Ermənistanda seçki kampaniyasının əsas hissəsi ya Azərbaycanla sərhədlərdə, ya da ki, Fransada, Belçikada, Avropada, xaricdə aparılır və bu onu göstərir ki, Ermənistan yenə də dəstək qazanmaq üçün hansısa ölkələrin diqqətini cəlb etmək istəyir. Bu sözləri Diaspor info-ya verdiyi açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib.
Millət vəkili qeyd edib ki, Nikol Paşinyanın əleyhinə olan daşnaqlar da öz kampaniyalarını Fransada aparırlar, etiraz aksiyaları keçirirlər və bu onların siyasi kampaniya üsullarıdır.
“Fransa və Makronun siyasəti hansısa formada bizim bölgədə öz mövcudluğunu qoruyub saxlamaqdır və Ermənistan da onlar üçün bir alətdir. Fransa tərəfkeş olduğuna görə, Azərbaycan artıq bu ölkəni heç bir halda sülhməramlı bir nümayəndə kimi görmək istəmir və ona görə də Fransa Ermənistanla öz münasibətlərini daha da gücləndirməklə, Ermənistan vasitəsilə hansısa formada bölgədə mövcudluğunu qorumaq istəyir. Lakin, mənə elə gəlir ki, Fransa əslində bu cür siyasətlə, eyni zamanda Azərbaycana qarşı müvafiq addımları atmaqla, bu ölkə rəhbərliyində islamafobiyanın aparıcı bir fikir olduğunu nümayiş etdirir və ölkənin daxilində artıq çox ciddi xoşagəlməz istiqamətlərdə proseslər inkişaf edir.
Rasizmin, ksenofobiyanın, antisemitizmin artmağı Fransa cəmiyyətini çox ağır vəziyyətə gətirdi və mənə elə gəlir ki, bu, ən böyük səhv addımların olması sosial etirazlarla yanaşı, məhz bu istiqamətdə də etirazları artırır. Daşnakların Paşinyana qarşı olan etirazları bu siyasətin nəticəsində hətta erməni icmasında da müvafiq parçalanmalara gətirib çıxardı”, deyə Asim Mollazadə bildirib.
Müəllif: İnam Hacıyev