. Sosial şəbəkələrin erməni seqmenti də belə bu fikirdədir və Nikoldan bu mərifəti, qanacağı gözləyən də yoxdur.
Hər bir halda, Nikol üçün çox arzuladığı görüş, Makron ilə görüş və ardınca da mətbuat konfransı baş tutdu. Amma sual yaranır ki, görəsən bəs Fransa prezidenti təcili səfərin seçkiqabağı kontekstini mükəmməl dərk edərək və özü də erməni mənşəli öz vətəndaşlarının istəklərini dinləmədən niyə onun istəyinə tabe oldu? Görəsən, Makron Paşinyandan, yaxud Fransa Ermənistandan asılı deyil? Bəli, bu fikirlərin heç biri məntiqi səslənmir, amma hansısa bir məntiqdən xəbər verir və suallar doğurur ki, bəs Makron niyə Paşinyana belə “sevgi” bəsləyir?
Doğrudur, Emmanuel Makronun sevgisi də, onun nifrəti də heç kimə lazım deyil və bu “sevgi” onun özünə, uzaq başı Paşinyana qalsın. Yəni, belə bir ikiüzlünün, simasızın ikiüzlü sevgisi başına dəysin və kimsəyə də lazım deyil, Paşinyan kimi səviyyəsizdən başqa. Amma, ən azından ədalət prinsplərinə, beynəlxalq normalara, beynəlxalq hüquqa, qərar və qətnamələrə kim olmasından asılı olmayaraq o da riayət etməlidir, buna borcludur. Özü də bir ATƏT həmsədr ölkələrindən birinin prezidenti olaraq daha çox borcludur. Təəssüf ki, biz də, dünya ictimaiyyəti də bunun əksini müşahidə edir.
Fransa prezidenti hərbi əməliyyatlar bitdikdən sonra təxribat törətmək niyyətində olan və tutulan erməni terrorçularını, təxribatçılarını hərbi əsir adlandırır, onların qaytarılmasını istəyir və buna görə utanmır. Hərbi əməliyyatlar bitdikdən sonra tutulan ermənilərə hansı üzlə hərbi əsir deyir Makron? Ondan sual oluna bilər ki, axı hərbi əməliyyatlar bitdikdən, baş nazirləri tərəfindən təslim, kapitulyasiya sənədi imzalandıqdan sonra erməni yaraqlıları Azərbaycan ərazilərində nə gəzirdi və bu hərbi əməliyyatdırmı? Məgər bu yekəlikdə ölkənin özünü yekə hesab edən prezidenti bunu dərk etmir? Əlbəttə dərk edir, sadəcə erməni, ələlxüsus kapitulyant sevgisindən dolayı özünü qanmazlığa vurur.
Makron bir tərəfdən də Ermənistan torpaqlarından Azərbaycan əsgərlərinin çıxarılması tələbi ilə çıxış edir. Maraqlıdır, Azərbaycan əsgərini Ermənistan torpağında hesab edirmi Makron? İşğaldan azad etdiyi torpaqlarda Azərbaycan əsgərinə Ermənistan ərazisindən çıxmaq tələbi, yaxud lap elə təklifi belə nə deməkdir? Bu, ATƏT həmsədr ölkəsi prezidentinin Qarabağ ərazisini Ermənistan torpağı hesab etdiyini etiraf etməsi deyilmi? Budurmu Fransanın ədalətli yanaşması, münaqişənin ədalətli həllinə çalışması? Fransa 30 ilə yaxın müddətdə bunu istəyibmi, yaxud tərəflər bunu gözləyibmi Fransadan, onun prezidentindən? Yaranan sualların sayı-hesabı yoxdur, amma çətin ki, Makron buna cavab vermək fikrində ola. Çünki, onun gözlərini kapitulyant sevgisi, ermənilərə olan yaltaqlığı tutub.
Görəsən, dırnaqarası “Erməni Soyqırımı” Fransa prezidentinin ağlına hardan gəlib? Ermənilərin qırğınını görüb, yoxsa bu uydurma tarixdə yanlarında olub? Bəlkə, uydurma “erməni tarixinə” əmindir? Tutaq ki, ermənilərə, onların uydurduqları tarixə inanır və buna görə belə qənaətdədir. Bəs, sual olunur ki, Makron son illər ermənilərin Dağlıq Qarabağda törətdikləri vəhşilikləri, Xocalı kimi soyqırımı, erməni vandallıqlarını axı öz gözləri ilə görüb və onlara niyə inanmır? Tutaq ki, ötən əsrin sonlarında, yəni, 30 il bundan əvvəl, prezident olmaması, yaxud hansısa səbəblərdən bunu görməmişdi və bilməyib, yaxud fərqində deyil. Bəs 44 günlük müharibə dönəmində ermənilərin Gəncə, Bərdə, Tərtər kimi Azərbaycanın dinc yaşayış məntəqələrini, cəbhədən uzaq şəhərlərini qadağan edilmiş raketlərdən atəşə tutmasını, bu səbəbdən bir neçəsi körpə olmaqla, yüzlərlə mülki insan tələfatını da görmədimi Makron? Bu terror, soyqırım deyilmi? Buna Makron niyə reaksiya vermədi?
Digər tərəfdən, Fransanın özünün müstəmləkəçilik siyasəti dünya üçün sirr deyil və törətdikləri soyqırımlar barədə də kifayət qədər məlumatlar var. Tarixi keçmişləri bir tərəfə qoyaq, son dövrlərdə Ruandada törətdiklərini unudubmu Makron? Unutmayıb. Əks halda Ruandanın paytaxtı Kiqalidə 250 mindən çox tutsinin dəfn olunduğu soyqırımı abidəsinin qarşısında çıxış edən Emmanuel Makron soyqırımına görə Ruanda xalqından üzr istəməzdi. Bəli, Ruanda dəfələrlə Fransanı 800 min tutsi və hutunun ölümünə səbəb olan soyqırımında günahlandırmaqda haqlıdır. Bu baxımdan Makronun Ruanda ilə bağlı soyqırım etirafları anlaşılandır. Sadəcə o anlaşılan deyil ki, öz ölkəsini, Fransanı belə soyqırımda günahlandıran, buna görə Ruanda xalqından üzr istəyən Makron, nədənsə erməniləri, Ermənistanı qəti şəkildə günahkar adlandırmır, əksinə, həyasızcasına tərəfini tutur. Bax buna erməniləşən fransızın erməni, kapitulyant sevgisindən, yaltaqlığından başqa nə ad vermək olar?
Müəllif: İnam Hacıyev